“Atamın ömrü boyu yazı masası olmadı”

Müsahibə 12.12.2016 134

“Aydın yol” qəzetinin “Tanınmışların övladları” rubrikasında respublikanın tanınmış şəxslərinin övladları öz valideynləri haqqında danışır. Bu dəfə mərhum şair-rəssam Adil Mirseyidin qızı Ayan Mirseyid atası haqqında acılı-şirinli xatirələrini bölüşür. O, bu gün də atası ilə, yuxularda da olsa, görüşür. Onun və ailəsinin Adil Mirseyidə böyük ehtiyac duyduğu anda şair onları gözlətmir. Sevincli günlərində gülümsər, kədərli günlərində qəmgin baxışlarla yuxularına gəlir:

 

 Yuxuda görüş, yaxud gülümsəyən ruh

 

- Saqqalından damla-damla nur süzülən atamın yoxluğu, təbii ki, mən və ailəsi üçün çox çətindi. Atam bizi tez tərk etdi. Çətinliklərlə üzləşəndə ona daha çox ehtiyac duyuram; ağlayıram, dualar edib ruhundan kömək istəyirəm. Ruhun gücü sınırsızdı, tükənməzdi. İnsanın ölümündən sonra maddi varlığı – cismi bizi tərk edir, amma onun gerçək mahiyyəti əbədi və güclü olan ruhdur. İnanın, Adil Mirseyiddən, onun əbədi və güclü ruhundan hər gün kömək, güc-qüvvət, xeyir-dua istəyirəm. Hər an atamın yeri hiss olunur, hara baxıramsa, onu görürəm. Təsəvvür edin, xəstə olan zaman atam da yuxuma xəstə halı ilə gəlir. Özümü yaxşı hiss edib sağaldıqda, yuxuma qonaq gəlib sevinc içində gülümsəyir. Adil Mirseyid adına bir iş görəndə, mütləq həmin gün mənə gülümsəyər, yuxuda da olsa...

 

Yağışın apardığı adam

 

Ömrünün sonuna qədər çətinliklərin, problemlərin məngənəsində qalan Adil Mirseyid üçün həm şeir yazmaq, həm də rəsm çəkmək, bir növ, ağrılarından müvəqqəti də olsa, uzaqlaşmaq, necə deyərlər, öz xəyallarına baş vurmaq idi. Möhtəşəm Parisi bir anlıq kiçilmiş şəkildə yağış damlasının içində təsəvvür edək, bax, Adil Mirseyidin də xəyalları o cür idi. Ayanın sözlərinə görə, yağışın Adil Mirseyid üçün gətirdiyi xəyalları elə həmin yağış da yuyub aparırmış...

- Sabah yağacaq yağış Adil Mirseyidin pəncərəsini bu gündən döyərdi... Xüsusən, yağışlı axşamların melanxolik qüssəsi onun ruhuna çox yaxın idi. Bəli, yağışlı havaları, bir də yağış səsini öz səsindən çox sevərdi. Saatlarla yağışı izlərdi, çətirsiz və papaqsız gəzintiyə çıxardı. Narahat qalardım ki, soyuq olar, xəstələnər. “Yasəmən qoxulu may yağışları”, “Yağmurlar mövsümündə”, “Yağış xalçası”, “Yağış motivi” – bunlar atamın yağışa ithaf etdiyi şeirlərin bir neçəsidir.

 

Olmayan yazı masasında yazılanlar

 

Xəyalları yuyulub getsə də, o, yorulmadan yazırdı. Özü də, olmayan yazı masasında “yazırdı”... Bu gün Adil Mirseyiddən nə oxuyuruqsa, həmin yazı masasının yoxluğuna borcluyuq. Kim bilir, bəlkə də, o yazı masası olsaydı, Adil Mirseyidin şeirləri belə təbii alınmazdı:

- Adil Mirseyid azad adam idi. Atam üçün yazmaq, rəsm çəkmək çətin deyildi. Üzərində hər zaman qələm-kağız olardı. Elektrik qatarını çox sevərdi, Buzovnada yaşayanda işə onunla gedib-gələrdi. Yolboyu mütləq nələrsə yazardı, qeydlər aparardı. Hətta yastığının altına belə qələm-kağız qoyardı. Bəzən gecələr oyanaraq, nələrisə qeyd edib yenidən yatardı.

Mətbəxdə işləməyi, yazanda, rəsm çəkəndə şirniyyatla çay içməyi çox sevərdi. İnanın, səmimi deyirəm, bir gecəyə bir-iki ayın işini görərdi. Şam işığında işləməyi, bir də tuşla, peroyla yazı yazmağı xoşlayardı.

Bəli, onun yazı masası yox idi. Amma çox istəyərdim, onun da hamı kimi, emalatxanası və yazı masası olsun, olmadı...

 

Bir “kitab”ın sonu

 

Olmadı... Və şair ömrünün sonunda xəstəliklə mübarizə aparanda həmin olmayan yazı masası hər saniyə gəlib onun gözlərinin önündə dayanaraq, yazmaq gücündə olmayan şairin ağrılarını daha da artırdı. Elə bu yerdə, qızı Ayana bir sual ünvanlayırıq: ömrünün sonunda xəstə ikən yaza bilməmək onun üçün nə dərəcədə ağır idi ?

- Sualınıza atamın sözləriylə cavab verim: “bu dünyada, bu gözəlim dünyada yazmaq istərdim, amma dilimin ucuna “fani dünya” kəlməsi gəlir”. Bəli, bu fani dünyada pərvanətək özünü yanan çırağın atəşinə atan, qədərini öpüb gözü üstünə qoyan aşiqlərin üz-gözündən Haqqdan gələn bir xəfif işıq sayrışır. Adil Mirseyid 2011-ci ildən ağır qaraciyər xəstəliyindən əziyyət çəkirdi. 2014-cü ilin iyun ayına kimi, yəni ömrünün son bir ayına qədər yazı yazdı, rəsm çəkdi. Son bir ayı isə xəstəxanada reanimasiya şöbəsində yatdı. Həmin dövrdə heç nə yaza bilmədi. Bir ay öncəyə qədər – onun “Ekspress” qəzetindəki “Art ekspress” səhifəsi var idi – hər həftənin şənbə günləri esseləri yayımlanırdı. Ömrünü, canını yazıya verən adam üçün, əlbəttə, yaza bilməmək çox ağır idi. Xəstəxanada qısa bir müddətdə özünü yaxşı hiss edən zaman onu normal şöbəyə – palataya köçürdülər. Dost-tanışları ziyarətinə gəldi. Xəstəxanaya kitablarından aparmışdıq. Bir nəfərə kitab imzalamalı idi, təsəvvür edin, əli qələm tuta bilmədi, üzümə baxdı, məndən kömək istədi... Çox kədərli, ağrılı idi, ürəyim parçalanırdı.

Rafiq Həşimovla Səlim Babullaoğlu ziyarətinə gəlmişdilər - sağ olsunlar, tez-tez atama baş çəkərdilər, onu tək qoymazdılar – söhbət əsnasında, atam Səlim müəllimə Nazim Hikmətdən bir misra dedi: ”sonu xoşbəxtliklə bitən kitablar yollayın mənə....” Vəziyyəti ağırlaşandan sonra yenidən reanimasiyaya köçürdülər. Öləcəyini bilirdi - anama demişdi bunu – odur ki, təkidlə evə aparılmasını istədi, biz də gətirdik... Amma bizimlə heç iki gün yaşaya bilmədi: 63 yaşında əbədi yuxuya getdi. Hə, Elmin, böyük şairlərin taleyi, sonu xoşbəxtliklə bitən kitablara bənzəmir...

Şairin qızı onun xəstəliyindən, ömrünün sonunda yaşadığı ağrılardan danışanda sanki o günləri yenidən yaşayır. Lakin danışır, nə qədər çətin olsa da, Adil Mirseyid ömrünün son akkordlarını bizim üçün səsləndirir:

- Öz problemi və ehtiyacları barədə axıra qədər heç kəsə demədi. Onun xarakteri tamam başqa idi. Hərdən elə olurdu ki, dərmanlara-filana pul lazım olurdu. Amma atam dostlarının heç birinə bu barədə demirdi. 2011-ci ildə təsadüf nəticəsində xəstəliyini öyrəndik: atamın həmişə mədəsi ağrıyırdı deyə, həkimə getdik, UZİ aparatından çıxdıqdan sonra sağalmaz xəstəliyə düçar olduğunu bildik. Xoşbəxtlikdən çox gəlirli bir iş götürmüşdü, bu səbəbdən müəyyən qədər vəsait olsa da, çox bahalı xəstəlik olduğundan, məbləğ yetmədi. Daha sonra rayondakı dədə-baba evimizi satdıq. 2011-ci ilin dekabrında ilk fərdi sərgisi keçirildi. Elə sərginin pulları da o müalicəyə getdi. Xəstələnəndən sonra dostları tez-tez baş çəkirdilər. Hər gün gecə saat 12-yə qədər evimiz adamla dolu olardı. Onu xəstəxanaya yatıranda isə artıq çox gec idi. Həkimlər deyirdilər ki, bu, artıq finaldır, amma nə qədər davam edəcəyi bilinmir. Mən də hər gün onlarla buna görə dalaşırdım, aqibətlə barışmırdım, final olduğunu qəbul etmək istəmirdim. Onlar hər “final” dedikcə, mən ağlayırdım. Sonra infarkt keçirdi, xəstəxananın dəhlizinə çöküb o qədər ağladım ki, bir neçə həkim məni sakitləşdirə bilmirdi.

Atamdan sonra bu evə heç cürə qayıda bilmirdim. Ömrünün son gecəsi nə təhər qışqırdımsa, beynimdə ağrı yarandı. Həmin gecə üç təcili yardım gəldi – ikisi atama, biri mənə. Elə son gecə yaxın dostlarının hamısı özünü çatdırdı. Morfi axtarıldı, tapılmadı. Allah sanki özü bir ağrıkəsiciylə onu yatırtdı. Elə yatdı ki, xorhaxor, sən demə, o son xırıltı imiş. O səs hələ də qulağımdan getmir.

 

Parisdən vəfalı Ləki...

 

Şair Əlisəmid Kür Adil Mirseyidin vəfatı ilə bağlı şeirində yazır:

 

“Parisə gedən qatarlara

bilet satılmır Ləki vağzalında,

Qəbiristanlığında yer tapılır qərib şairinə.

Bir bax,

bir az aralıda

sevdiyin əncir ağacı əl uzadıb

                başdaşına...

Bir az aralıda

ana qəbri – vəfalı,

qardaş qəbri – aralı.

İnanmırdın, inanmazdın,

Bakı – Parisdən,

Ləki – Bakıdan vəfalı...

 

Bu gün də, elə indinin indisində də Adil Mirseyidin ruhu dəfn olunduğu Ləki torpağından Parisə boylanır – yağış damlasında gizlənən Parisə...

Amma o yağış da, o Paris də Adil Mirseyid üçün ana torpaq qədər əziz olmadı. Sonda yenidən qızını dinləyək:

- Xəyallarının ölkəsi Fransa, röyalarının şəhəri Paris idi. Adil Mirseyidə elə gəlirdi ki, əvvəlki həyatında Fransada doğulub. Atamın öz sözlərilə sualınıza cavab verəcəm: “Qərbdə – Fransada, İtaliyada və ya İspaniyada doğulsaydım, həyatımı bütünlüklə təsviri sənətə həsr edərdim. Uca Tanrım mənim ruhumu Şərqə göndərdi, göbəyim bu torpaqda basdırıldı. Tale məni hara atsa, yenə vətənə, məzarım olacaq torpağa döndüm”.

Hər zaman “Mən şərqliyəm” deyərdi: “Şərqdə forma ruhi dünyanın örtüyüdür. Şərqli sənətkar rəmzlər vasitəsilə düşünür – ornamentlərimiz bunun əyani sübutudur. Şərq sənəti insanın ruhi dünyasını formalaşdırır. Bu mənada mənim Pikasso ilə dialoqum uzun illərdi davam edir. Mən özümü avropalı kimi hiss etmirəm – mən şərqliyəm. Şərqliyəm, Şərq isə miniatürdür. Miniatür isə sözdür, poeziyadır”.

Belə bir xatirə də danışırdı: “Bir axşam, 6-7 yaşlarında nənəmlə qohumumuzgildən gəlirdik. Yoldan gözəl bir qəlyan tapdım. Nənəm qəlyanı mənə verdi, dedi ki, gizlət, heç kimə göstərmə, böyüyəndə çəkərsən, kişi qəlyan çəkər”.

2005-ci ildə “Yuğ” teatrında “Vernisaj” kitabının təqdimatı keçirildi. Dostu Eyvaz Əlləzoğlu atama tədbirdə bir qəlyan bağışlamışdı. Eyvaz Əlləzoğlunun vəfatından sonra atam bir də qəlyan çəkmədi...

Elmin NURİ