Elektron ədəbiyyat və sənət portalı

Arxiv sənədləri nə deyir?

Bölmə: Mədəniyyət 05.12.2016

Müsəlman Şərqində “Leyli və Məcnun”la opera, “Arşın mal alan”lasa operetta janrının əsasını qoyan böyük ədib, bəstəkar və pedaqoq Üzeyir Hacıbəyovun çoxcəhətli yaradıcılığı “Koroğlu” operası ilə daha da zənginləşdi. 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil alanda yazdığı və qısa müddət ərzində dünyanın ən populyar sənət əsərlərindən birinə çevrilmiş, dünya xalqlarının 66 dilinə tərcümə edilmiş, Avropa və Asiyanın 49 ölkəsində 120 dəfə tamaşaya qoyulmuş, iki dəfə ekranlaşdırılmış “Arşın mal alan” operettası ən sevilən sənət nümunələrindəndir. Hətta Rusiya imperiyasının və Şərq ölkələrinin bir çox şəhərlərində “Arşın mal alan” adlı kafe və restoranlar fəaliyyət göstərib.

İllər keçdikcə bu ölməz sənət əsərinə maraq artırdı. Sovet hakimiyyəti illərində əsərin ekranlaşdırılmasına dönə-dönə cəhdlər edildi. Bu cəhdlərin uğursuz olması isə imperiya dönəmində operettanı öz adlarına çıxmaq istəyən ermənilərin əl-qolunu açdı. 1937-ci ildə ABŞ-da - Hollivudda “Maranafilm” kinoşirkətində “Arşın mal alan”ı erməni əsəri kimi primitiv səviyyədə çəkən rejissor R.Mamulyan filmin bütün dünyada, o cümlədən, Şərq ölkələrində nümayiş etdirilməsinə və geniş yayılmasına çalışırdı.

Bundan xəbəri olmayan M.F.Axundov adına Opera və Balet Teatrı operettanı tamaşaya hazırlayıb, 1938-ci ilin aprelində Moskvada keçirilən I Azərbaycan mədəniyyəti ongünlüyündə nümayiş etdirdi. Bu musiqili komediyaya hələ hakimiyyətdən əvvəl Bakıda tamaşa etmiş İosif Stalin yeni quruluşa da baxmış, çox razı qalmışdı. Həmin tamaşada tacir Əsgər rolunu SSRİ Xalq artisti Bülbül ifa edirdi.

Ongünlükdən dərhal sonra “Arşın mal alan”ın ekranlaşdırılması haqqında fikir yarandı. Çox güman ki, artıq Azərbaycan rəhbərliyi operettanın ABŞ-da “erməni əsəri” kimi lentə alınması barədə məlumatlı idi. Başqa bir mülahizəyə görə, Ü.Hacıbəyov Mamulyanın filminin İranda nümayişindən xəbər tutmuş, müəllif hüququnun qorunması, musiqili komediyanın Bakı kinostudiyasında çəkilişi haqqında Mircəfər Bağırova və İ.Stalinə müraciət etmiş, onların razılığını almışdı. Artıq 1939-cu ildə musiqili komediyanın ssenarisi hazırlandı, 1940-cı ildə isə Stalindən göstəriş alan Bağırov məsələ ilə məşğul olmağı respublika K(b)P MK-nın ideologiya üzrə katibi, kino komissiyasının sədri Qəzənfər Məmmədova tapşırdı. Q.Məmmədov Bakı kinostudiyasının direktoru Ş.Abbasovla məsləhətləşəndən sonra ssenarinin yazılması İmran Qasımova tapşırıldı.

Ssenarinin ilk oxunuşu 1940-cı ilin iyunun 18-də Bakı kinostudiyasında keçirildi. Oxunuşda T.Yaqubov (XDİK), B.Seyidzadə (Az.LKGİ), M.İbrahimov (İncəsənət İşləri İdarəsinin rəisi), Ə.Ələkbərov (XMK), SSRİ Xalq artisti Ü.Hacıbəyov, H.Hüseynov (SSRİ EA Azərbaycan filialı), A.İsgəndərov (Dövlət Dram Teatrı), İ.Hidayətzadə (Dövlət Opera Teatrı), M.Zeynalov (K(b) P MK Bakı Komitəsinin təlimatçısı), B.Baykov (Bakı İşçi Teatrı), Səməd Vurğun (Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri), eləcə də, Ş.Abbasov, S.Rəhimov, M.Rəfili, S.Rəhman, Əbülhəsən (studiyanın ssenari şöbəsinin rəisi), A.Quliyev, B.Meeroviç (Kinematoqrafiya Komitəsi Bədii filmlərin istehsalı idarəsinin redaktoru), A.Minski (studiyanın ssenari şöbəsinin məsləhətçisi), İ.Əfəndliyev (Bədii Şuranın katibi) və başqaları iştirak edirdilər. Ssenari, əsasən, bəyənildi, lakin bir daha işlənməsi vacib sayıldı.

Filmə quruluş vermək üçün görkəmli ekran ustası, rejissor Qriqori Aleksandrova məktub göndərildi. Bakı kinostudiyasının direktoru Ş.Abbasovun imzaladığı məktubda göstərilirdi ki, studiya “SSRİ Xalq artisti Üzeyir Hacıbəyovun məşhur və həyatsevər komediyasının süjeti üzrə “Arşın mal alan” musiqili komediyasının ssenarisini hazırlayıb”. Ş.Abbasov ssenarinin Bədii Şura tərəfindən qəbul edildiyini, SSRİ XKS yanında Kinematoqrafiya işləri Komitəsinin ümumi rəğbətinə səbəb olduğunu yazır, xahiş edirdi ki, rejissor “ssenari ilə tanış olsun, vaxtı və imkanı varsa, filmin quruluşunu öz üzərinə götürsün. Bununla Azərbaycan xalqına qardaşlıq və yaradıcılıq köməyi göstərmiş olar”. Q.Aleksandrova “təkcə komediya janrının ustası olan bir rejissor kimi yox, həm də sovet kinematoqrafiyasının yenilikçi sənətkarı, zəngin biliyi və təcrübəsinin Bakı kinostudiyasının kollektivinə böyük fayda verəcək bir şəxs kimi” müraciət etdiyini vurğulayan Ş.Abbasov yazırdı ki, “sizin gəlişiniz və film üzərində işiniz nəinki studiyamızda gözəl mühit yaradardı, eyni zamanda böyük əhəmiyyət verdiyimiz ənənələriniz və təcrübəniz kollektivimizə miras qalardı”.

Çox güman ki, ssenari ilə tanış olan Q.V.Aleksandrov təklifi qəbul etməyərək, onun yenidən işlənməsini və təkmilləşdirilməsini məsləhət görüb. Buna görə də Bakı kinostudiyasının rəhbərliyi ssenari üzərində işin İ.Qasımovdan alınıb, S.Rəhmana verilməsi haqqında qərar qəbul etdi. SSRİ XKS yanında Kinematoqrafiya işləri Komitəsi ssenari şöbəsinin rəisi Astaxova göndərdiyi 14 dekabr 1940-cı il tarixli məktubunda Bakı kinostudiyası ssenari şöbəsinin rəisi Əbülhəsən bunun səbəbini onunla izah edirdi ki, “...yol. İ.Qasımovun namizədliyini uğursuz hesab edirik, ona görə ki, o, Azərbaycan ədəbi dilini və Azərbaycan məişətini bilmir. Yol. Sabit Rəhman dramaturqdur, Azərbaycanda məşhur olan “Toy” komediyasının müəllifidir, canlı, zəngin dili ilə seçilir, kinematoqrafiya ilə tanışdır, ssenari akademiyasında oxuyub və onun “Arşın mal alan”ın ssenarisinin yazılması üçün cəlb edilməsi daha faydalı olacaq”.

Komitə tərəfindən təsdiq olunan təklif film üzərində işin sürətlənməsinə təkan versə də, ortaya çıxan müəlliflik hüququ zəminində mübahisələr yarandı. Bakı kinostudiyası “Arşın mal alan”ın ssenari hazırlığı üzrə ayrılmış vəsaitdən məsləhətçi kimi, Ü.Hacıbəyova 25.000 manat vermiş, həmin addım isə Komitənin narazılığına səbəb olmuşdu. Astaxov Əbülhəsənə göndərdiyi 29 yanvar 1941-ci il tarixli məktubunda bunun səbəbini aydınlaşdırmağı tələb edir, göstərirdi ki, “...Ü.Hacıbəyova pyesə yazılmış musiqinin müəlliflik hüququ məxsusdur. Əgər studiya filmin musiqisini, yaxud onun əvvəl yazdığı musiqini təzədən işləməyi Hacıbəyova sifariş verməyi nəzərdə tutursa, onda bu xərclər ssenari xərclərinə aid edilməməlidir. Bəstəkarın ssenari məsləhətçisi kimi cəlb edilməsi yalnız o halda məqsədəuyğundur ki, heç olmasa, ssenarinin qaralamasını yazmış olsun”. Astaxov bəstəkarla müqavilə bağlanmasını məqsədəuyğun saymır, işlərin gedişilə bağlı məlumat verməyi tələb edirdi.

Kinematoqrafiya işləri Komitəsinin 1941-ci ilin 5 fevralında Bakı kinostudiyasına göndərdiyi məktubda “Arşın mal alan” musiqili komediyasının ssenarisinin

Sabit Rəhman tərəfindən məsləhətçi A.Qlebovun və Əbülhəsənin göstərişi əsasında işlənmiş, 1940-cı il mayın 31-də tamamlanmış variantı ilə tanış olduğu qeyd edilir, göstərilirdi ki, “...birgə müzakirə zamanı ssenarinin çatışmazlıqları, xüsusilə, dramatik və kompozisiya quruluşu haqqında söylədiyimiz qeydlər nəzərə alınıb”. Məktubda komediyanın musiqi və vokal elementlərinin dəqiqləşdirilməsi, bu məsələdə bəstəkar və rejissorla işləməyin vacibliyi vurğulanırdı.

Bununla belə, ssenarinin istehsalata buraxılmasına mane olan əngəllər bir-birinin ardınca üzə çıxırdı. Son variant Azərbaycanın rəhbər orqanları – XKS-nin İncəsənət İşləri İdarəsi, MK-nin ideologiya şöbəsi tərəfindən təsdiqlənməli idi. Üstəlik, Moskvada kinematoqrafiya məsələləri ilə əlaqədar 1941-ci ilin əvvəllərində keçirilmiş müşavirədən sonra Komitə “kinokomediya üzərində işin mövzu cəhətdən fövqəladə narahatlıq doğurduğunu” Bakı kinostudiyası rəhbərliyinin diqqətinə çatdırdı, “lirik komediya olan, inqilabdan əvvəlki məişəti təsvir edən, dörd cütün toyu ilə başa çatan “Arşın mal alan” əsərinin indi çəkilməsinin nə qədər münasib olub-olmadığını müəyyənləşdirmək” məsələsi Azərbaycanın rəhbər orqanları qarşısında qaldırıldı.

Görünür, Azərbaycanın rəhbər orqanları Komitənin narahatlığına baxmayaraq, filmin istehsalata buraxılmasını məsləhət bildilər. Buna bir məsələ də təkan verdi. 1941-ci ilin ilk aylarında İrana ezam olunan aktyor Kazım Ziya qayıdanda Ü.Hacıbəyova ermənilərin öz adlarına çıxıb, ABŞ-da çəkdikləri filmi orada nümayiş etdirdiklərini xəbər verdi. Bu faktı Azərbaycan rəhbərliyinə çatdıran bəstəkar lentin tezliklə istehsalata buraxılması haqqında tədbir görülməsini xahiş etdi.

Ü.Hacıbəyova komediyanın ekranlaşdırılması hüququna görə, 25.000 manat ödənilməsi Komitə ilə Bakı Kinostudiyası arasında uzun-uzadı yazışmalara səbəb oldu, ssenarist və Ü.Hacıbəyovla eyni zamanda müqavilə bağlamağın məqsədəuyğunluğu, Azərbaycan Yazıçılar İttifaqında namizədlərin müzakirəsindən sonra.

Sabit Rəhmanın tövsiyə edildiyi, 1941-ci il fevralın 1-də onunla müqavilə bağlandığı, ssenarinin birinci variantının aprelin 15-də təhvil veriləcəyi, əsərin ekranlaşdırılması planının studiya tərəfindən bəyənildiyi aydınlaşdı.

1941-ci il iyunun 18-də Bakı kinostudiyasının direktoru yanında ssenarinin rus variantının oxunuşu və müzakirəsi keçirildi. Müzakirədə Ü.Hacıbəyov, S.Vurğun, S.Rəhimov, H.Hüseynov, Əbülhəsən, M.Rəfili və S.Rəhman çıxış edib, öz mülahizələrini bölüşdülər. Müzakirələrin yekununda S.Rəhmana ssenari üzərində işi davam etdirmək, qeydləri nəzərə almaq, quruluşçu rejissorlar A.İsgəndərov, A.Quliyev, Q.Braginski (görünür, Q.Aleksandrovun imtina etməsindən sonra filmin çəkilişi onlara tapşırılmışdı) və quruluşçu rəssamla ssenarini lazımi səviyyəyə qaldırmaq yönümündə müştərək işləmək tapşırıldı.

Lakin bir neçə ay sonra müharibənin başlanması “Arşın mal alan” filmi üzərində işi yarımçıq qoydu. Cəbhədəki ilk uğursuzluqlar arxada qalandan sonra isə komediyanın ekranlaşdırılması ilə bağlı məsələlər yenidən qaldırıldı. İranda yerləşdirilmiş sovet qoşunlarının döyüşçüləri qarşısında konsert vermək üçün 1942-ci ilin fevral-aprel aylarında M.F.Axundov adına Opera və Balet Teatrının, həmin ilin noyabr ayında isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının artistləri, o cümlədən Bülbül və Leyla Bədirbəyli Təbrizə getmiş, burada R.Mamulyanın ABŞ-da erməni əsəri kimi çəkdiyi “Arşın mal alan” filminə baxmış, bu haqda Ü.Hacıbəyova məlumat vermişdilər. Ü.Hacıbəyov də öz növbəsində İ.Stalinə məktub yazıb, müəllif hüquqlarının qorunmasında köməklik göstərməyi xahiş etmişdi. Məktuba cavabda bildirilirdi ki, SSRİ beynəlxalq müəllif hüquqları konvensiyasının üzvü olmadığına görə, onun müəlliflik hüquqlarını xaricdə qorumaq çətindir. Bu səbəbdən də Stalin Bakı kinostudiyasında yeni “Arşın mal alan” filminin çəkilməsi haqqında göstəriş verib.

Davamı gələn sayımızda

N.ƏBDÜLRƏHMANLI