Elektron ədəbiyyat və sənət portalı

Romasayağı ayrılıq

Bölmə: Ədəbiyyat 05.12.2016

Fransuaza SAQAN
(Fransa)

Bu gün, nəhayət ki, bu darıxdırıcı, tələbkar, lovğa, bütövlükdə onun üçün heç bir dəyəri olmayan, hissiyyatsız qadından canını qurtaracaqdı. Bu qərarını (belə bir fikrin beynində nə zaman yarandığını heç özü də bilmirdi. Hərçənd, bu qərarı, onlar Romada çimərlikdə olarkən hirsli başla vermişdi, özü də heç bir tərəddüd etmədən) məhz indi, üstündən iki il keçəndən sonra həyata keçirəcəkdi. İçki məclislərinin, şənliklərin və avtomobil yarışlarının qəhrəmanı, hər cür qadınların dalınca da (bəzən boş bir həvəs xatirinə) eyni ehtirasla düşən, bununla belə, bəzi durumlarda görünməmiş dərəcədə cəsarətsizlik göstərən bu adam bu gün sevgilisinə ayrıldıqlarını elan edəcəkdi. Və nə qədər gülməli olsa da, bu məqsədlə “dostlarım” adlandırdığı bir süru adamı - laqeyd və qeyri-səmimi insanları bir yerə toplamağa qərar vermişdi.

Son üç ayda o, tamam yorulmuşdu. Hər xırda şeyə əsəbiləşir, ən əsası sevgilisi ilə görüşdən qaçırdı. Bir sözlə, cansıxıcı İnqa ilə ayrılmaq üçün daxilən tam yetişmişdi.

Cansıxıcı İnqa artıq neçə illərdi ki, “gəlmə romalılar” arasında ən gözəl qadınlardan biri sayılırdı. Luicinin dostlarının dediyinə görə, onun bu günə qədərki sevgililəri arasında ən gözəli İnqa idi.

İki il, geyim necə tez dəbdən düşürsə, eləcə sürətlə gəlib keçdi. Gərginliyin son həddinə çatmış Luici yenə də əvvəlki kimi cazibədar, amma artıq onu təngə gətirmiş sarısaçlı İnqanı öz maşınında kokteylə (bu dəfə vida kokteylinə) aparırdı. Bu qadından çox, ətrafdakıların onun haqqında yaratdığı obrazdan qurtulmağa çalışması Luicinin özünə də əyləncəli görünürdü. Axı o, heç də indi profildən süzdüyü bu qadından, bir zamanlar ağlını başından alan, az qala ilahiləşdirdiyi (axı o, çox ehtiraslı adam idi) bu dodaqlardan, bu çiyinlərdən və bu gözəl ayaqlardan qurtulmaq istəmirdi. Onun qurtulmaq istədiyi hansısa bir sxem, İnqanın hamı üçün yaratdığı (“İnqanı tanıyırsan? Hansı İnqa, Luicinin sevgilisini deyirsən?”) obraz-simvol idi. Və indi maşınla Roma küçələrindən keçən Luici nahaq yerə özünə təlqin etməyə çalışırdı ki, İnqa da onun kimi insandı, əti ətindən, qanı qanındandı. Ona elə gəlirdi ki, müəmmalı şəkildə maşınında peyda olmuş şıq geyimli yaşlı xanımın rəsmini aparır. Ancaq orası gerçək idi ki, bu axsam son nöqtəni qoyacağı münasibətlərinin 2 illik tarixi vardı.

Bu İsveç gözəli ona uzaq göründükcə, italyan dostlarının məclisi ürəyinə daha yaxın gəlirdi. Onların kiçik dünyasında hər xasiyyətdə adam vardı: həmfikirlər, qorxunc davakarlar, ayrılmaz dostlar, əbədi cütlüklər. Qısası, o, indi öz sevgilisini tərk eləyəcək və bunun mümkün qədər səs-küylü, gurultulu olmasına çalışacaq ki, geri dönmək üçün əl yeri qalmasın. Deməzdin ki, Luici qabiliyyətsiz adamdı, amma oturub-durduğu adamlar onda tənhalığa qarşı bir qorxu hissi aşılayırdı. O, ətrafında daim dostlarından kiminsə olmasına adət eləmişdi, onların təqdir və tərifləri Luici üçün çox vacib idi.

Dostları İnqanı bir əşya (özü də çox gözəl əşya) kimi qəbul eləmişdilər. Ağappaq dərisi, mavi gözləri, uzun ayaqları, hər zaman şıq görünüşü ilə qadın dərhal hamının diqqətini çəkmişdi. Yarışda mükafat üçün birinciliyə can atan adam kimi, onunla yaxınlaşmağa çalışmışdılar. Bu mükafat isə otuz yaşlı Roma sakini, memar (keçmişi də parlaqdı, gələcəyi də) Luici de Santoya qismət olmuşdu. Qızı evinə gətirmişdi, onun sevgisini qazanmışdı. Bəzən hətta qadınından sevgi etirafları qoparmağı da bacarırdı. Nəhayət, bu şimal qızının cənub həyat tərzinə tamamilə uyğunlaşmasına nail olmuşdu. Əslində, heç bir pis niyyəti yox idi. Luici həddən artıq həyatsevərdi və kimisə zorla iradəsinə tabe etdirməyi bir kişi kimi öz heysiyyətinə sığışdırmırdı. Amma o heyrətamiz, çılğın zamanlar arxada qalmışdı və indi İnqa daha tez-tez küsürdü. “Stokholm” və “Höteborq” kəlmələri dilindən düşmürdü. Hərçənd, Luici bütün bunları qulaqardına vururdu. Çünki çox işləyirdi. Bu axşam İnqaya Yaqonun satqın baxışlarıyla nəzər salanda, birdən ona qarşı marağının yarandığını hiss elədi, nəsə qanını qaraltdı və özü də təəccübləndi, hətta narahat oldu. Bir-iki saatdan sonra bu qadından, gözəl simasından, bədənindən və ümumilikdə onun çox az tanış olduğu taleyindən əbədi ayrılacaqdı. Luicini, şübhəsiz ki, İnqanın bu ayrılığı necə qəbul edəcəyi təlaşa salmırdı. Çünki şən, alicənab, ümumilikdə isə yaxın ikən uzaq olan adamla yaşanmış iki il, bir qadını intihara sövq edə bilməz. Özü də o adamın özü qədər şən, alicənab, eyni zamanda heç vaxt onun məhrəmi olmağı bacarmayan bir qadını... Çox güman ki, o, sadəcə İtaliyanın hansısa başqa bir şəhərinə gedəcək. Bəlkə də, Parisə köçəcək. Və çətin, onlar bir-biri üçün darıxalar.

İnqa əsnəməyə başladı. Luiciyə sarı döndü, özünəməxsus sakit səslə və artıq iki gündü ki, Luicidə ikrah hissi yaradan ləhcəylə soruşdu: “Bu axşam orda kimlər olacaq?” Luici üzündə təbəssümlə “həmişəkilər” deyəndə, o, qəfildən tutuldu. Bəlkə də, bu sevgi macərasının sona çatdığını anlamışdı, ya da ola bilsin, o özü də Luicidən soyumuşdu. Bu düşüncələr Luicinin qəlbində dünya durduqca yaşayacaq kişi duyğularını oyatdı. Fikirləşdi ki, istəsə, ona kefi istəyən hər şey eləyə bilər; yanında qalar, oğul-uşaq sahibi olar, dörd divarın arasında saxlayar, hətta onu sevə də (niyə də yox?) bilər. Bu yerdə gülümsədi və İnqa yenidən ona baxıb bir qədər həyəcanlı tonla soruşdu: “Səni belə sevindirən nədi?” Bu səs tonu Luicini təəccübləndirdi və maşın İspaniya prospektindən keçərkən ürəyində öz fikrini özü təsdiq elədi: “yəqin ki, şübhələnib”. Yarım saat əvvəl Karla, Cina və Umberto zəng vurmuşdular. Düzdü, İnqa heç vaxt telefon danışıqlarına qulaq asan deyil. Amma yazıq qız heç bir şey başa düşməsə belə (hərçənd, italyanca sürətlə danışa bilir), ona qarşı nəsə hazırlandığını hiss eləməliydi. Lənətə gəlmiş qadın intuisiyası... Hər halda, Qvido ilə Karla telefonda qışqıra-qışqıra bu qadından ayrılmağın əsl zamanı olduğunu deyirdilər. Lap başını itirmişdi. Onun kimi yaraşıqlı, gözəlgəlimli kişi üç il sərasər bu isveçli manekenlə sürünməli deyildi. Dostları da buna əmin idilər. Onlar Luiciyə onun özündən yaxşı bələd idilər. Hər halda, düz on beş ildi ki, beləydi.

Pilləkənlərlə qalxarkən İnqanın əlindən tutanda onu xoş olmayan bir hiss bürüdü. Sanki canlı adamı korridaya, daha doğrusu, öküzlərin döyüşdən əvvəl saxlandığı tövləyə aparırdı. Bu an özünü adamı yoldan çıxaran əclaf kimi hiss elədi və ona elə gəldi ki, İnqanı hansısa şərəfsiz bir oyuna çəkir.

İçəri yenicə girmişdilər ki, Karla özünü onların üstünə atdı. O gülür və İnqaya baxırdı. Sanki alacağı ləzzətin intizarını çəkirdi.

- Əzizlərim, - deyə o, sözə başladı, - axır ki, gəldiniz, mənsə narahat olmağa başlamışdım.

Luici də, İnqa da onu öpdülər. Qonaq otağına keçdilər. Ətrafda yaranmış burulğan Luicidə belə bir qənaət yaratdı ki, hamı işdən xəbərdardı. Hamı onun bu axşam çox gözəl, amma həddən artıq müddətə birlikdə olduğu isveçli İnqa İnqeborqdan ayrılacağını və bunu açıq şəkildə elan eləyəcəyini gözləyirdi.

İnqa isə sanki heç nədən şübhələnmirdi. Əvvəlki kimi onun əlindən tutub, köhnə dostlarla görüşürdü. Sonra onlarla birlikdə bufetə tərəf yönəldi. Həmişəki kimi içki içməyə, rəqs etməyə, gecə evə qayıtdıqdan sonrasa özünü segilisinin indidən az və çox olacağını bilmədiyi çılğın nəvazişlərinin ixtiyarına verməyə hazır idi. Birdən Luiciyə elə gəldi ki, onların münasibətində “az” heç olmayıb, “çox” isə ancaq ondan asılıdı. Dostları bir göz qırpımında, yarımdairə şəklində onları əhatəyə aldılar. Hamı gözləyirdi, amma nəyi? Luici bu qadına nə deyəcək? Deyəcək ki, məni cana gətirmisən, bir şillə çəkəcək və hamının gözü qabağında soyunduracaq? Əslində, bu saat Luici ayrılığın səbəbini izah eləməyə çətinlik çəkirdi. Başa düşmürdü ki, İnqa ilə mütləq ayrılmalı olduğunu bu soyuq, ildırımlı payiz axşamı ona çox tanış, eyni zamanda biganə olan maskalara niyə izah eləməlidi. Yadına dostlarının İnqa haqqında dedikləri düşdü: “O, bizim çevrənin adamı deyil”. Onların dediyi “çevrəyə” - bu çaqqallar sürüsünə, quzğunlara baxır və öz-özünə fikirləşirdi ki, qəti qənaətə gəlməkçün, əslində bu səhnə kifayətdi. Bu sarışın, təbiətən müstəqil olan şimallı gözəli tanıdğı vaxtdan bəri ilk dəfə təəccüblə düşündü ki, bu qadın, çevrəsindəki adamların hamısından ona daha yaxındı.

Cüzeppe həmişəki kimi gülərüzlə onlara yaxınlaşdı. Üzünə dramatik ifadə verib İnqanın əlini öpdü. Luici ona baxıb fikirləşdi ki, “lap ağını çıxardı”. Onun ardınca yenidən Karla yaxınlaşdı və İnqayla hal-əhval tutdu, kefini xəbər aldı, Viskontinin son filminə baxıb-baxmadığını soruşdu. Sonra Aldo üzündə hüznlü ifadəylə İnqaya dedi ki, (ümumiyyətlə, demək lazımdır ki, Aldo hadisələri qabaqlamağı sevirdi) belə bir gözəl qadın onun Aostedəki bağ evinin ən qiymətli zinəti ola bilər. Sonra bu yerlərin kraliçası sayılan Marina qəfildən sağdan peyda oldu və bir əliylə Luicinin, o birisilə İnqanın əlindən tutub dedi:

- Aman Tanrım, ikiniz də necə gözəlsiz. Yox, siz, doğrudan da, bir-biriniz üçün yaradılmısız.

İspanlar demişkən, kütlə nəfəsini içinə çəkib saxladı, korrida başladı. Amma öküz (indi bu rolda zavallı İnqa idi) sakitcə gülümsəyirdi. Hamı açıq-aşkar Luicidən nəsə bir işarə, ya bir kəlmə, qısası, nəsə maraqlı, bir az da əyləncəli hərəkət gözləyirdi. O isə italyanlara xas bir jest elədi – əlini havada yellədi. Bu hərəkətilə ya nəyisə inkar eləyir, ya da minnətdarlığını bildirirdi. Ovqatı təlx olmuş Karla (sevgilisindən məhz bu axşam ayrılacağını ona Luici özü demişdi, hərçənd, tragikomediyanın oynanılacağı yeri dəqiq bildirməmişdi) yenidən hücuma keçdi.

- Dəhşətli dərəcədə boğanaqdı – uzada-uzada dedi. – Məncə, əziz İnqa sizdə yay aylarında bizdəki qədər isti olmur. Yanılmıramsa, İsveç daha şimal tərəfdədi.

Cüzeppe, Marina, Qvido uğunub getdilər. Hərçənd, Luici burada gülməli bir şey görmədi. Axı İsveçin İtaliyadan daha şimalda yerləşməsində gülməli nə var ki? Hətta bir anlıq düşündü ki, Karla heç də “Vouge”-də yazıldığı kimi, ağıl dəryası deyil.

- Mən də düşünürəm ki, İsveç İtaliyadan daha çox şimala tərəfdi - İnqa tamamilə sakit tərzdə cavab verdi. Danışığındakı ləhcə sözlərinə qəribə, soyuq bir etinasızlıq qatırdı. Bu soyuqluq həm də onun bütün simasında əks olunmuşdu. Onun bu etinasızlığına rəğmən, hamı gülməkdən yıxılırdı.

“Bütün bunlar ona görədi ki, hamısının əsəbləri tarıma çəkilib – Luici ürəyində fikirləşdi. – Hamısı mənim İnqaya kobud sözlər söyləməyimi gözləyir. Deməli, mən bunu eləməliyəm” .

Elə bu zaman İnqa bənövşəyi gözlərini ona zillədi. Gözlərinin rəngində, doğrudan da, qeyri-adi bənövşəyi çalar vardı. Romada ilk dəfə peyda olduğu gündən bəri böyük uğur qazanmasının əsas səbəbi də məhz bu idi. Ətrafında toplanmış adamlara fikir vermədən İnqa meydan oxuyurmuş kimi dedi:

- Luici, bura çox darıxdırıcı oldu. Məni başqa yerə apara bilərsən?

Birdən sanki ildırım çaxdı, büllur qədəhlər cingildədi. Bu gurultunun fonunda səslərin əmələ gətirdiyi uğultu eşidilməz oldu və Luici sanki yuxudan ayıldı. İndi bu iki nəfərin arasında adına “qarşılıqlı anlaşma” dediyimiz bir şey yaranmışdı. Onlar baxışlarını bir-birinə zilləmişdilər. Bu gözəl qadının tünd-bənövşəyi, səmimi baxışlarında artıq heç bir sual yox idi. Əksinə, bu baxışlar sanki birmənalı şəkildə deyirdi: “Axmaq, axı mən səni sevirəm”. Bu sözlərə cavab olaraq romalı Luicinin zil qara gözlərində sadəlövh, bir az kişi, bir az da uşaqsayağı sual yarandı: “Doğru deyirsən?”

Hər şey bir-birinə qarışdı. İnsanlar, ideyalar, düşüncələr, bu gecənin əvvəlcədən düşünülmüş sonluğu – hamısı bir andaca yox olub getdi. “Dostları” qışın soyuğunda büzüşən yarasalar kimi birdən-birə tavandan başıaşağı asılı qaldılar. Onlar cütlüyün maşına sarı təntənəli yürüşünə yol vermək üçün aralandılar. Roma əvvəlki kimi gözəl, ruha, cana yaxın idi. Və Roma küçələri sevginin təntənəsini yaşayırdı...

Tərcümə edən: GÜLDƏSTƏ