Elektron ədəbiyyat və sənət portalı

“Belə bir imkanım olsaydı, mən Cahandar ağanı öldürməzdim” - SORĞU

Bölmə: Sorğu 24.04.2017

Bəzən oxuduğumuz hansısa bədii əsərin sonluğu gözlədiyimiz kimi olmadıqda və ya bizi qane etmədikdə “kaş bu sonluğu dəyişmək imkanım olaydı” – deyə düşünürük. Bəs, görəsən, yazıçılarımız nə fikirdədir? Bu məqsədlə “Aydın yol” “Hansı əsərlərin sonluğunu dəyişmək istərdiniz?” sualı ilə yazıçılarımıza müraciət edib. Sorğunun nəticələrini təqdim edirik.

Mövlud Süleymanlı: “Sonluğunu və ya gedişatını dəyişmək istədiyim əsər yoxdur. Bu, klassiklərimizin ruhuna hörmətsizlik olardı. Hətta oxuyub bəyənmədiyim əsərlərə də müdaxilə etməyi doğru saymıram. Mən dünyanın mahiyyətini dəyişmək, sərhədləri aradan qaldırmaq istəyərdim.

Olub ki, müsahibə zamanı söylədiyim fikirlərimi dəyişib fərqli şəkildə dərc ediblər və bu məni ağrıdıb. Bir müəllifin ideyalarına isə kimsə müdaxilə etməməlidir”

Səfər Alışarlı: “Maraqlı sualdır. Mən Ernest Heminqueyin “Kilimancaro qarları” və “Frensis Makomberin qısa sürən xoşbəxtliyi” əsərinin sonluğunu dəyişərdim. Bu əsərlərində Heminquey öz personajlarına çox qəddar yanaşıb”

Cavid Zeynallı: “Yaxşı, amma çətin sualdır. Bir tərəfdən düşünürəm ki, məsələn, Jorji Amadunun çox sevdiyim “Qumsallıq kapitanları” romanının sonluğunu dəyişərdim, amma ağlıma başqa bir sonluq da gəlmir. Daha doğrusu, bu sual ətrafında kitabı oxuduğum müddətdə düşünsəydim, öz-özümə nəyisə saf-çürük edə bilərdim. Bir müddət əvvəl Nəcib Məhfuzun “Məhəlləmizin hekayətləri” və “Liderin qətl günü” romanlarını oxudum. İkinci romanın sonluğu məndə serial sonluğu təəssüratı yaratdı. Yəqin bu romandakı son səhnələrlə bağlı yeni nəsə düşünmək olar”

Etimad Başkeçid: “Martin İden”in sonluğunu dəyişdirərdim. Qəhrəmanı öldürmədən, aparıb uzaq bir adaya yerləşdirərdim. Bu da elə romandakı kimi bir növ intihar təsiri bağışlayardı, eyni zamanda mütləq çıxılmazlıq effekti nisbətən yumşalmış olardı. Amma daha düzünü yenə Cek London özü bilir”

Aqil Abbas: “Əslində heç bir əsərin sonluğunu dəyişməyi məğbul saymıram. Hər halda belə bir imkanım olsaydı, mən Cahandar ağanı öldürməzdim”

Qan Turalı: “Əsərlərin sonluğu ciddi məsələdir. Amma hər şeydən vacib deyil. Hətta getdikcə süjetin, hekayənin maraqlı olmağı belə məni o qədər düşündürmür. Məncə obrazın hansısa bir situasiyadakı yaşantılarını duymaq daha maraqlıdır. Daha gözəli odur. Axı həyat romanla da bitmir, daim davam edir. Məncə yazıçıların əhvalatın, hekayənin gücündən çox hansısa bir situasiyadakı dərin hisslərin təsvir gücünə inanmalıdlırlar. Bunu yazmalıdılar”.