Elektron ədəbiyyat və sənət portalı

Dünyanı fəth edən azərbaycanlı gözəl

Bölmə: Mədəniyyət 29.09.2015

Amma çoxları onun, əslində, diplomlu tərcüməçi olduğunu bilmir...

Onu böyük sevgiylə “İran ilahəsi” adlandırsalar da, əsl adının Klaudia Links yox, Şəğayiğ Əlizadə olduğundan, damarlarında Azərbaycan türkünün qanı axdığından da çoxlarının xəbəri yoxdur...

İndi dünyanın ən gözəl modelləri sırasında özünə yer tutmuş, adı Naomi Kempbell, Klaudia Şiffer kimi məşhurlarla eyni sırada çəkilən Klaudia Linksin – Şəğayiğ Əlizadənin çox maraqlı ömür hekayəti var...

 

Ana itkisi və qürbət günləri

O, 1982-ci ildə İranın paytaxtı Tehranda doğulub. Atası Azərbaycan türkü, anası isə fars qızıdır. Ailənin ilk övladı oğlan olub. İkinci qız övlad dünyaya gələndə isə cəmi 24 yaşı olan gənc ana dünyadan köçüb. Körpənin adını Şəğayiğ (farsca lalə deməkdir) qoyublar. Bu faciədən sarsılan ata qızına baxmaq üçün dayə tutmalı olur.

Amma həm faciəvi itki, həm də İranda baş verən sistem dəyişikliyi ailə başçısını gözlənilməz addım atmağa məcbur edir. O, cəmi üçaylıq olan körpəni, oğlunu da götürüb dayə Nenni ilə birlikdə Avropaya mühacirət edir. Norveçin paytaxtı Oslo şəhərindəki güzəranları ilk dövrdə çətin olsa da, həyatları tədricən yoluna düşür.

Şəğayiğin heyrətamiz qabiliyyətləri və cazibədarlığı çox erkən vaxtlardan – cəmi 3 yaşından özünü büruzə verməyə başlayıb. Artıq həmin vaxtdan ailədəkilər qızın gələcək karyerasının ifaçılıqla bağlı olacağını yəqin etmişdilər.

Həmin vaxtdan o artıq müxtəlif reklam çarxlarında, televiziya şoularında çəkilməyə başlayıb. Bunun nəticəsində də körpə qız məşhur kastinq direktoru Katrina Karingeborqun maraq dairəsinə düşüb. Şəğayiğın atası onun assistentinə qızınının şəklini göstərir və onu sınaqdan keçirmək üçün xahiş edir. Assistent körpənin cazibədar görkəmindən heyrətə gəlib şəkli direktora göstərir, beləliklə,  seçim qətiləşir, Şəğayiğ müxtəlif uşaq yeməklərinin reklam çarxlarında çəkilir. Artıq bir il sonra balaca qızın obrazı bir neçə nəhəng uşaq yeməkləri və uşaq geyimləri şirkətinin simasını müəyyənləşdirirdi. O hələ dünyanı tamam dərk etmədən ailənin güzəranını xeyli yaxşılaşdırmağa nail olmuşdu. Bununla belə, atası artıq Avropada yaşamaq fikrində deyildi, övladlarının qayğısız böyüməsi üçün daha təhlükəsiz bir ölkəyə köçmək fikrinə düşmüşdü.

 

Taleyinə Toronto düşdü...

1987-ci ildə ailə Kanadaya köçüb Toronto şəhərində məskən saldı. Şəhər balaca qızın çox xoşuna gəldi, oradakı mühitə alışmaq üçün çətinlik çəkmədi. Üstəlik, onun Avropada qazandığı uğurlar ifaçılıq karyerasını Kanadada davam etdirmək üçün yaxşı zəmin hazırlamışdı.

Şəğayiğ yenə müxtəlif şou proqramlarında iştirak edir, reklam roliklərində çəkilirdi. O, Torontoda çox populyar idi, xüsusilə İrandan gəlmiş mühacirlər balaca qızın cazibədarlığına və istedadına heyranlıqlarını gizlədə bilmirdilər.

Şəğayiğ Toronto televiziyasının ingilis, fransız və fars dillərində nümayiş etdirilən “Tamasha T.V.” şou-proqramının aparıcısı kimi efirə çıxanda isə cəmi 11 yaşı vardı. O, az sonra nəinki Torontoda, hətta bütün Kanadada böyük şöhrət qazandı. Bu yaşında kanalın uşaq proqramının aparıcısı, əsas aktrisası, müəllifi və direktoru olmaq ağlasığmaz hadisəydi. Onun bu karyerası üç il davam etdi. Nəticəsi də cəmi 13 yaşında “The Youngest Writer and Director” (“Ən gənc müəllif və rejissor”) kimi nüfuzlu mükafata layiq görülməsi oldu.

Yeniyetmə olsa da, artıq xeyli sənət təcrübəsi vardı, o daha öz arzusunun ardınca gedə bilərdi.

 

Model və müğənni Klaudia Links

Cəmi 15 yaşı olanda Şəğayiğ Əlizadə Klaudia Links kimi model karyerasına qədəm qoymağı qət etdi.

Onun Şərq qızlarına məxsus təbii gözəlliyi, qüsursuz bədən quruluşu, heyrətamiz cazibədarlığı gələcək uğularının o qədər də uzaqda olmadığından xəbər verirdi. Links az sonra “Levi’s” şirkətində model kimi çalışmağa başladı. Qısa müddətdən sonra onun bənzərsiz siması məşhur  dəb jurnallarının üz qabığında, qoşa səhifələrində, plakatlarda göründü,

çəkildiyi reklam çarxları bütün ölkəni dolaşdı. Az sonra isə Klaudia Links artıq “Pepsi” şirkətinin Kanadadakı simasına çevrildi.

Cəmi bir il sonra 16 yaşlı Klaudia Links özünü müğənni kimi sınaqdan keçirdi. 1998-ci ildə Los-Ancelesdə yaşayan həmvətəni, məşhur rejissor və prodüser olan Con (Cahangir) Qaffari onun səsini lentə yazdı və videogörüntülərini lentə aldı. Az sonra  “Oh Daddy”, “Chareh Cheih” və digər mahnıları böyük maraqla qarşılandı. Az sonra o artıq ifaçı kimi də tanınırdı.

Klaudia Links həmin illərdə ilk albomunu dinləyicilərinə təqdim etdi. Öz adı ilə  “Shaghayegh” (“Lalə”) adlandırdığı həmin albom tezliklə dinləyicilər arasında geniş yayıldı, müəllifinə sanbalı şöhrət qazandırdı, hətta tezliklə ona  “The Goddess Of Persia” (“İran ilahəsi”) adı verdilər.

Bununla yanaşı, Klaudia Links model kimi də fəaliyyətini davam etdirirdi. 2001-ci ildə cəmi 19 yaşı olan Links “CSMU (Canadian Search Miss Universe)” və “T-era Productions” kimi nəhəng şirkətlər tərəfindən nüfuzlu “The Best Print and Fashion Model” (“Ən yaxşı nəşr və dəb modeli”) mükafatına layiq görüldü.

 

Tərcüməçi və aktrisa

Klaudia Links şöhrətinin zirvəsində olsa da, gələcəyi barədə ciddi düşünürdü. O, Toronto Universitetində tərcüməçi ixtisası üzrə təhsil aldı, müğənnilik peşəsindən əl çəkdi, sonra isə həyatını ABŞ-ın Los-Anceles şəhəri ilə bağladı. Çox güman ki, bu addımı atanda Hollivuda yaxın olmaq məqsədi güdürdü. Şübhəsiz ki, gözqamaşdırıcı gözəlliyi ilə şöhrət qazanmış bu şərqli qız kinematoqrafçıların diqqətini cəlb etməyə bilməzdi. Onun ekran sənəti ilə ilk təması Amerikanın məşhur “The West Wing” (“Qərb tərəfi”) serialında baş tutdu. Kladuia Links həmin serialda dünya gözəlinin obrazını yaratdı. Tamaşaçıların rəyinə görə, Links peşəkar aktrisa olmasa da, qəhrəmanının yaddaqalan cizgilərini yaratmağa nail olub.

Məhz bundan sonra rejissorlar Klaudia Linksi öz filmlərinə dəvət etməyə başladılar. O, 2005-ci ildə rejissor Pol Beylsin “Ölüm kahini” filmində baş rola dəvət olundu. Janr etibarilə dəhşət filmi olan həmin ekran əsərində Klaudia Links ölülər allahına sitayiş edən ölüm kahini Annextetin obrazını yaradıb.

O, 2007-ci ildə rejissor Kim Bassın öz ssenarisi üzrə ekranlaşdırdığı “Qadın cildındə Şeytan” filmində əsas rollardan birini ifa etdi. Həmin filmdə Klaudia Links Geri Byuzi, Devid Kit, Lorenso Lamas kimi populyar ifaçılarla birgə çəkilib.

Klaudia Linksin rol aldığı növbəti ekran əsəri Neil Şulmanın quruluş verdiyi “Ledi Maqdalena” (2008) filmidir. Links lentdə Şərq gözəli Şəhrizadın obrazını yaradır.

Klaudia Links şəxsi həyatında qalmaqallardan qaçmağa çalışsa da, bəzən bu, mümkün olmur. Elə məşhur müğənni Maykl Ceksonun ailəsi ilə bağlı yayılan xəbərlər də bu qəbildəndir.  “Jackson’s are coming” (“Ceksonun gəlişi”) sənədli fiilmində onun Ceksonlar ailəsi ilə yaxın münasibətdə olduğu bərədə fikirlər səslənmişdi. Digər mənbələr isə bunun həqiqətə uyğun olmadığını iddia etmişdilər. Həmin məqamda Linksin iddianı şərh etməkdən yayınması isə ortaya müxtəlif fərziyyələr çıxarmışdı.

2008-ci ildə Klaudia Links beynəlxalq sorğunun nəticələrinə görə, dünyanın ən gözəl qadınlarının ilk 20-liyinə daxil edilib. Aradan keçən illər onun gözəlliyinə zərrə qədər də xələl gətirməyib.

Şəğayiğ Əlizadə başqa ad altında yaşasa da, mənsubiyyətini unutmur, amma müsahibələrindən birində dediyi kimi, taleyi ona Azərbaycan türkcəsi öyrənməyə imkan verməyib.

Klaudiya Links yenə də podiumlara çıxır, bununla yanaşı, xeyriyyəçiliklə məşğul olur, uşaqların müdafiəsi layihələrində iştirak edir, filmlərdə çəkilir.

Nəriman ƏBDÜLRƏHMANLI