Elektron ədəbiyyat və sənət portalı

Allah göz yaşlarına inanır

Bölmə: Ədəbiyyat 05.12.2016

Əsəd CAHANGİR

(Əvvəli ötən sayımızda)

Xatirə Nurgülün şeirlərini oxuyanda isə bu qərara gəlirsən ki, hər yerdən sıxışdırılan həmin o ilk dili tarixi dərinliklər, kosmik ənginliklər, metafizik sonsuzluqlarda axtarmaq lazım deyil. Xatirənin urbanistik mühitdə sıxılan mifoloji xatirələrində bu dilin məkanı dilsiz təbiət, zamanı əbədi indi, biliciləri uşaqlar və şairlərdir. Bu nə Genonun siryani dili, nə Marrın telepatik dili, nə də Muğannanın odər dilidir. Bu dilə, hətta Allahın özü belə qarışmır. Poeziya bu dilin son sığınacağıdır, deməklə də iş bitmir. Poeziya elə bu dilin özüdür ki var. Elə bir dil ki, onunla bir andaca həm hər şeyi deyir, həm də heç nə demirsən:

 

Ya da üzüyuxarı uzanasan,

mərkəzi küçələrin birində.

Seyr edərək ulduzları

Bir az şair olasan,

bir az uşaq.

 

Birdən

götürüb göyün gözəgörünməz qapağını

dağıdasan ulduzları aşağı...

 

Birdən... hə, əsl poeziya əvvəlcədən düşünülmüş əqli sxemdən yox, ya şüuraltı, ya da şüurüstünün yaradıcı prosesə verdiyi intuitiv impulsdan, müdrik uşaqlıqdan, ağıllı dəlilikdən, şairin özü üçün də sonacan anlaşılmayan gözlənilməzlikdən, bir sözlə, bu “birdən”dən başlanır. Elə bil ki, birdən qaranlıq otaqda elektrik düyməsini kimsə basır və hər şey bir andaca işıqlanır. Xatirənin bu şeiri də ulduzlu bir gecənin şair qəlbində yaratdığı qəfil nurlanmadan doğulub.

 

***

 

“Görəsən, kim yaratdı ikinci dili?” Dünyanın zaman və yaş mənasında sonuncu şairlərindən olan Ulucayın bu sorğusuna dünyanın birinci şairi Homerin cavabı belədir – nifaq almasını ortaya atan, araya savaş salan allahlar olub. Amma ölməzlərin savaşdan məqsədi, sadəcə ölüm deyil, onlar bir şeyi öldürürlər ki, digərini doğursunlar. Savaş ölüm-dirim mübarizəsidir, axı. 90-lardan sonra ədəbiyyata gələnlər də Qarabağ savaşından doğulublar.

“Gülləylə giliz ayrılığıdı bizimki, yəni böyük ehtimalla, ölüm deməkdir”, yaxud “unutmaq adam şaqqalamaq deməkdir” misallarında olduğu kimi, orijinal bədii manerası, sərt intonasiyası ilə seçilən Fəridə Məmmədovanın şeirləri göstərir ki, savaş, ümumən yeni yaranmaqda olan poetik qəhrəmanın artıq çölündə yox, içində gedir. Savaş onun bədii yaşam tərzi, psixoloji mövcudluq üsulu, güllə səsləri isə ürək döyüntüləridir:

 

erməni snayperindən yayınmaq üçün

pilləkənləri qaça-qaça qalxırlar

orda yaşamırlar – gülləylə yarışırlar

mən də şəhərdə belə keçirəm küçələrdən

xatirələrdən yayınım deyə...

 

Klassik ədəbiyyat ənənələri üstündə formalaşan, şeirlərini daha çox əruzda yazan Əvəz Qurbanlının marş ritmi üstə köklənən savaş şeirində isə ədəbiyyatımızın az qala unutduğu romantik vətənpərvərlik çağırışları səslənir. Diqqət edirsinizsə, biz məhz səslənir dedik, çünki ekzistensialistlərin diliylə desək, hər kəsin subyektiv zamanı var və Əvəzin daxili zamanında sözün səsi hələ batmayıb:

 

Odur! Üçrəngli Vətən bayrağı qalxıb havaya,

Ruhumu orda şəhid ruhları səslər davaya.

Yetər artıq! Bu yolu burda dayandırmalıyıq,

Vətən uğrunda Savaş məşəli yandırmalıyıq!

 

Əvəz sözün ön cəbhəsindədir, bir də var sözün arxa cəbhəsi. Əvəz idealdan danışır, sözün arxa cəbhəsinin təmsilçilərinin şeirləri isə realı göstərir. Sözün arxa cəbhəsinin əsas çoğrafi ünvanı Şəhidlər Xiyabanı, əsas mənəvi ünvanı savaşda ərini itirmiş qadınların, nişanlısını itirmiş qızların, atasını itirmiş çocuqların ürəyidir. Bu gənclərin gözündə savaş Emin Pirinin həzin notlar üstündə köklənmiş aşağıdakı şeirində olduğu kimi, güzəran sorunları içində keçən uşaqlıq xatirələri deməkdir:

 

...ayaqqabım yırtılardı

böyüyəndə ayağım.

Ayağınız böyüməsin deyə,

dua etmisinizmi heç?!

...Kişilər ağlamaz deyən anam

yerimə özü ağlardı.

göydən üç alma düşməzdi nağıllarında,

deməzdi bunu anam -

birdən ürəyimiz alma istəyər.

 

Ramil Əhməd isə birbaşa müharibədən doğulan uşaqların taleyindən yazır:

 

Hər şəhid bir ananın ümidiydi,

məryəm qızların toppuş çocuqlarının atasıydı...

Hər evdə böyüdülmüş bir əsgər şəkli qaldı

və qızlar bu şəkillərə baxıb doğdular...

Bu şəkil çocuqlar öz atalarının ögey balalarıydı...

 

Çağdaş şairlər savaşa münasibətdə sovet klassiklərindən fərqlənirlər. Özü də bu, müasir şeirin həzin intonasiyası, sakit tonu, aşağı temporitmi və tipik sovet şeirinin patetik ruhu, tribun xarakteri arasındakı fərqlə bitmir. Daha ciddi fərq ən genəl yaşam fəlsəfəsindədir.

Allah məsələsi gəncləri 60-cılar, özəlliklə də Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Bayatlı Odər üçlüyü ilə bağlayır. Ədəbiyyatımızın bir-birinə daban-dabana zidd olan iki dönəmi – ötən əsrin 20-50-ci illərinin tipik sosializmi və 60-cı illərin individualizmi iyirmi birinci əsrin şairi Alik Əlioğlunun şeirində belə barışır:

 

Biz sevgisiz ölürük...

Mən bütünlüklə atılmış körpələrəm,

Afrikada ac qalan uşaqlaram,

nadan övlad böyütmüş

kədərli qocalaram,

peşman olmuş fahişələrəm...

 

Elə istəyirəm ki, yekə bir adam,

lap yekə, ev boyda nəhəng bir adam

bizim hamımızı bağrına bassın

desin ki, ağlamayın, gəldim, Allaham!

 

Barış həmişə Allaha sevgiyə dayanır, çünki Allah bütün yaratdıqlarını özündə birləşdirən vəhdət vadisidir. Füzuli də özünün türkcə qəzəllər divanının bismillahında “vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir” deyirdi. Beləcə, Alikin şeirində təkcə sovet klassikası ilə 60-cı illər poeziyası yox, çağdaş şeirlə ilahi sevgi üstündə qərarlaşan Füzuli dünyagörüşü də bir araya gəlir. Damla dəryanı əks etdirdiyi kimi, gənc şairin şeiri bütün bu barışların görüş yerinə çevrilir. Amma Füzuli şeirinin lirik qəhrəmanından fərqli olaraq, Alikin qəhrəmanı Allahın yanına ucala bilmir. Qoy olsun, əvəzində Allahın özünün insanın yanına enməsi ehtimalı yaranır.

 

***

 

İnsan kimdir? Bədii kimlik vəsiqəsi verən poeziyanın bu sorğuya cavabı rəsmi idarələrdən fərqlidir, çünki sənət bir şey, sənəd başqa şeydir.

Gənc şairlərimizin insan haqda düşüncələri isə öz rəngarəngliyi ilə xüsusi seçilir və bu, məntiqidir. Onlar qapalı sovet cəmiyyəti yox, açıq toplum təmsilçiləri, suveren bir ölkənin vətəndaşlarıdır. 90-lardan sonra bədii fikrin sosrealizmin monopoliyasından çıxması, dürlü bədii yaradıcılıq metodlarının yaranması bu suverenliklə birbaşa bağlıdır. Amma...

Nicat Məmmədov insan haqqında modernist, Qismət isə həm də bir az postmodernistcəsinə yazır. Nicatın şeirləri mənə Ceyms Coysun dünya bədii fikrinin qəlizlik etalonu olan ünlü “Uliss” romanından da mürəkkəb gəlir və bu barədə söz açmağa yetənəyim yetmədiyini etiraf edirəm. Bu işi gələcəyin araşdırmaçılarının öhdəsinə buraxaq. Qismət isə həm özünün, həm də yöndaşlarının şeirlərinə ən dəqiq qiyməti özü belə verir:

 

İndi hər şey second hand-di.

Məsələn, televizor güzgüdən,

çilçıraq günəşdən plagiatdı.

Qarışıq pizza,

mix musiqi,

Yığma komanda əsridi,

İndi hamı bir-birinin təkrarı,

həm də əslidi.

 

Doğrudan da, şeirimizin bu qanadının əksər təmsilçilərinin yazıları azca oxu təcrübəsi olan adama hardansa, kimdənsə edilən tərcüməni, nəyinsə təkrarını xatırladır. Yəqin bu üzdən onların şeirlərinin musiqisi olmur. Bəzən bu musiqi olsa belə, artıq məlum bir mahnının bir az fərqli aranjimanı təsiri bağışlayır. Amma poeziya başqasının kitabından yox, varlıq kitabının özündən tərcümə, şair isə Allahın tərcüməçisi deyilmi? Və görəsən, eynən Dostoyevskinin İvanı kimi “Allah yoxdur, hər şeyə icazə var” deyən postmodernizmi bir qalxan kimi başına çəkmək bütün bu plagiatlara, təkrarlara... haqq qazandırırmı? Axı postmodernist olub, orijinal olmağın da örnəkləri var. Bu baxımdan uzağa gedib rus şairi D.Priqovdan danışmayacaq, çağdaş şeirimizdən Həmid Herisçini yada salacam.

Cağdaş poeziyada insanın özünüdərki və azadlıq istəyinin daha bir təzahürü feminizmdir. Bu, özgürlük dönəmində qadın emansipasiyasının öz pikinə çatması ilə birbaşa bağlıdır. Özü də öncələrdən fərqli olaraq, qadın haqlarını savunanlar kişilər yox, artıq xanımlar özləridir. Xanımların şeir yaradıcılığı ilə tanışlıq milli poeziyamız tarixində ilk dəfə qadınların  kişiləri üstələyə biləcəyi ehtimalı doğurur və istər-istəməz, “bəlkə, Böyük Ana Erası başalyır” fikrinə düşürsən. Hətta möhtəşəm Hillarinin prezident seçkilərində çoxbilmiş Trampa uduzması belə, bu fikrə önəmli xələl gətirə bilmir.

Davamı gələn sayımızda