Elektron ədəbiyyat və sənət portalı

"Mənim hadisələrə baxışımın yenilənməsində bu əsərin xüsusi təsiri olub" - SORĞU

Bölmə: Sorğu 23.05.2017

Dünya ədəbiyyatında xeyli önəmli əsərlər var ki, doğma dilimizə tərcümə olunmadığından oxucular onları mütaliə etmək üçün ya rus, ya da türk dilindəki mətnlərə müraciət etməli olur, əsərin yazıldığı dili müəyyən qədər bilənlər isə onu birbaşa orijinaldan oxumağa üstünlük verirlər. Şübhəsiz ki, hər bir ədəbiyyatsevərin öz dilimizə tərcümə olunmasını istədiyi bir və ya bir neçə böyük əsər var. Bu dəfə ziyalılarımıza “Hansı əsərin, hansı səbəblərdən Azərbaycan dilinə tərcüməsini zəruri hesab edirsiniz?” sualı ilə müraciət etdik.

Cəlil Nağıyev (professor): “Dünya ədəbiyyatının bir sıra klassikləri var ki, Azərbaycan dilinə hələ də tərcümə olunmayıb. Onlardan biri də, demək olar ki, dünyanın bütün dillərinə tərcümə olunmuş böyük fransız yazıçısı, Nobel mükafatçısı Romen Rollandır. Mən bir mütəxəssis kimi hesab edirəm ki, onun əsərlərinin dilimizə tərcümə olunması vacibdir.

Bir məqamı da qeyd edim ki, ölkəmizin bütün sahələrdə inkişaf etdiyi hazırkı şəraitdə mən dünyamiqyaslı müəlliflərin əsərlərinin hələ də çox vaxt ikinci dildən – rus və ya türk dilindən tərcümə olunmasını məqbul saymıram. Bu əsərlər dilimizə birbaşa orijinaldan çevrilməlidir. Doğrudur, elə dillər var ki, o dillər üzrə Azərbaycanda mütəxəssislər yoxdur, amma bu boşluq mütləq aradan qaldırılmalıdır”. 

Qulu Məhərrəmli (professor): “Mən Milan Kunderanın, Corc Oruelin və Mixail Bulqakovun bütün əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasını istərdim. Bir də, son vaxtlar Cənubi Afrika yazıçısı, Nobel mükafatçısı Maksvell Kutzee diqqətimi cəlb edir. Onun əsərlərini dilimizə çevirmək yaxşı olardı”.

Fazil Qəzənfəroğlu (millət vəkili): “Bədii ədəbiyyatdan savayı, iqtisadi-fəlsəfi ədəbiyyatların da dilimizə tərcümə olunmasını tövsiyə edərdim. Buna nümunə kimi amerikalı filosof Ayn Randın əsərlərini qeyd etmək olar. Məsələn, onun “Atlantık silkələndi” romanının Azərbaycan oxucusunun dərin marağına səbəb olacağına şübhəm yoxdur. Şəxsən mənim hadisələrə baxışımın müəyyən qədər, necə deyərlər, yenilənməsində bu əsərin xüsusi təsiri olub.

Qeyd edim ki, ötən əsrin 70-ci illərində Amerikada “İncil”dən sonra ən çox satılan Ayn Randın kitabları olub. Onun həmçinin “Ehtiyac duyduğumuz fəlsəfə” publisistik toplusunu, Rusiyada bolşevizm dövrünü xarakterizə edən “Yaşamaq istəyirəm”, Boris Spasski Bobbi Fişerə uduzandan sonra ona yazdığı “Boris Spasskiyə məktub” kimi digər əsərlərinin də dilimizə tərcümə olunmasını tövsiyə edərdim”.

İlqar Əlfioğlu (tərcüməçi): “Əslində, dünya fikir tarixində müstəsna rol oynamış yüzlərlə əsər hələ dilimizə tərcümə olunmayıb. Onların hamısının adlarını, müəlliflərini sadalamaq olar. Amma indilikdə bu əsərlərin dilimizə çevrilməsini zəruri sayıram: Arnold Toynbinin “Tarixin dərki”, “Sivilizasiya tarix məhkəməsi qarşısında”, "Şəxsiyyətlərin tarixdə rolu", Mişel Malerbin “Bəşər dinləri”, Frensis Fukuyamanın “Amerika yol ayrıcında” və “Güclü dövlət” əsərləri”.

Şərif Ağayar (yazıçı): “Marsel Prust, Ceyms Coys, İtalo Kalvino, Salman Rüşdi, Varqas Lyosa, Pol Osterin əsərləri... O qədərdir ki, bilmirsən hansını deyəsən. Bu mənada, öz dilimizdə oxumaq arzusunda olduğum əsərlər həddindən artıq çoxdur. Əgər birini seçmək məcburiyyətində qalsam, Umberto Ekonun “Qızılgülün adı” romanını seçərdim. Çünki istər texnika, istər struktur, istər fəlsəfi dərinlik, istərsə də tarixə intellektual qayıdış baxımından misilsiz əsərdir. Müasir romançılığa təsiri danılmazdır. Mən əslində Ekonu sırf yazıçı hesab etmirəm, o, dahi alimdir. Bu əsərini də hardasa müasir romançılığın dərsliyi kimi qəbul edirəm. Eko böyük məktəb yaradıb, Folknerdən gələn modern nəsr irsini texnika baxımından bir az da qabağa apararaq, dövrümüzün xarakterinə uyğunlaşdırıb. “Qızılgülün adı” romanını oxumaqla yanaşı, həm də ondan öyrənməyin tərəfdarıyam. Bu əsəri ancaq mütaliə etmək azdır”.