Elektron ədəbiyyat və sənət portalı

Nəcəf bəy Vəzirov təbiətşünas kimi

Bölmə: Elm 13.02.2018

1874-cü ildə N.Vəzirov gimnaziyanı bitirib təhsilini davam etdirmək üçün Rusiyaya gedib. Moskvadakı Petrovski-Razumovski adına Meşə və Təbiətşünaslıq Akademiyasının meşəçilik şöbəsinə daxil olub. Burada görkəmli rus alimi K.A.Timiryazevdən dərs alıb, təbiət elmlərini öyrənib, meşəçilik ixtisasına dərindən yiyələnib.1878-ci ildə akademiyanı müvafiq ixtisas üzrə bitirərək təyinatla Qafqaza göndərilib. O, Gəncə quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunub, 1880-ci ilin iyul ayına qədər burada çalışıb. Sonra onun vəzifəsini böyüdüblər: N.B.Vəzirov yüksək dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyəsinə meşəbəyi təyin olunub. 1887-ci ildə yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişib. İxtisası üzrə çalışdığı müddətdə Azərbaycan meşələrinə aid elmi-tədqiqat işləri aparıb. Qazandığı elmi biliklərə və əldə etdiyi praktiki nəticələrə əsaslanaraq, müvafiq elmi əsərlər və dərsliklər yazıb. O, daha çox meşəçilik sahəsində fəaliyyət göstərib.

Qeyd etmək lazımdır ki, N.B.Vəzirova qədər Azərbaycan meşələri əsaslı şəkildə öyrənilməyib. Apardığı müşahidə və tədqiqatlar ona elmi ümumiləşdirmə üçün kifayət qədər material verib. Beləliklə o, Azərbaycan meşələri haqqındakı elmi mülahizələrini əks etdirən məsələləri “Palıd” adlı elmi-bioloji əsərində şərh edib. 72 vərəqdən ibarət olan bu əsər AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. 2013-cü ildə ərəb əlifbasından transfoneliterasiya ilə hazırlanaraq (nəşrə hazırlayan və önsözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova) kitab şəklində çap edilib. Yeri gəlmişkən, kitabda məqalələrin yazı dili olduğu kimi saxlanılıb. Bu, onu anlamağa çətinlik törətmir. Bəlkə də həmin səbəbdən tərtibçi, müəllifin dilini saxlayıb, təbiiliyini və şirinliyini olduğu kimi təqdim etməyi lazım bilib.

110 səhifədən ibarət olan həmin əsərdə ölkəmizin meşələrində bitən bitkilərin növ tərkibi, meşələrimizdə geniş yayılan və ya az təsadüf olunan palıd, fistıq, tozağacı, qızılağac, qovaq, ağcaqayın, cökə, şam, küknar və s. ağacların bioloji xüsusiyyətləri, quruluşu, süni meşələrin salınması, meşə bitkilərinin çoxalma üsulları, meşənin ətraf mühitlə qarşılıqlı əlaqəsi, təsərrüfat, ekoloji və iqtisadi əhəmiyyəti haqqında məlumat verilib.

Azərbaycan təbiət elmləri tarixində bitkilərə elmi cəhətdən yanaşma, onların elmi qaydada adlandırılması ilk dəfə N.B.Vəzirov tərəfindən həyata keçirilib. O, haqqında bəhs etdiyi meşə ağaclarının azərbaycanca adlarının yanında rusca və latınca (bəzilərini yalnız latınca) adlarını da qeyd edib.

N.B.Vəzirov bitkilərin yaşayış uğrunda mübarizəsində cansız mühit amillərinin, o cümlədən işıq və torpağın rolunu xüsusi qeyd edir. Hansı bitki münbit torpaqda və yaxşı işıqlanan yerdə bitibsə, o daha yaxşı inkişaf edir, əks halda əlverişsiz mühitdə bitən ağaclar yaşayış uğrunda mübarizədə dözə bilməyib məhv olur. “Biri uca qalxıb, biri boyda geri qalıb; geri qalanları uca qalxanlar işıqdan məhrum ediblər. Ona görə də onların əmələ gəlməsi çətinləşib, ömürləri gələcəkdə xarablaşıb. Yarpaq lazımi qədər təam verə bilməyib, ona görə də belə ağacların kökləri də zəifləyib. Burada ağaclar arasında mübarizə başlayır - torpaq təamı üstündə. Belə ağacların axırı tələf olmaqdır.” N.B.Vəzirov doğru olaraq göstərir ki, qrup halında yaşayan bitkilərdən hansı qüvvətlidirsə, deməli o, Günəş işığı ilə yaxşı təmin olunub, ona görə də yaxşı inkişaf edə bilib. Belə bitkilərin kökü dərinə gedir, su və suda həll olmuş mineral maddələrlə bol təmin olunur. O, meşə bitkilərinin yaruslarla yerləşmə səbəbini elmi cəhətdən düzgün şərh edib.

O, burada ağacların işığa nisbətinin əsas rol oynadığını qeyd edir. Bitkiləri işıqsevən və kölgəyədavamlı olmaqla iki yerə bölür: “Ağacların işığa nisbəti iki cürdür: Birisi işıqsevən, digəri işıqsızlığa davam edən. O ağacların ki, çiqqəsi (qol-budağı) qalındır, məlum olur ki, az işığa möhtacdır, ona görə o ağaclar kölgəyə davam edən ağaclardır. Nə qədər ki, ağacların ciqqəsi seyrəkdir, o ağaclar işığa artıq möhtacdır, yəni işıqsevən ağacdır”. N.B.Vəzirov apardığı müşahidələrə əsasən küknarın kölgəyədavamlı, şam ağacının isə işıqsevən bitki olduğunu bildirir. O, əsərində professor Turskinin bu sahədə təcrübələr apardığını və işıqsevən ağacların xronoloji sırasını tərtib etdiyini də qeyd edir.

Bitkiləri suya olan münasibətinə görə üç yerə bölür: “biri quruluq sevən”, yəni ksirofitlər (quraqlığa uyğunlaşan). “Biri rütubət sevən”, yəni hidrofitlər (suda yaşayan). Üçüncüsü, “miyanə.” Ksirofitlə hidrofit arasında qalan – mezofit (mülayim iqlimi xoşlayan). N.B.Vəzirov suya tələbatına görə bəzi ağacların ardıcıllıq sırasını da əsərdə göstərib.

Əsərdə torpağa ehtiyacına görə ağacları iki yerə bölür: qidalı torpağa tələbkar və torpağa daha artıq tələbkar olanlar. O, hər birinə aid misallar gətirir. Onun fikrincə qüvvətsiz torpaqda köklərinin saçaqları çox olan bitkilər inkişaf edə bilər.

Ən yaxşı torpaq isə yumşaq və dərin qidalı torpaqdır. N.B.Vəzirov məhsuldarlığına görə torpaqları tiplərə ayırır: meşə torpağı, qumlu torpaq, gilli torpaq, sugilli torpaq, kirəcli-mərgəlli torpaq, çürüntü torpaq. Torpağı rütubətliliyinə görə isə quru (əldə bərk sıxanda dağılır), tər (ələ alıb sıxanda yapışır) və yaş (əldə sıxanda su tökülür) adlanan üç qismə ayırır.

O, meşəçiliklə bağlı mülahizələrini “Meşənin həyat qüvvəsi”, “Meşələrin bu cür olmamaqlarının səbəbi”, “Meşədə ictimailərin bir-birinə təsiri”, “Ağacların işığa nisbəti”, “Ağacların istiliyə nisbəti”, “Ağacların torpaqda mədəni maddələrə nisbəti”, “Cinsbəcins ağacların rütubətə nisbəti”, “Ağacların torpağa ehtiyacı”, “Ağacların cəld böyüklənməsi”, “Ağacların törəməsi”, “Torpağın rütubətli olmasına meşənin təsiri”, “Meşələrin cürbəcür tələbləri” və s. mövzular üzrə verib.

Yer quruluşu və meliorasiya texnikumunun meşəçilik sahəsinin I kurs tələbələri üçün tərtib etdiyi “İş planı” meşə taktikası (oduncaqlı ağacların miqdarının təyin edilməsi), yay praktik işinin aparılması, praktika kimi birillik və altmışillik ağacların sahəsinin, ölçüsünün təyin edilməsi və meşəçiliyə aid digər məsələlərin öyrənilməsi haqqındadır. Onun tərtib etdiyi plan əsasında canlı və çürümüş ağacların böyüməsi, yaş və xüsusiyyətlərinin öyrənilməsi, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacların təyin edilməsi, ağacların kölgəyə davamlılığının təyini və onların təsviri də mümkündür. “Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərlərə malikdir.

1890-cı illərin əvvəllərindən başlayaraq, Rusiyada inqilabi–azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski-Razumovski adına Akademiyanın məzunlarını təqib etməyə başlayırlar. Bununla əlaqədar N.B.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən kənarlaşdırırlar. Bundan sonra o, ixtisasına uyğun olmayan sahələrdə çalışır. Bədii yaradıcılıq sahəsindəki fəaliyyətini davam etdirərək, bir-birindən maraqlı əsərlər yazır.

N.B.Vəzirov 1903-cü ildə Bakı şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir. 28 Aprel istilasından sonra N.B.Vəzirov Bakı Kənd Təsərrüfatı Texnikumunda müəllim vəzifəsində çalışır. O, tələbələrini Azərbaycanın müxtəlif rayonlarına aparır, meşəçilik sahəsində təcrübə məşğələlərinə rəhbərlik edir, meşəçiliyə aid tədris proqramları, metodik göstərişlər və dərsliklər hazırlayır.

Qeyd etmək lazımdır ki, 1905-ci il inqilabı N.B.Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan qəzetlərdə (“Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s.) “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərirdi.

1913-cü il noyabr ayının 15-də “Şəfa” Maarif Cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibəti ilə təntənəli yubiley gecəsi keçirir. Gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərib, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirlər. Xalqın ehtiramı N.B.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini daha da coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində xeyli fəallaşmışdı.

Nəcəf Bəy Vəzirov sevimli peşəsini yerinə yetirərkən, 1926-cı ilin yayında növbəti dəfə meşəçilik üzrə təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və orada, iyul ayının 13-də ürək xəstəliyindən vəfat edib.

Qeyd edək ki, indiyədək yazıçı-dendroloqun əsərləri dəfələrlə kütləvi tirajla çap edilib, dram əsərləri səhnələşdirilib, haqqında çoxlu məqalələr yazılıb, yaradıcılığı barədə H.Fərzəlibəyov, F.Qasımzadə, D.Əliyeva, K.Məmmədov, H.Əfəniyev və b. tərəfindən elmi əsərlər, monoqrafiyalar işlənib.

Yusif DİRİLİ (Mahmudov)