Elektron ədəbiyyat və sənət portalı

"Sanki yerimirdim, küçə boyu uçurdum" - SORĞU

Bölmə: Sorğu 03.05.2017

İncəsənət, eləcə də ədəbiyyat tarixinə diqqət etsək görərik ki, yaradıcı insanlar keyfiyyət baxımından bir-birindən fərqlənməyən neçə-neçə gözəl əsərlər ərsəyə gətirsələr də, heç də onların hamısı eyni tale yaşamır – hətta maddi tərəfdən də. Çağdaş Azərbaycan sənət adamları bu vaxtacan ən yüksək qonorarlarını aldıqları günü necə xatırlayırlar? Bu məqsədlə onlara “Ən çox aldığınız qonorarın məbləği nə qədər olub və bu vəsaiti nəyə xərcləmisiniz?” sualı ilə müraciət etdik.

İntiqam Qasımzadə (tənqidçi - tərcüməçi): “Yadıma gələn ən yüksək qonorarım belarus yazıçısı Vasil Bıkovun əsərlərindən ibarət “Kruqlyan körpüsü” adlı tərcümə kitabıma görə olub. Kitab “Yazıçı” nəşriyyatında çıxmışdı və mən buradan üç min beş yüz rubl qonorar almışdım. Qonorarı alan gün əlimdə portfel, hər iki cibimi pulla doldurub Hüsü Hacıyev küçəsi ilə üzüaşağı düşürdüm və birdən mənə elə gəldi ki, ayaqlarım yerə dəymir. Sanki yerimirdim, küçə boyu uçurdum. Nizami heykəli yaxınlığında isə Sabir Əhmədov məni gözləyirdi. Demə, uzaqdan yerişimə baxırmış. Çatanda gülümsəyib dedi: “Belə yeriməkdə qonorar alana oxşayırsan, gözün ayaqlarının altını görmür”. Bu sözə gülüşdük və qonorarın siftəsini yaxınlıqdakı bir qəlyənaltıda Sabirlə “Kruqlyan körpüsü”nü qeyd etməyə xərclədim. Qalan pula da evin ehtiyaclarını ödədim. Evin müvəqqəti ehtiyacları da ki, əbədidir axı, heç vaxt tükənmir”.

Ramiz Həsənoğlu (rejissor): “Açığı, yüksək qonorar aldığım gün bir qədər keçmişdə qalıb. Yüksək qonorarlar mütəmadi olmur, o sıradan mənim işlərim də istisna deyil. Mənim yaradıcılığımda müxtəlif layihələr olub. Bu layihələrdən aldığım axırıncı yüksək qonorara özümə avtomobil almışam”.

Əli Əmirli (yazıçı - dramaturq): “Bu vaxtacan ən böyük qonorarım 1989-cu ildə “Axirətdən qabaq gəzinti” romanıma görə aldığım altı min rubl olub. Bu məbləğ Sovet dönəmi üçün çox yüksək idi. Əsərlərə gəlincə, xatırlayıram ki, “Ərizə” pyesimə görə iki min səkkiz yüz rubl almışdım. Sonra bu pyes Mədəniyyət Nazirliyinin təsis etdiyi müsabiqədə birinci yerə layiq görüldü və buna görə mənə səkkiz yüz rubl verildi. Daha sonra pyes Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyuldu. Təbii ki, tamaşadan gələn gəlirin də on faizi müəllifə çatdığı üçün, burdan da müəyyən həcmdə pul aldım.

Yadımdadır, o vaxt kitabımdan aldığım qonorarı evimin təmirinə xərcləmişdim”.

Nəriman Əbdülrəhmanlı (yazıçı - tərcüməçi): “Bu vaxtacan qırx dörd tərcümə kitabım nəşr olunub və o kitabların çoxuna görə, qonorar almışam. Amma düzdü, bu qonorarın həcmi əsasən gördüyüm işin müqabilində qaneedici olmayıb. Yalnız Azərbaycan Prezidentinin sərəncamı ilə nəşr edilən 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” layihəsi və Azərbaycan Tərcümə Mərkəzi tərəfindən çapa qəbul olunmuş kitablarıma görə yaxşı məbləğdə qonorar almışam. Ən yüksək qonorarım bir kitaba görə, səhv eləmirəmsə, beş min iki yüz manat olub ki, onu da ailə ehtiyaclarıma və səyahətə xərcləmişəm”.

Türkər Qasımzadə (bəstəkar): “Məbləği açıqlamaq istəməzdim, amma aldığım ən yüksək qonorar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəstələdiyim ilk simfoniya üçün verilib. Bu vəsaiti səyahətə və özümə şəxsi kompüter almağa sərf etmişəm”.