Elektron ədəbiyyat və sənət portalı

007-nin son reysi

Bölmə: Tarix 24.09.2015

1983-cü il, sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadası üzərinə, az sonra isə Saxalinin hava ərazisinə soxulan naməlum təyyarə aşkarlandı. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırıldı, yad təyyarəyə ən yaxın aeroportda enmək əmri verildi. Bəlli oldu ki, radar ekranlarında Amerikanın RS-135 kəşfiyyat təyyarəsi kimi görünən bu naməlum obyekt “Boing-747” markalı adi sərnişin təyyarəsidir...

Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq “Boinq” SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirirdi. Ekipajı yerə endirmək üçün bütün üsullar nəticəsiz qalandan sonra, yad təyyarə havada vuruldu. Cənubi Koreyaya məxsus olan, Nyu-York – Seul reysiylə üçün bu sərnişin təyyarəsində 269 günahsız insan həlak oldu...

***

Artıq ertəsi gün bütün dünya ayağa qalxdı, yolunu azaraq marşrutdan yayınmış sərnişin təyyarəsinin vurulmasına etiraz dalğaları yer üzünü bürüdü. Amerika prezidenti Ronald Reyqan SSRİ-ni “şər imperiyası” adlandıraraq Konqres qarşısında hərbi xərclərin artırılması tələbini qoydu və buna nail oldu.

Bütün dünyanı yeni, daha güclü antisovet dalğası bürüdü...

Bu olayda qaranlıq məqamlar çox idi. Görəsən, hadisə əslində necə olmuşdu? Necə olmuşdu ki, iri, ən müasir naviqasiya qurğularıyla təchiz olunmuş, təcrübəli pilotların idarə etdiyi təyyarə yolunu azmışdı?

Sıra nömrəsi 007 olan bu reys havaya Nyu-York aeroportundan qalxmışdı. “Boing” Alyaskadakı Ankoric hava limanına da qrafik üzrə enmişdi. Orada təyyarəyə texniki baxış keçirmişdilər. Bu layner hələ təmirədək uçmalı olduğu məsafəni yarılamamışdı deyə, hələ “cavan” sayılırdı və cəmi üç həftə qabaq ona qrafik üzrə tam texniki xidmət göstərmişdilər. Təyyarə bu dəfə də bütün yoxlamalardan normal çıxdı. Onun bir-birindən asılı olmayaraq, fəaliyyət göstərən dörd naviqasiya sistemi əla çalışırdı. Kompaslarından birində əhəmiyyətsiz bir yayınma müşahidə olundu, amma ikinci cihaz tam dəqiq işləyirdi...

Ankoricdə uçuş heyəti də dəyişdi. Amma sənədlərə əsasən, 18 nəfərdən ibarət heyət yerə endi, 29 nəfər mindi. Bu əlavə insanlar kim idi, onların təyyarədə nə işləri vardı? Bunu aydınlaşdırmaq mümkün olmadı. Amma bəlli olanı bu idi ki, həmin reysdə həmişəki kimi, 350 yerinə 240 sərnişin uçurdu...

Daha bir maraqlı ştrix: Seula uçan bu təyyarənin ekipajı həmişəki kimi, sığorta olunmuşdu. Amma bu dəfə sığortanın məbləği adətən olduğundan qat-qat artıq idi. Sonradan mətbuata çıxan bu fakt bir çox mətləblərdən xəbər verirdi...

Yeni ekipajın komandiri Cənubi Koreya hərbi hava qüvvələrinin ehtiyatda olan polkovniki, ölkənin ən təcrübəli pilotlarından biri Çun Bun Sun idi. O, Ankoric-Seul xəttində təzə deyildi, düz beş il idi ki, bu marşrutla uçurdu və təyyarəni, necə deyərlər, lap gözyumulu da mənzil başına çatdıra bilərdi. Komandir naviqasiya avadanlığını o dərəcədə yaxşı bilirdi ki, adını iş yoldaşları “kompüter-adam” qoymuşdular. O, hərbi paradlardakı nümayiş uçuşlarında daim iştirak edirdi və cəmi 10 min saat uçuş balansı vardı.

Təyyarənin ikinci pilotu Son Don Vin də yüksək səviyyəli mütəxəssis kimi qiymətləndirilirdi. Bu ikisindən savayı, həmin “Boinq”in daha bir pilotu vardı - MNS (məlumat naviqasiya sistemi).

Bi sistem iyirminci əsrin elektronika sahəsinin ən yüksək nailiyyətlərindən sayılır. Sistemə bir-birini yoxlayan üç kompüter daxildir. Onların ikisi hər hansı bir səbəbdən xarab olsaydı, təyyarənin idarə olunmasını üçüncü kompüter öz üzərinə götürəcəkdi və bu avtomatik idarə sisteminin maksimal yanlışlığı 5000 mil məsafədə 1 mildən artıq deyildi. Ağıllı kompüterlərin fəaliyyətində insan amilinin müdaxiləsini maksimum həddə azaltmaq üçün bütün naviqasiya proqramları operator komandasıyla deyil, hazır disketlər vasitəsiylə işə düşürdü. Əsas pilot uçuşdan qabaq əsas kompüterdəki proqram diskini işə salır, köməkçilər isə onun verdiyi göstəriciləri digər iki kompüterdə tutuşdururdular.

Bu dəfə, Ankoricdə də bu prosedur icra olundu, amma onun müddəti nədənsə həmişəkindən 40 dəqiqə artıq sürərək həm ekipajı, həm dispetçerləri, həm də sərnişinləri nigaran qoydu.

Bu sadaladıqlarımdan başqa daha bir qeyri-adi, izahı mümkün olmayan hadisə baş verdi. Bu isə təyyarəyə yanacaq doldurulmasıyla əlaqədar idi. Adətən, uçuş üçün zəruri yanacağın həcmini kompüterlər hesablayır. Bu hesablama zamanı, ağırlıq, sürət, çəki, küləyin səmti və gücü, havanın temperaturu nəzərə alınır və həmin rəqəmin üzərinə ekstremal vəziyyətlər üçün ehtiyat faiz gəlir. Hesablama printerdən çıxarılaraq uçuş planına əlavə edilir. Pilotlar bu hesablamalara heç vaxt müdaxilə etmirlər. Lakin həmin gün Çun Bun Sun gözlənilmədən kompüterin hesablaması üzərindən xətt çəkərək yanacağın düz 5 ton artıq tökülməsini tələb edir və xidmət personalı bu əmri yerinə yetirir...

Beləliklə, Ankoricdən havaya qalxanadək müşahidə olunan xırda qəribəliklərinə əsasən təxmin etmək mümkün idi ki, bu reys həmişəkilərdən fərqlənir.

Şübhə doğuran amilləri bir də qısaca xatırladım: ekipaj üzvlərinin sayca çoxluğu; sərnişinlərin həmişəkindən az olması; ekipajın həmişəkindən daha yüksək məbləğə sığortalanması; uçuşun proqramlaşdırılması işinin 40 dəqiqə uzun sürməsi və nəhayət, 5 ton artıq yanacaq...

Daha bir detal: 007 nömrəli reyslə uçan təyyarə Ankoric limanından qalxdıqdan 7 dəqiqə sonra ordan 015 nömrəli reyslə Seula uçan daha bir təyyarə havaya qalxdı və bu iki təyyarə yolları əbədilik ayrılanadək, marşrutun çox hissəsini yanaşı keçdi.

Daha bir məqam: həmin “Boing” elektron idarəetmə sistemindən savayı, digər naviqasiya vasitələriylə də təchiz olunmuşdu, o cümlədən, yerüstü radiomayaklara köklənən naviqasiya qurğuları. Belə radiomayaklardan biri də Ankoricin cənub-qərbindəki Betel qəsəbəsindəydi...

***

Amerikanın müvafiq rəsmi orqanları hadisədən sonra 007 reysi ilə əlaqədar sənədlərlə rusların tanışlığına imkan yaratmadılar. Amma bəzi mətləblər lap üzdə idi və onları gizlətmək olmurdu. Məsələn, müəyyən edildi ki, layner Ankoricdən çıxan kimi kursdan yayınmağa başlayıb. Startdan 50 dəqiqə sonra 007 mərüzə elədi ki, Betel qəsəbəsi üzərindən keçir. Amma əslində, təyyarə marşrut xəttinə nisbətən 18 kilometr şimaldan keçmişdi. Adama elə gəlir ki, bu boyda məsafə üçün əhəmiyyətsiz yanlışlıqdır. Amma nəzərə alsaq ki, marşrutdan cəmi 10 kilometr yayınmaq həmin layneri SSRİ səmasına çıxaracaq, vəziyyət dəyişir.

“Boing”in uçduğu zona naviqasiya xəritələrində qalın xətlə göstərilən yasaq ərazilərə düşürdü. Xəritələrdə həmin xətt boyunca mütləq belə bir xəbərdarlıq olur: “Diqqət! Təyyarə xəbərdarlıqsız atəş açıla bilən zonaya yaxınlaşır”.

Sonu gələn sayımızda