“Babamın ən böyük arzusu millətini savadlı görmək idi”

Tarix 19.12.2016 154

Ağa Musa Nağıyev XX əsrin əvvəllərində Bakıdakı neft bumu zamanında milyonlar əldə edən və sərvəti ilə məşhurlaşan 11 Bakı milyonçusundan biridir. Milyonçunun adı bu gün yaxın dostu və məsləhətçisi Hacı Zeynalabdin Tağıyev qədər hallanmasa da, gördüyü işlər yetərincə olub.

Milyonçunun nəvəsi, oğlu Fərəc Nağıyevin qızı, onun həyat və fəaliyyətinin əsas tədqiqatçısı olan tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva bizimlə söhbətdə babasının xeyriyyəçi kimi gördüyü işlər və ondan yadigar qalan tikililər barəsində danışıb:

- Babamın Bakıda tikdirdiyi 98 binadan 62-ni aşkarlayaraq, siyahıya almışam. Onlardan 32-i bu gün inzibati idarə kimi xalqa xidmət edir.

Misal olaraq, Dövlət İqtisad Universiteti, AMEA-nın Rəyasət Heyəti, Keçmiş Bakı Prokurorluğu və Hərbi Komissarlıq, Dövlət Neft Şirkəti -“SOCAR”, Səhiyyə Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, Ağır Cinayətlər üzrə məhkəmə, “Lüteran kilsəsi”, Elmi Tədqiqat Pediatriya İnstitutu, “Azərittifaq”, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin binası, eləcə də digər məşhur klinika və qurumların yerləşdiyi tikililəri göstərə bilərik.

İnşa etdirdiyi tikililərin sayına görə 11 milyonçudan birincisi sayılan Ağa Musa Nağıyevin Bakıya və Qaraşəhərə Şollar suyu çəkdirəndə, yarımçıq qalan Bakı Realnı Məktəbinin tikintisini başa çatdıranda, xəstəxanalar və mehmanxanalar inşa etdirəndə yalnız bir amalı olub - tarixdə xeyriyyəçilik əməllərilə iz qoymaq!

49 yaşında Qaraşəhərdə neft emalı zavodunu işə salması onu Bakının məşhur milyonçusuna çevirdi. Buna baxmayaraq, o, var-dövlətini şəxsi mənafeyi üçün deyil, xalqın rifahı uğrunda işlərin görülməsinə sərf etdi.

Bakıya Şərq və Qərb memarlıq koloritini gətirən qeyri-adi binaların ideya müəllifi, sifarişçisi və sahibi Ağa Musa Nağıyev olub.

 

 

Bakını dəyişənlər-polyaklar və almanlar

 

Dilarə Nağıyevanın sözlərinə görə, XX əsrin əvvəllərində Ağa Musa Nağıyevin vəsaiti hesabına tikilən binaların müəllifləri, əsasən, polşalı memarlar olub. Lakin biləcərili saman satan Nağının heç bir ali təhsil görməyən oğlu – Ağa Musa Nağıyev həmin memarlara elə dəyərli məsləhətlər verirmiş ki, onların özləri də buna heyrət edirmiş:

- Neft sənayesinin inkişafı nəticəsində tikilən çoxsaylı binalar Bakını memarlıq inciləri ilə zəngin olan bir şəhərə çevirdi. Neft bumu dövründə bura gələn polyak mühəndislər, tacirlər, müəllimlər, hərbçilər, memarlar Bakıda nəzərəçarpacaq dərəcədə unudulmaz tarixi izlər qoydular.

Əgər Peterburq vaxtı ilə italyan və fransızlar tərəfindən yaradılıbsa, Bakıya Avropa parıltısını əlavə etmək polyak və alman memarlarının üzərinə düşüb. Əhəmiyyətli memarlıq incilərinin müəllifləri, əsasən, polşalı dörd memar – İosif Ploşko, Yevgeni Skibinski, Yozef Qoslavski və Brunoviç Kazimir Skuryeviç və iki mühəndis – Pavel Pototski, Vitold Zqlenitski olub.

Ağa Musa Nağıyev millətinə canıyanan sahibkar kimi o dövrdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyətində yaxından iştirak edib, çoxsaylı xeyriyyə təşkilatlarının üzvü və himayəçisi olub. Onun şəxsi vəsaiti ilə tikilən və hazırda paytaxtımızı bəzəyən binalar gözəl memarlıq nümunələridir. Bu binaların tikilməsində Şərq və Avropa memarlıq məktəblərinin nümunələrindən istifadə olunmaqla bərabər, qeyd etdiyim kimi, arxitektura və dizayn məsələsində Ağa Musanın özünün də təklifləri, mülahizələri olub.

Yüksək zövqə malik babamın təkliflərində simmetriyanın son dərəcə dəqiqliklə gözlənilməsi, binanın əzəmətli və fasadının cəlbedici olması üçün verdiyi məsləhətlər hətta peşəkar memarları da heyrətləndirirmiş.

 

İsmailiyyə binası

 

Milyonçunun şah əsəri vərəmdən vaxtsız vəfat edən oğlu İsmayılın şərəfinə tikdirdiyi İsmailiyyə sarayıdır. İnşası 1913-cü ildə başa çatan saray memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınıb. Venesiya qotik üslubunda tikilən bina Bakı memarlığında yeni mərhələ sayılır:

- A.M. Nağıyev 1905-ci ildə memar Ploşkonu sarayın layihəsini hazırlamaq məqsədilə İtaliyanın Venesiya şəhərinə göndərir. Burada 3 il qalan memar Venesiyanın möhtəşəm qotik üslubunu öyrənir. Palatso Kantarini sarayının eskizləri əsasında Bakıda 1908-ci il dekabrın 21-də İsmailiyyənin tikintisinə başlanılır.

Şəhərdə böyük hörmət qazanan usta Hənifə və Hacı Abbasın sayəsində binanın üzərində daşlardan, necə deyərlər, simfonik əsər yaradılır. Qeyd edim ki, binadakı daşlar və plastik detallar malasız bərkidilib.

İstiqlaliyyət küçəsindəki İsmailiyyə sarayı 5 ildən sonra – 1913-cü il aprelin 7-də istifadəyə verilib.

Arxitektor İosif Ploşko Venesiyadakı sarayın sərbəst parafrazını Bakı şəhərinə gətirib və layihədə Şərq şəhərinin əzəmətini qeyd etməklə, paytaxt sakinlərin rəğbətini qazanmağa çalışıb. Ağa Musa Nağıyevin bu dəbdəbəli sifarişi memar İ.Ploşkonun professional karyerası üçün başlanğıc və həm də stimul oldu.

 

İndiki Dövlət İqtisadiyyat Universiteti

 

Bütün bunlara baxmayaraq, o dövrdə Ağa Musa Nağıyevin səxavəti haqqında fikir heç də birmənalı olmayıb. Deyilənə görə, Bakı Realnı Məktəbinin tikintisinə vəsait ayırması üçün Tağıyev onu məcbur edib. Həyatının bir günündən bəhs edən “Yük” filmində də həmin detal öz əksini tapıb. Guya Realnı məktəbi üçün təşkil olunan xeyriyyə gecəsində Nağıyev cəmi 3 manat pul ayırıb. Həqiqəti nəvəsinin dilindən eşidək:

- Ağa Musa Nağıyevin ən böyük arzusu millətini savadlı görmək idi. Azərbaycan qızlarının savad alması məqsədilə o, 1907-ci ildə qubernatora müraciət edib. Realnı məktəbin binasının uzun müddət yarımçıq qalan tikintisini başa çatdırmaq üçün 25 000 rubl vəsait ayırdığını və təhsil alacaq 25 qız uşağına himayədarlıq edəcəyini bildirir. Etdiklərinin müqabilində akt zalında Ağa Musa Nağıyev özünün və vaxtı ilə bu məktəbin məzunu olan oğlu İsmayılın portretlərinin asılmasını istəyir.

Realnı məktəbini tikdirməklə bərabər, burada məktəbəqədər sinfin yaranmasına nail olan Ağa Musa Nağıyev məktəbə bütövlükdə himayədarlıq edir. Həmçinin, 25 müsəlman qızının təhsil haqqını öhdəsinə götürür.

 

Musa Nağıyev adına xəstəxana və “Əkiz binalar”

 

1919-cu ildə dünyasını dəyişən Ağa Musa Nağıyev ömrünün sonunda böyük çətinliklərlə üz-üzə qalır. Tikdirdiyi binalara, xeyriyyəçiliyinə baxmayaraq, qədirbilməzlik onu ölümündən sonra da izləyir. Canını tapşırarkən, Kərbəlada, oğlu İsmayılın yanında basdırılmasını vəsiyyət etsə də, qardaşı Ağa Əli onu imkansızlıq üzündən Çəmbərəkənd qəbiristanlığında dəfn edir.

1931-ci ildə bu yerdə Kirov adına park salındığından, Ağa Əli bu dəfə də imkansızlıq ucbatından onun nəşini ata yurduna – Biləcəridəki Proparka deyilən qəbiristanlığa köçürür. Bu da hələ son deyil, milyonçunun nəşi müxtəlif vaxtlarda daha iki dəfə yerini dəyişir. Onun nəşi bu gün Biləcəri qəsəbəsindəki qəbiristanlıqdadır.

...Dilarə xanım babasının adını daşıyan məşhur klinikadan və möhtəşəm memarlıq incisi olan “Əkiz binalar”dan da bəhs edir:

- Ağa Musa Nağıyev istedadlı memar Bayevə sifarişlə böyük şəhər xəstəxanası tikdirir. Təsadüfi deyil ki, bina “H” - kiril əlifbası ilə babamın soyadının baş hərfi formasındadır. Xəstəxana 1913-cü ildə istifadəyə verilib. Oranın tikintisinə babam 300 min rubl vəsait sərf edib. Tutduğu ərazinin ümumi sahəsi 100 min kvadratmetr təşkil edib. Ambulator hissəsi və 1000 çarpayılıq palatalar müalicə üçün nəzərdə tutulub. Ağa Musanın arzusu bu xəstəxanada infeksion xəstəliklərin profilaktikasını həyata keçirmək və əlbəttə ki, effektiv müalicə işlərinin aparılması olub. Müharibə illərində xəstəxana hərbi hospital kimi fəaliyyət göstərib. 1992-ci ildən xəstəxana Musa Nağıyevin adını daşıyır.

“28 May” küçəsində yerləşən “Əkiz binaları” isə o, memar İ.Ploşkoya sifariş edib. Dördbloklu binaların hər birinin girişində “HM” emblemi daş üzərində döyülüb. Təəssüf ki, bəziləri “silinib”. Kim edib, nə üçün edib, bu suala hələ də cavab tapmıram. Onlara “Güzgü simmetriyalı” bina da deyirdilər.

Tikinti materialları, parket döşəmələr, daş güzgülər, bir sözlə, hər bir xırda detalacan İtaliyadan gətizdirilib. Gözəlliyi ilə saraya bənzəyən bu iki bina keçmişdəki kimi, bu gündə 28 May küçəsinin yaraşığıdır.

Ağa Musa Nağıyevin tikdirdiyi binalarının çoxunun üzərində onun soykökünü ifadə edən daş kitabələr – venzel-emblemlər mövcuddur.

Emblemlərin üzərində hambal palanını, kənarlarında saman şələsini həkk etdirməklə, atasının saman satdığını və özünün nə vaxtsa hambal olduğunu unutmadığını vurğulayır.

Emblemin mərkəzində milyonçunun adı və soyadının baş hərfləri – Musa Nağıyev – “MH”, bəzilərində isə adının baş hərifləri – “AM” daş üzərində kiril əlifbası ilə yonulub.

Ağa Musa Nağıyevin binalarının üzərindəki bu venzel-emblemlər, hardasa onun imzası və möhürüdür.

Təsis etdiyim Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin möhürü üzərində onun emblemini həkk edərək, soykökümü yaşatmağımla nəvəlik borcumu yerinə yetirmişəm.

Elmin NURİ