Elektron ədəbiyyat və sənət portalı

Sinə dagıma baxma,
Üstündən hicran keçib

Bölmə: Ədəbiyyat 05.12.2016

 

 

 TƏNHALIĞIN ÜSYANI

 

Hər şey qaldı arxada,

Hər şey qaldı geridə,

Neçin könlüm darıxqan,

Tarimardır bu yerdə -

                       

Evdən-eşikdən kənar,

Son tüstüsü buglanan,

Urəyim sönük fanar…

Ya bilmirəm soluxmus

                 bir payız bənövşəsi,

Ya bəlkə, tək bulağam,

Üzündə buz şüşəsi –

Bir əl toxunsa əgər

Ya sınar, ya əriyər

Bir də soyuyub gedər

Könlüm uyuyub gedər…

 

Heyif  o etibardan,

Heyif o intizardan  -

Solan yaşıllıqların,

Olan yaxşılıqların

Axırı nə?

     bir heç nə…

Tutub bu hecnəlikdən

Hara gedim, bilmirəm…

Uçdum hansı yuvadan?

Hara yetim, bilmirəm,

Harda bitim, bilmirəm

Bilmirəm hansı üzü

Tutub üzüm, gəlmişəm.

Mənə elə gəldi ki,

Sən məndən incimisən,

Mən səndən incimişəm

Dönüb, küsüb gəlmişəm

İndi bildim tənhayam

Gündüzümdə, gecəmdə -

Evdən-eşikdən uzaq…

Mən bir asi yalquzaq

Qurd ulayır icimdə.

 

Dayan görüm, sən Allah,

Yol yaratsın Yaradan!

Səninlə barış üçün

Söz gəzirəm arada…

 

Bilirəm, yalvarışla

Hiylə sözlə xoşun yox

Üstün olmaq həvəsin

Bir haqsız savaşın yox.

Eh, nə qəsd-qərəzdi?..

Biz küsü saxlamazdıq,

İnciklik havasında

Dilimiz işləməzdi.

 

Hardan dogub bu duygu

Hardan gəlib bu sorğu;

Ömrün hansı üzüdü? -

Sən yoxsan bu dünyada

Bu nə umu-küsüdü?..

 

Sən ki, yoxsan dunyada

Nədir bu giley-güzar

Burda tale sirri var.

 

O köhnə cığırında

Bəlkə, otlar icində

Ömrünün axırında

Əkdiklərin göyərib,

Açıb gülün, çiçəyin

Baxmamışam, keçmişəm

İncik düşüb ürəyin?

 

Bu həyət sənin idi

Köhnə ocaq yerində

Sönüb qalan kösövlər

Alovlanıb bu səhər…

Amma basqa əl ilə

Amma basqa ocaqda –

Sən qalmısan qıraqda,

Mən qalmışam uzaqda

Görmüsən, mən də yoxam

Həmin ocaq başında

İncik-incik yanmısan

Ömrün qara daşında

O qızılı donun da

Evdə qalmışdı hələ.

Bəlkə, o keçib ələ

Kimisə geyindirib,

Kimisə isindirib

Bu, sənə ayan olub

Ruhunu diksindirib

Məni də diksindirib.

               

Dayan, sən Allah, dayan,

Könlüm sınıq, darıxqan.

Çaxıb çox ildırımlar

Çaylaq dası od tutub

Məni də yandırıblar.

Göyün tağına baxma,

Bulud qalıb, dan keçib.

Sinə dagıma baxma

Üstündən hicran keçib.

 

Xoş xəbər ol, xos çapar,

Dur ayaga, umudum!

Tut qolumdan sən apar:

Gedim, təzədən gedim

Ocagım yanan yerə.

Ürəyim məqam tutub,

Könlüm dayanan yerə.

               

Qızıl balıqlar kimi,

Çay daşımı tanıyım.

Açın ilkin yolumu,

Öz daşımda bayılım.

 

Orda cığır saldığım,

Qoşa keçdiyim yerə.

Bütün sevgilərimə,

O and içdiyim yerə.

 

Ev-eşiyə qarışım,

Öz arxımla danışım.

Mən də köhnə kösövəm,

Ocagımda alışım.

Daha səni tapmaram,

Keçdi qoşa günlərim,

Tək günümlə barışım,

Xatirə günlərimin        

Ətəyindən yapışım.

 

Giley-güzar sarıdan,

Dolub daha siyahım –

Öz günahım, öz ahım –

Gedər qiyamətəcən,

Bütün tənhalıqları,

Çapıb gedər qiyamım!

 

payız, 2016 (Bakı)

 

 

QIZIL DAN KİMİ

 

Sən Allah, bu gülü yasa aparma,

Bu gül ləçəyində basqa həyat gör.

Bu qızılgüllərdən mənə qanad hör,

Sən Allah, bu gülü yasa aparma…

 

Qızıl dan yerindən rəng alıb bu rəng,

Göylərdən nur alıb, günəşdən çələng,

Bu doğulmaq üçün, uçmaq üçündür

Qövsi-quzeyləri qucmaq üçündür,

Sən Allah, bu gülü yasa aparma…

 

Torpaq bitirəni gül eylər gedər,

Torpaq itirəni kül eylər gedər.

Bu ki mələklərin rəng düzümüdü

Körpənin süd rəngli təbəssümüdü,

Sən Allah, bu gülü yasa aparma…

 

Torpaq! Qara torpaq, fırçana əhsən

Fırçanın verdiyi bu cana əhsən!

Qırxyarpaq qızılgül İlahinindir,

Vurduğu ilməyə, qırçına əhsən!

 

Yəqin dünya əvvəl hər yeri gülşən,

Yəni qızılgüllü, qızıl bağ olub

Qədirbilməzlərin əlindən düşən

Gedib çöldə bitib bağrı dağ olub.

 

Tamam başdan-başa heyrətdi, vallah,

Vallah möcüzədir, möcüzə, güllər.

Yaz ağzı elə cür tələsibdilər,

Dönüb bənövşəyə, nərgizə güllər.

Bu qırxləçəyi gör, qızılı yarpaq –

Şanapipiklərin başında daraq –

O aşiq bülbüllər hamıdan qabaq

Döşünü güllərə sipər eyləyib

Sən bu qızıl donlu mələklərə bax

Boynunu qızılgül çəpər eyləyib

 

Çəpərin qurbanı, a gül yanaqlar,

Belə açılmışdım mən də qabaqlar –

Bu ilahi güllər qırmızı donda

Mənim də sinəmdə bitmişdi onda –

O da ilk məhəbbət alovlarıydı

Ağ güllər təmizlik qırovlarıydı –

Məni apardılar eşq aləminə

Hələ də ordayam dönüb gəlmərəm –

Ölərəm qalaram – sönüb gəlmərəm.

 

İlk sevgi qızılı şimşək ömrüdü,

Özü çaxıb gedər, şırımı qalar,

İztirab bu eşqin daha kömürüdü –

Qara, qırmızımı, sarımı qalar…

 

Bizim qaşımızda gül mayası var,

Onunçün gözəllər gülyanaqdılar –

Dan yeri qırmızı.

Qürublar sarı…

Sən Allah, bu gülün kefinə dəymə,

Çevirmə üzünü qüruba sarı

Sən Allah, bu gülü yasa aparma…

 

yay, payız. 2016 (Buynuz)

 

QIŞ GƏLİR

Xırdaca budaqlar qırov bağladı,

Hər ağac başına bir cuna düşdü.

Keçdi ildırımdan gümüş dolular

Yerdə xəzəllərin ovcuna düşdü.

 

Dərənin dibini sel-su xışladı,

Bir keçəl təpəni dolu daşladı.

Qış da ilk dərsinə belə başladı,

Bir yaşıl səltənət çovğuna düşdü.

 

Qırov çəmənlərdən rəngi ovladı,

Alıb sarmaşığı buz buxovladı.

Külək yumruladı, tufan qovladı

Qışın ilk qəzəbi yulğuna düşdü.

Vaxt vardı kirşəmiz döşdə çapardı,

Yerdəki qarı da göydə qapardı.

Bir az gücüm vardı payız apardı

Qışımız bir ömrü yorğuna düşdü.

 

7 avqust. 2016 (Nabran)

 

 

SƏYİRMƏ

 

Dağ yeridir, bir az yollar əyridi,

Sərvi gördüm tellərini hörəndə.

Qəfil çıxdı,

                     dodaqlarım səyridi

Almayanaq sərvi - nazı görəndə.

 

Dost elində doğma sözüm - səyirmə

“Seyirmani” səyirmə de, əyilmə.

Söz atımı səyirtdim öz xeyrimə,

Xoş rəftarı, xoş avazı görəndə

Qəfil çıxdı, dodaqlarım səyirdi

Almayanaq sərvi - nazı görəndə.

 

2016, (Gürcüstan, Səyirmə)

 

 

QIZIL PAYIZ,

QIZIL DAŞ

 

Qızıl payız, qızılını neylədin? –

Rəngi səndə, qiymət qaldı payızda.

Fani dünya qızılını bəkləyər,

Sənin canın çən-dumanda sızıldar.

 

Qızıl payız, qızılını neylədin? –

Qızılların yarpaq-yarpaq töküldü,

Arxa dolub çör-çöplərə büküldü

Bir meşənin ehtişamı söküldü

Qızıl payız, qızılını neylədin...

 

Sarağanın yarpaqları qızıldan,

Sarı cağan meşəsindən gün doğur;

Tək budaqda cüt yarpaqlar asılqan,

Yel quş uçan yarpaqları qurudub;

Asılqanda sarıköynək libası –

Özü uçub, köynəyini unudub...

 

Möhtəşəmdir, möhtəşəmdir, möhtəşəm,

Torpaq ulu, xəzan təzə, gül həşəm

Qızıl payız, qızılını neylədin? –

Eh, nə deyim, quru gedir, yaş gedir,

Tamah cibdə, yenə qızıl daş gedir –

Qucaqlardan-qucaqlara atılmış,

Bu əllərdən o əllərə satılmış

Daş qızıllar yenə qaldı yiyəsiz...

Şair, buna, bəlkə, bir söz deyəsiz:

 

- Bəlkə də, borcundan çıxmadım, Vətən!

Ömür bahar deyil, bir də qayıtsın,

Ölsəm də qoynunda qoy ölüm ki mən

Çürüyüm, bir ovuc torpağın artsın.

 

Nə yaxşı ki, qızıl sözlər deyən var,

Qızıl sözlə qızıl paltar geyən var –

Nə yaxşı ki, daşa tamah içində

Hələ sənə “qızıl payız” deyən var.

Çünki sənin torpaq adlı yiyən var.

 

Kirayədən-kirayəyə verilmiş

Daş qızıllar yenə qaldı yiyəsiz.

 

Yarpağa bax, yarpağa  bax, yarpağa

Yel gətirdi, sel apardı, yer aldı

Yarpaq  idi, yenə döndü torpağa...

 

Qızıl günəş bir də yerə baş əydi,

Bu, torpağa əbədi bir dəyərdi

Bu dünyanın qızıl daşı göyərmiş

Bir də gördün, qızıl payız göyərdi.

 

noyabr, 2016 (Buynuz)