Elektron ədəbiyyat və sənət portalı

“Pozulası nə varsa, öz əlinlə poz, oxucuya artıq bir misra da saxlama” – SORĞU

Bölmə: Sorğu 16.06.2017

Hansısa əsərlə tanışlıq bəzən müxtəlif təsəvvürlər və yanaşmalarla müşayiət olunur.  Belə ki, hərdən oxuduğumuz romanın, baxdığımız filmin və ya dinlədiyimiz musiqinin başqa sonluqla bitməsini gözləyərək hansısa hissəsini tamam fərqli formada nəzərimizdə canlandırmışıq. Ancaq o əsərləri dəyişdirmək, redaktə etmək imkanımız olmayıb. Çünki biz hazır məhsulun olsa-olsa sadəcə, oxucusu, dinləyicisi, seyrçisi, bir sözlə ifadə etsək, istehlakçısıyıq.

Bəs müəlliflər necə, əsərlərinə yenidən müraciət etməli olsaydılar, nələrdənsə imtina edib, nələrisə dəyişərdilərmi?

Yazıçı Səfər Alışarlı: “Yazıb nəşr etdirdiyim əsərlərimdən yalnız “Maestro” romanını təkrar oxuya bilirəm. Onun yazılmasının üstündən xeyli vaxt keçsə də, oxuya bilirəm. Yəni, bu romanda qüsur görmürəm. Qalan bütün yazılarımı isə təzədən işləyərdim. Amma çap olunmuş əsəri yenidən işləmək və ya redaktə etmək vərdişim yoxdur. Nəşr edilməmiş, kiminsə hətta əlyazma şəklində belə oxumadığı hansısa yazımı sonsuzluğa qədər redaktə eləyə bilərəm. Əlimin altında böyük və kiçik janrlarda yazılmış bir xeyli o cür yazı var”.

Rejissor Ramiz Həsənoğlu: “Açığı, bu barədə heç düşünməmişəm. Ancaq onu deyə bilərəm ki, yaşanılan zaman, dövr sənət adamına öz şərtlərini diqtə edə bilər. Bu gün əgər mən hansısa məntiqlə keçmişdə qoyduğum hansısa bir əsərə təkrarən üz tutsaydım, yəqin ki, o əsərə məhz bugünkü baxışlarımı gətirərdim”.

Bəstəkar Faiq Sücəddinov: “Bəstəyə yenidən qayıtmaq olmur. O necə yazıldısa, elə də qalır. Musiqi ya yaxşı olur, ya pis. Yaxşı musiqi qulağayatımlı, ürəyəyatımlı olur. Bəstələdəyin musiqini iki-üç gün dinləyib yadında saxlayır, bəyənirsənsə, artıq ictimaiyyətə təqdim edirsən. Təbii ki, illər keçdikcə insan eyni bir nəsnəyə ayrı cür baxır. Bir də ki, bilirsiniz, mənim nə qədər bəstəm var?.. Çoxu heç yadımda da deyil”.

Şair-tərcüməçi Mahir N.Qarayev: “Mənim iki kitabım var. İlk kitabım 50, ikinci kitabım 53 yaşımda çap olunub. Halbuki ilk kitabım bir az fərqli şəkildə 25, ikinci kitabım isə, deyək ki, 30 yaşımda çap oluna bilərdi. Onların “gecikməsinin” yeganə səbəbi o olub ki, mən yazılarımı, ümumiyyətlə, gec çapa verirəm. Həmişə belə olub və bu, mənim prinsipimdir. Daha doğrusu, yazının üzərində müxtəlif vaxtlarda, müxtəlif ovqatlarda təkrar-təkrar işləməyi xoşlayıram. Çalışıram ki, gözdən qaçan heç nə qalmasın, sonradan nəyisə düzəltməyə də ehtiyac yaranmasın. Bu mənada, o iki kitabda gedən yazılarıma əl dəymək istəməzdim. Çünki həmin kitabların çapından öncə onların üzərində işləməyə yetərincə vaxtım olub.

Bununla belə, müəyyən zaman keçəndən sonra yazdıqlarıma (çap etdirdiklərimə) nəzər yetirəndə hansısa xırda qüsura rast gəlməyim olur və düzünü deyim ki, bu diqqətsizlik məni çox əsəbiləşdirir. Deməli, əsərin üzərində daha çox işləmək lazımdır, çapa qətiyyən tələsmək olmaz. Mənim bir (həm də yeganə) romanım var – son nöqtəsini 2102-ci ilin dekabrında qoysam da, hələ çapa verməmişəm və yəqin üzərində bir müddət də işləyəcəm. Səbəbi çox sadədir: sabah mən həyatda olmayanda onun hansısa qüsurunu düzəltməyə imkanım olmayacaq. Amma hələ ki, buna imkanım var – elədə niyə də bu imkandan istifadə etməyim?

Əli Kərimin gözəl bir fikri var, deyir, yazdığım zəif misranın üstündən qalın bir xətt çəkdim, o biri ağ varaqda xəttin yeri qaldı. Və şair o xəttin yerini belə qiymətləndirir: qoy desinlər şairin oxucuya bir hörmət sətri qaldı!

Bax, mən bu fikrin tərəfdarıyam: pozulası nə varsa, gərək öz əlinlə pozub, oxucuya onun pozacağı artıq bir misra, bir cümlə də saxlamayasan”.

 

Hazırladı: Sevinc Fədai