Elektron ədəbiyyat və sənət portalı

11 ilə 3 min kitab

Bölmə: Beynəlxalq 18.05.2017

Dünyanın bir çox ölkələrində dövriyyədə olan rəsmi sənədlərin, mətn və materialların dil və tərcümə baxımından keyfiyyətinə nəzarəti, elm, təhsil, mədəniyyət, ədəbiyyat və digər sahələr üzrə tərcümənin mərkəzləşmiş qaydada təşkili, habelə xalqların elmi-mədəni irsinin dünyada təbliğini həyata keçirən müvafiq qurumlar fəaliyyət göstərir. Qeyd olunan məsələlər Macarıstanda Macarıstan Tərcümə və Attestasiya Mərkəzi, Latviyada Dövlət Dil Mərkəzi, Qazaxıstanda Dövlət Dilinin İnkişafı Fondu, Kanadada Kanada Dövlət Tərcümə Bürosu, Lüksemburqda Avropa Birliyi Orqanlarının Tərcümə Mərkəzi, Rusiyada Beynəlxalq Moskva Tərcümə Mərkəzi və s. tərəfindən həyata keçirilir. Misir Ərəb Respublikasında isə dil və tərcümə sahəsinə nəzarəti Misir Milli Tərcümə Mərkəzi həyata keçirir.

Misir Milli Tərcümə Mərkəzi 2006-cı ildə Misir Milli Tərcümə Layihəsi (Mərkəz 2006-cı ilə qədər bu adla fəaliyyət göstərib) əsasında yaradılaraq, Misir Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən dövlət qurumudur. Mərkəzin direktoru professor Ənvər Muğisdir.

Bugünədək 3000-dən artıq müxtəlif adda kitab nəşr edən Misir Milli Tərcümə Mərkəzinin ARNK yanında Tərcümə Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi “Müasir Azərbaycan hekayə antologiyası” sayca 2987-ci kitabdır.

Mərkəz tərəfindən din, fəlsəfə, dil, ədəbiyyat, coğrafiya, tarix, riyaziyyat sahələrinə aid kitablarla yanaşı, “Dünya dramaturgiyasının şah əsərləri”, “Uşaq dünyası”, “Lüğətlər”, “Sosial və ictimai elmlər”, “Tərcümə irsi seriyası” və s. layihələr əsasında ədəbiyyatlar çap olunur.

Dil və tərcümənin nəzəriyyəsinə aid Peter Nyumarkın “Tərcümə haqqında”, Kristen Brustadın “Müasir ərəb ləhcələrinə dair qaydalar”, Devid Kristalın “Dil və internet”, incəsənətə aid Devid Robinsonun “Dünya kinosu tarixi (1895-1980)”, Con Kehlerin “Teatr və siyasət”, Corc Bernard Şounun “İnsan və ali insan” kitablarını, həmçinin Məhəmməd Nəsrəddin əl-Cibəlinin “Rusca-ərəbcə siyasi və iqtisadi terminlər lüğəti”, Əbdülvəhab Əlubun “İngiliscə-ərəbcə və ərəbcə-ingiliscə siyasi terminlər lüğəti”ni nəşr edən Mərkəz daha çox dünya ədəbiyyatı nümunələrinin tərcüməsinə üstünlük verir. Əsərləri ərəb dilinə tərcümə olunmuş müəlliflər arasında Uilyam Şekspir, Çinua Açebe, Con Qolsuorsi, Edqar Alan Po, Jan Pol Sartr, Mark Tven, Milan Kundera, Con Steynbek kimi dünya şöhrətli ədiblər yer alır.

Mərkəz tərəfindən bugünədək tərcüməyə dair aşağıdakı mövzularda 3 beynəlxalq konfrans təşkil edilib:

  • “Tərcümə sahəsi və qarşıya çıxan problemlər” – oktyabr, 2000
  • “Tərcümə və mədəniyyətlərarası mübadilə” – may, 2004
  • “Tərcümə və təhsilli cəmiyyət” – fevral, 2006

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanın tanınmış yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri də ilk dəfə ərəb dilinə Misir Milli Tərcümə Mərkəzi tərəfindən tərcümə və nəşr olunub.