Elektron ədəbiyyat və sənət portalı

Dövlətin müəllimi

Bölmə: Elm 29.09.2015

Silsiləmiz filosoflardan, onların yaratdığı fəlsəfi sistemlərdən söz açır. Bizə bəlli olan ilk fəlsəfi təlimlər çox qədim zamanlarda – eramızdan əvvəl VI əsrdə yaranıb. Maraqlısı budur ki, fəlsəfənin konkret harada yarandığını söyləmək mümkün deyil. O, təxminən eyni dövrdə bəşəriyyətin bütün sivilizasiya mərkəzlərində, yəni həm Hindistanda, həm Çində, həm də Yunanıstanda yaranıb.

“Fəlsəfə” sözünün özü yunan mənşəlidir. Özünü “filosof”, yəni “müdrikliyi sevən insan” adlandıran ilk şəxs məşhur yunan mistiki və riyaziyyatçısı Pifaqor olub. Bu söz Qədim Yunanıstanda qısa bir zamanda çox populyar olub və “filosof” rütbəsi cəmiyyət içində ən hörmətli, müdrik adamlara aid edilib. Amma məşhur Sokrat bu məqamı  özünün şəxsi nümunəsiylə populyarlaşdıran, müdrikliyi dillər əzbəri olmuş ilk şəxs kimi tarixə düşüb.

İllər, əsrlər keçir, qədim sivilizasiyalar tarix səhnəsindən bir-bir çıxırdı, lakin elmin və incəsənətin çox qədimlərdə yaranmış bütün sahələri kimi, fəlsəfə də yaşayır, inkişaf edir, təkmilləşirdi. Həmin bu təkmilləşmə prosesi bizim günlərədək davam etməkdədir.

İlqar ƏLFİ

***

Sonradan mənası “müəllim Kun”  olan Kun-fu-Tzı (Avropa dillərində “Konfutsi) adını qəbul etmiş Kun Syu (eramızdan əvvəl 551-579-cu illər) qədim zamanlarda Çinin şərqində yerləşən Lu knyazlığının Tsüyfu şəhərciyində dünyaya gəlib. O, çoxuşaqlı bir ailədə anadan olmuşdu, ailə başçısı xırda məmur idi. Atası dünyasını erkən dəyişdiyindən oğlan anasının himayəsində böyüyür.

Yeddi yaşı olanda onu məktəbə qoyurlar, orada düz on il təhsil alır. Məktəbdə oxuyarkən çalışqanlığı, dərsə marağı, müxtəlif rituallara, ənənələrə böyüklər qədər maraq göstərməsi ilə Kun Syu müəllimlərinin diqqətini cəlb edir. Onun məktəbdə qazandığı vərdişlər sonralar, fəlsəfə ilə məşğul olanda təbliğ etdiyi təlimin əsasını təşkil edir.

19 yaşı olanda Konfutsi ailə qurur və taxıl anbarlarının baxıcısı təyin edilir. O, müdrikliyi, insanlara mərhəməti və misilsiz əməksevərliyiylə qısa bir zamanda şöhrətlənir. Konfutsinin məmur həyatı bir xeyli sürür. O, uzun illər ərzində bir neçə knyazlığın hökmdarları yanında müxtəlif vəzifələr tutaraq onlara xidmət edir, amma yüksək məqamlara ucala bilmir və sonda fəlsəfə ilə məşğul olmaq, öz ideyalarını yaymaq üçün məmurluğun daşını atıb istefaya gedir.

Konfutsi 66 yaşınadək Çini gəzib dolaşır, sonda isə öz el-obasına dönür və ömrünün sonunadək doğma vətənini tərk eləmir. Onun təlimi qısa bir zamanda xalqın diqqətini çəkir və ömrünün sonuna yaxın filosofun artıq bütün Çində 3 minədək davamçısı, şagirdi var idi.

Konfutsinin ölümündən sonra evinin yerində bir məbəd inşa olunur və bu məbəd qısa bir zamanda böyüyərək bütöv bir kompleksə çevrilir. Bu kompleksin əsas binası – Ali kamillik Sarayında bu müdrik insanın heykəli ucalır. Bu heykəlin təsvir etdiyi Konfutsi də elə filosofun özü kimi mütidir - əlini əlinin üstə qoyaraq sakitcə oturub. Heykəlin bir əlində Konfutsinin öz sağlığında hökmdarların yanına məruzə üçün gedərkən apardığı kiçik lövhə də var. Mücəssəmənin ucaldığı pyedestalın üzərində isə bu sözlər yazılıb: “Ruhun zənginləşdirdiyi ən böyük Müqəddəs”.

Konfutsinin təlimi onun “Lunyuy” («Mülahizələr və söhbətlər”) və tərtibində filosofun yaxından iştirak etdiyi “Çun-Tsu” (“Yaz və payız”) salnaməsində şərh olunur. Onu hər şeydən çox həyatla bağlı, insanın cəmiyyət və dövlətdə davranışı ilə əlaqədar məsələlər, başqa sözlə desək, etika problemləri düşündürürdü. Bu məsələlər ətrafında öz qarşısında suallar qoyan Konfutsi həmin sualların cavablarını verərkən insanın davranış qaydalarını, yəni mənəvi normaları formalaşdırmağa müvəffəq oldu.

Konfutsinin mənəvi məsələlərə nə qədər əhəmiyyət verdiyini onun aşağıdakı deyimi də təsdiq edir: “Acından ölmək kiçik, mənəviyyatını itirmək böyük məsələdir”. Konfutsianlığın təməl yanaşmalarından ən başlıcası kişi (tcyun-tszı) anlayışıdır. Bu kişi beş əsas məziyyətə malik olmalıdır: insansevərlik, vəzifə hissi, adət-ənənəyə bağlılıq, bilik və sədaqət. Bundan başqa vacib keyfiyyətlər sırasına oğul ehtiramı da daxildir.

İnsansevərlik Konfutsinin aləmində xeyirxahlıq, mərhəmət, təvazö, səxavət, təəssübkeşlik göstərməkdir. Böyük filosof deyirdi ki, “nəcib kişi” olmaq, əvvəla, başqa adamlara özünün nail olmaq istədiklərinə yetişmək üçün kömək göstərmək; ikincisi, özünə arzulamadıqlarını başqalarına etməməkdir.  Konfutsi “Öz səhvlərini düzəltməkdən çəkinmə” deyəndə, nəzərdə tuturdu ki, insansevərlik prinsipinin pozulmasına səbəb olan hər bir səhv mütləq islah edilməli və gələcəkdə bir də təkrar olunmamalıdır. O, “nəcib kişidən” daimi özünüanaliz və təkmilləşmə tələb edirdi: “Müdrik insan görəndə, ona bənzəmək haqda düşün; sarsaq adam görəndə, özünü yoxla”. “Dünyada dəyişməyən yalnız ən müdrik və ən sarsaq olanlardır” – bunu da Konfutsi deyirdi.

O, qədim ənənələri və mərasimləri bilməyə, onlara sadiq qalmağa böyük əhəmiyyət verirdi. “Özünə qalib gəl, ritualları bərpa et,” – deyə, öz davamçılarına tez-tez müraciət edirdi. Filosofun özü qədim ritualları çox qiymətləndirirdi və xüsusilə musiqinin təsirinə böyük önəm verirdi. Belə bir rəvayət danışırlar ki, Konfutsi bir dəfə Şao çarlığının bənzərsiz melodiyalarını eşidəndən sonra düz üç ay yeməklərin dadını hiss etməyib.

Filosof insan münasibətlərini, davranış normalarını ciddi tənzimlənmədən dövlətçiliyin yaşamasını qeyri-mümkün hesab edirdi: idarə etmək qaydaya salmaq deməkdir. Rituallar və mərasimlər “nəcib kişiyə” xas olan xeyirxah niyyətlə birlikdə İnsanın mənəvi həyatını tənzimləməyə, ona düzən verməyə kömək edir. “Əgər özünü idarə edə bilmirsənsə, başqa adamları necə idarə edə bilərsən?! Əgər özünü idarə edə bilirsənsə, dövləti idarə etmək də sənin üçün çətin olmayacaq”.

Konfutsi insanları davranışda “qızıl orta” prinsipinə riayət etməyə çağırırdı, lakin özü də anlayırdı ki, buna nail olmaq heç də asan məsələ deyil: “Orta yolda irəliləyən insanlar olmadığından, ya həddindən ziyadə səbirsiz, ya da həddindən artıq ehtiyatlı şəxslərlə qarşılaşmalı oluruq. Səbirsizlər hər işə əl atırlar, ehtiyatlılar isə hərəkət etmək lazım gələndə, tərpənmək bilmirlər”.

Öz zamanında layiq olduğu qiyməti ala bilməyən Konfutsi az sonra Çinin ən məşhur filosofu sayıldı və ölümündən yüz illər sonra “birinci müqəddəs”, “dövlətin müəllimi”, “xalqların böyük havadarı” kimi adlara layiq görüldü.

 

Konfutsinin kəlamları:

  • Nəcib insanlar başqaları ilə anlaşma içində yaşayırlar, amma başqalarının dalınca getmirlər; alçaq insanlar isə başqalarının dalınca gedir, onlarla qarşılıqlı anlaşmada yaşamırlar.
  • Nəcib kişi qəlbən hüzurludur. Alçaq kişi isə daim qayğılı olur.
  • Nəcib kişi öz həyatında üç şeydən çəkinməlidir: cavanlıqda, həyat eşqi çox güclü olanda - qadınlarla ifrat əlaqədən; yetkin çağlarında, yaşamaq gücü lap qüvvətli olanda - rəqabətdən; qocalıqda, həyat gücü kasad olanda - xəsislikdən.
  • Nəcib kişi özünü günahlandırar, miskin kişi başqalarını.
  • Nəcib kişi düzgün yol barədə düşünür, güzəranını təmin etmək barədə yox. O, tarlada işləyərkən ac da ola bilər. O, özünü elmə həsr edə bilər və səxavətli mükafatlar qazanar. Nəcib kişi yoxsulluğu barədə yox, yolunun salehliyi haqda fikirləşər.
  • Nəcib kişi öz üstünlüyünü bilir, amma rəqabətdən qaçır. O hamı ilə dil tapır, amma heç kəslə sözü bir yerə qoyub hərəkət etmir.
  • Nəcib kişi qarnını doyurmağa, zəngin yaşamağa can atmır. O, iş görəndə tələsir, danışanda isə yox. Xeyirxah insanlarla təmas zamanı o özünü islah etməyə çalışır.
  • Nəcib kişi kiminsə onu aldadacağını gözləmir, amma aldananda, bunu ilk duyan da özü olur.
  • Nəcib kişi insanlara kömək edir ki, öz içlərində olan yaxşı şeyləri görə bilsinlər və onları özlərindəki pis cəhətləri görməyə öyrətmir. Alçaq adam isə bunun əksini edir.
  • Nəcib kişi hər şeydən çox öz borcuna sadiqdir. Öz borcunu anlamayan nəcib kişi quldurluğa da qadirdir.