Elektron ədəbiyyat və sənət portalı

1000 dramın erməni dramı

Bölmə: «Aydın Yol»çular 05.12.2016

010-cu ildə Qarabağ döyüşlərində ölən Artur Qazaryanın anası jurnalistlərə deyib: “Görün, nə baş verir? Utanmırlar, yoxsul xalqdan 1000 dram yığırlar, amma əhalidən oğurladıqları pulları qaytarmaq yadlarına da düşmür. Bu vəhşilər yardım fonduna toplanmış vəsaiti də ciblərinə qoyacaqlar. İnanmıram ki, yardımlar ehtiyacı olanlara paylansın”.

Qadının sözlərinə görə, Ermənistanın baş prokuroru Artur Davtyan ölən əsgərlərin valideyinlərinin hər biri ilə ayrılıqda görüşməyə söz versə də, buna əməl etmir:

“Məgər Davytanın mənim oğlumun hansı şəraitdə ölməsindən xəbəri yoxdur? Orada hər şeyi bilirlər. Unutmasınlar, nə qədər ki sağam, oğlumun ölümünə görə qisas almağa çalışacağam. Onun qanı yerdə qalmayacaq. Mən yolumdan dönməyəcəyəm, axıra qədər gedib onların iç üzünü açacağam”.

Aksiya zamanı həmin qadın baş prokurorun müavini Armen Arutyunyana yaxınlaşmaq istəyib. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşı buna imkan verməyib. Polislər Qazaryanın oğlunun fotosunu əlindən alaraq cırıblar.

Orduda həlak olmuş hərbçi Arman Muradyanın atası Ovsep Muradyan isə bəyan edib ki, 20 il ərzində orduda nə qədər ölən olubsa, bu cinayətlərin hamısının üstü açılmalıdır. O, qeyd edib ki, bütün bu cinayətlərin başında prezident S.Sərkisyan və keçmiş müdafiə naziri S. Ohanyan dayanır.

Adının çəkilməsini istəməyən aksiya iştirakçısı jurnalistlərə bildirib: “İqtidar bizim hesabımıza varlanır, bizim hesabımıza hakimiyyətdə qalır və növbəti dəfə guya bizə “yaxşılıq” edirlər. 1000 dram məsələsini ona görə ortaya atıblar ki, bizi daha asan aldada bilsinlər. Müharibə hakimiyyət üçün əlverişlidir, çünki cinayətləri ört-basdır etmək üçün ən münasib yoldur”.

Bəli, övladlarını itirmiş valideynlərin qəzəbini anlamaq çətin deyil. Fakt budur ki, təcavüzkar Ermənistanın apardığı mənasız müharibə minlərlə insanın həyatına son qoyub, ailələri dağıdıb, ümidləri puça çıxarıb. Amma övladı cəbhədə ölmüş valideynləri bir sual da düşündürməlidir: oğlum harada və nəyin uğrunda həlak olub? Vətənini, anasını qoruyub, yoxsa yad torpaqları işğal etməyə gedib? Bəs Azərbaycanın döyüş meydanlarında şəhid olmuş övladlarının ruhu qarşısında kim cavab verəcək? Gözü yolda qalan anaların, gəlinlərin göz yaşlarına görə kim müqəssir sayılmalıdır?

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan başlamayıb. Biz ermənilər tərəfindən işğal olunmuş torpaqları qəsbkarlardan təmizləmək uğrunda mübarizə aparırıq və qalib gələcəyimizə əminik. Amma bir məsələ də var ki, Azərbaycan həmişə bu münaqişənin dinc yolla həllinə üstünlük verib. Yəni biz qan tökülməsinin, günahsız adamların qurban getməsinin əleyhinəyik.

Məlumdur ki, orduya getməmək üçün hər il Ermənistanı minlərlə gənc tərk edir. Onlar həm də ordudakı özbaşınalıqdan, əsgərlərin dözülməz xidmət şəraitindən baş götürüb qaçırlar. Hətta xəbərimiz var ki, bugünlərdə İrəvandakı erməni fəallar Azərbaycan torpaqlarında ölən erməni hərbçilərə görə prezident S.Sərkisyandan izahat istəyiblər. Lakin oğru günahını boynuna almadığı kimi, Serj də törətdiyi əməlləri etiraf etməkdən boyun qaçırır. Elə əhalidən yardım adı altında toplanan pulun da aqibəti belə olacaq. 1000 dramın yarısı Sərkisyanın cibinə gedəcək, qalanını da əlaltıları bölüşdürəcək. Çünki bu adam üçün müqəddəs heç nə yoxdur və ola da bilməz.

Azərbaycan ordusunda xidmət edən və Qarabağ uğrunda canından keçməyə hazır olan zabit Fuadın atası kimi mən də xəyalən İrəvandakı etiraz aksiyasına qoşuluram və bəyan edirəm ki, Serj, gün gələcək və sən hər iki xalqın qarşısında insanlığa qarşı törətdiyin cinayət əməllərinə görə cavab verəcəksən!

Və həmin gün uzaqda deyil!