Elektron ədəbiyyat və sənət portalı

"İstənilən insan, onu narahat edən bütün sualların cavabını məhz bu əsərdə tapa bilər" – SORĞU

Bölmə: Sorğu 17.05.2017

Olur ki, həyatımızın bəzən hətta uşaqlıq, yeniyetməlik çağında oxuduğumuz hansısa bədii əsərin təsirindən çıxa bilmirik və bu əsərin aurası ömür boyu bizi müşayiət edir, sonradan oxuduğumuz digər kitablar bir vaxtlar həmin əsərdən aldığımız təəssüratı azalda bilmir.

Bu dəfə yazıçılara “Ən çox təsirləndiyiniz əsər hansı olub?” sualı ilə müraciət etdik.

Saday Budaqlı: “Tolstoyun “Hərb və sülh”ü məni ən çox təsirləndirən əsər olub. Bu əsərdə həm həyat, həm ölüm, həm də eşq var. Düşünürəm ki, istənilən insan, onu narahat edən bütün sualların cavabını məhz bu əsərdə tapa bilər”.

Əlabbas Bağırov: “Sətimcan Sanbiyevin “Ağ arvana” əsərini 80-ci illərdə oxumuşdum. Uzun müddət onun təsirindən çıxa bilmədim. Müəllifin doğma yurda bağlılığını adi bir heyvanın timsalında ifadə etmək ustalığı məni heyran etdi”.

Elçin Hüseynbəyli: “Bir neçə əsərin adını çəkə bilərəm. Onu da qeyd edim ki, mövzu baxımından bu əsərlərin hamısı fərqli ola bilər. Ancaq bütün bu əsərlərin içində biri var ki, o mənim masaüstü kitabımdır. Bu, məşhur ispan rejissoru Luis Bunüelin “Mənim son nəfəsim” kitabıdır”.

Orxan Fikrətoğlu: “İstənilən yaxşı ədəbi əsər mənə dərhal təsir edir. Çoxlarının adını çəkə bilərəm, amma istərdim ki, ən çox təsirləndiyim ilk əsərin adını deyim. Bu, Servantesin “Don Kixot” romanıdır. Taleyim belə gətirdi ki, sonradan mən özüm də Don Kixot kimi yel dəyirmanları ilə vuruşmalı oldum”.

Qan Turalı: “1997-ci ildə evdə kitablarımın arasından Cerom Selincerin “Seçilmiş əsərləri”ni oxumağa başladım. Kitabı ingiliscədən azərbaycancaya istedadlı tərcüməçimiz, mərhum Tehran Vəliyev çevirmişdi. Həmin kitab, xüsusən də “Çovdarlıqda uçurumdan qoruyan” romanı mənə dəhşətli dərəcədə təsir etdi. İyirmi il sonra, elə bu günlərdə yenidən Selinceri oxudum və o təsirin bu qədər diri, təravətli qalmasına özüm də təəccübləndim.”