Balıqqulağını kim rəngləyir? - II yazı

Tarix 26.12.2016 139

II yazı

Çəkməçi emalatxanasının özünəməxsus qoxusu var. Gön, rezin, rəng, qatran və yapışqan iyinin qarışığını başqa heç nə ilə səhv salmaq mümkün deyil. Bu qoxunu  “Zinger” tikiş maşınının səsi və xırda mıxları rezin altlığa vuran çəkməçi çəkicinin taqqıltısı tamamlayır.

Ayaqqabı emalatxanasında iş günü yenicə başlayıb. Qara, ləkəli önlük taxmış üç cavan təmir masasının arxasında əyləşib köhnə ayaqqabıları yamamaqla məşğuldur. Səhər saatlarıdır, hələ müştərilərdən gələn yoxdur. Cavanların üçü də azərbaycanlıdır, çörəkpulu qazanmaq üçün Bakıdan Pyatiqorska gəlib burada çalışırlar. Bir müddət emalatxana sahibinin yanında şagird kimi işlədikdən sonra ustalaşıblar.

1916-cı il yenicə başlayıb, Rusiyanın bu kiçik şəhərində də digər yerlərdə olduğu kimi adamlar çox kasıb yaşayır. Birinci Dünya müharibəsinin başlanmasından iki il ötüb və qanlı savaşların əks-sədası Qafqazın bu kiçik şəhərindən də yan keçməyib...

- Dadaş, axşam teatr necə keçdi, xoşuna gəldi? Hec olmasa, de görək, rus qızları ilə əylənə bildin? – cavanlardan biri gülümsəyərək digər yoldaşına göz vurdu. – Deyirəm ki, ay Dadaş, pulunu boş-boş şeylərə niyə xərcləyirsən axı? Əylənməyə o qədər yaxşı yerlər var ki!

Müraciət etdiyi gəncin adı Rza idi, sadəcə, dostları onu “Dadaş” çağırırdılar. Rza dünən yerli teatrda Qoqolun “Müfəttiş” tamaşasına baxmağa getmişdi.

- Teatr əla idi! Qoqol kimi dahi yazıçının pyesi pis ola bilməz, - Rza bunu deyib əlindəki qayçını masanın üstünə qoydu. Ayağa qalxıb önlüyünü çıxardı və aktyorlara xas tərzdə şeir söyləməyə başladı: 

Sabir, ey aləmi-xəlqə tərcüman!
Ey hər anda kasə-kasə zəhr udan!
Ey qoca bir qövmə ağlarkən gülən,
Naləsilə xalqı dağlarkən gülən,
Şeirdə tərhi-növ icad eylədin,
Qoqolu, Hüqoları yad eylədin.

Rzanın dostları donub-qalmışdı. İndicə göz vurub sual verən oğlan soruşdu:

- Qoqol yazıb?

- Yox.

- Sənindir?

- Abbas Səhhət yazıb.

- Dadaş, vallahi-billahi, düz sözümdür, sən gərək artist olasan. Məni öldürsən də, şeiri sənin kimi deyə bilmərəm. At bu pinəçiliyin daşını, çıx adam arasına, özünə gün ağla…

Rza dostlarına tamaşa barədə xeyli danışdı, “Müfəttiş”in qısa məzmununu söylədi. Söhbətin sonunda dedi:

- Amma tamaşada əla sözlər eşitdim. Qoqol bu əsəri çoxdan yazsa da, bizim günlərlə çox səsləşir – Rza yenə duruşunu dəyişib sanki səhnədə yer aldı və “Müfəttiş”dən bir parçanı aktyor kimi səsləndirdi: “...şəhər rəisi axta at kimi axmaqdır, poçt müdiri əclafdır, araq içəndir... Xeyriyyə idarələrinin rəisi elə bil başına araqçın qoymuş donuzdur... Məktəblər müdiri başdan-ayağa soğan iyi verir... Məhkəmə sədri çox murdar adamdır. Doğrusu, bu cür həyat cansıxıcıdır.”

Rza susdu, gözləri yol çəkirdi. Dalğın idi.

- Xlestakov düz deyir, bu cür həyat, doğrudan da, cansıxıcıdır. Boğuluram burda. Bütün gecəni düşünmüşəm, götür-qoy eləmişəm. Qərara gəlmişəm ki, Bakıya qayıdım. Böyük şəhərdir, bir parça çörəyi orda da tapa bilərəm.

…Teatrın ovsunladığı bu gəncin taleyinə Azərbaycanın məşhur aktyoru Rza Əfqanlı olmaq yazılmışdı. O, Bakıya döndü, neft mədənlərində iş axtara-axtara ilk növbədə Sabunçu qəsəbəsindəki dram dərnəyinə yazıldı və tezliklə Akademik Teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başladı. 1923-cü ildə isə Milli Dram Teatrının truppasına qoşuldu. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işlədi. Daha sonra Aşqabaddakı “Natsmen” Teatrının baş rejissoru oldu. Nəhayət, 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrına qayıtdı, səhnədə, kinoda bir-birindən maraqlı unudulmaz obrazlar yaratdı. 

Rza Əfqanlı zəhmli baxışları, sərt və ifadəli sifət cizgilərindən obrazın mahiyyətini açmaq üçün ustalıqla istifadə edirdi. Janrından asılı olmayaraq, bütün tamaşalarda yaratdığı obrazlara böyük məsuliyyətlə yanaşırdı. O, həm romantik, həm də  realist obrazları şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayır, bununla da öz bənzərsiz aktyor üslubuna yeni təravəti verirdi.

Teatr onu həm də sevgisinə qovuşdurdu. Təhsilini başa vuran Bədurə Əfqanlı ömrünü həmişəlik səhnəyə bağlamağı qərara almışdı. Bu işdə ilk müəllimi də elə həyat yoldaşı Rza oldu. 1930-cu ildə onun quruluşçu rejissoru olduğu “Qaçaq Kərəm” tamaşasının bədii tərtibatını Bədurə Əfqanlı verdi. Bundan sonra uzun illər birlikdə tamaşalar hazırladılar. Bədurə Əfqanlı quruluşçu rəssam kimi tamaşaları maraqlı geyim və dekorasiya eskizləri ilə zənginləşdirirdi. “Şeyx Sənan”, “Aşıq Qərib”, “1905-ci ildə”, “Sevil” tamaşaları bu tandemə böyük uğurlar gətirdi.

Rza Əfqanlı Bədurə xanıma qədər iki dəfə evlənmişdi. Hər iki izdivacdan uşaqları var idi. Ancaq nə birinci, nə də ikinci evliliyi uzun sürmüşdü. Üçüncü evliliyi daha uğurlu oldu. Bədurə xanım onun yalnız həyat deyil, həm də sənət yoldaşı idi. Onlar Azərbaycan mədəniyyətinin, teatr sənətinin inkişafı yolunda birlikdə çox işlər gördülər. Qeyd edildiyi kimi, Bədurə Əfqanlı sənətdə ilk kövrək addımlarını Rza Əfqanlının təcrübəsinə söykənərək atdı. İstedadı, zəhmətsevərliyi, bir də rəssamlığa sonsuz sevgisi sayəsində daha da püxtələşdi, uğurlu sənətkar ömrü yaşadı.

Rza Əfqanlı 39 yaşında Əməkdar, 44 yaşında Xalq artisti fəxri adlarını, 1948-ci ildə “Şərqin səhəri” tamaşasında oynadığı Fərhad roluna görə Stalin mükafatı aldı. Bədurə Əfqanlı isə 1949-cu ildə Əməkdar incəsənət xadimi adına layiq görüldü. Deyilənə görə, o vaxt Azərbaycanın rəhbəri olan Mircəfər Bağırov təqdim olunan siyahıda rəssamın adını görməyəndə soruşub: “Bəs sizin gənc rəssamınız Bədurə Əfqanlının adı niyə yoxdur?” Bundan sonra Bədurənin də adını təltif olunanların siyahısına yazmışdılar...

Balıqqulağını kim rəngləyir? Məncə onlara insanların qəlbində dəniz kimi çağlayan həyat eşqinin rəngi hopub. Hər birinin də öz rəngi var,  sevgi kimi...

Fərhad SABİROĞLU