Elektron ədəbiyyat və sənət portalı

“Şeir kübarlıq, nəsr isə fəhləlikdir”

Bölmə: Sorğu 11.07.2017

stər orta nəslin, istərsə də yeni nəslin təmsilçiləri arasında nəzmdən nəsrə keçid edən, yaxud hər ikisində yazan qələm adamları kifayət qədərdir. Oxucuya elə gələ bilər ki, həmin yazarlar artıq düşüncəsini, söyləmək, çatdırmaq istədiklərini bəzən misralara sığışdıra bilmədiklərindən, bir qədər böyük meydana ehtiyac duyaraq bu seçimi edirlər. Bəs görəsən, onlar özləri bunu necə izah edərdilər. Nəzmdən nəsrə keçmək, yaxud yaradıcılığında eyni zamanda hər ikisinə müraciət etmək ehtiyacı onlarda necə yaranıb?

 

Baba Vəziroğlu: “Mən nəzmdən nəsrə, sonra nəsrdən nəzmə keçmişəm. Arada olur ki, yenə nəsrə qayıdıram. Bütün ədəbi janrların materialı sözdür, sadəcə forma dəyişir, mahiyyətcə isə heç nə dəyişmir. Bəzən görürsən, işlətdiyin sözlə, yəni, , məsələn, daşla istədiyin evi tikmək olmur. Bapbalaca bir koma yapırsan, olur şeir. Amma görəndə ki, material boldu, onda artıq povest, roman yazırsan. Yəni sözü hansı janrda işlətmək yazıçının özündən asılıdır və sırf texniki məsələdir. Bir də təbii ki, bədii təfəkkür olmalıdır. Əgər söz sadəcə informasiya məqsədi daşımırsa, artıq bədii mətndir. İnformasiya başqadır, bədii təfəkkür başqa. Əsas bədii təfəkkürdür. Forma və janr şərti xarakter daşıyır”.

                                                                                                                                                                                                                                                                                                                                       

Seyran Səxavət: “Məncə, nəzmdən nəsrə keçmək o qədər də təəccüblü deyil. Əgər mən zootexnik olub şeir və ya roman yazsaydım, bu, təəccüblü olardı. Bəli, mən nəzmdən nəsrə keçmişəm, çünki ikisinin də canı sözdür. Əsas odur ki, ürək, istedad və səbr olsun. Nəzmdən nəsrə keçmək demək istədiklərinin şeir misralarına sığmadığı anlamında qəbul olunmamalıdır. Bu, qəlb məsələsidir və havadır.
Öz yaradıcılıq mətbəximdən deyə bilərəm ki, nəsrlə şeirin mənim üçün bircə fərqi var: şeir bir qədər kübarlıqdır, nəsr isə fəhləlikdir, qara fəhləlik, torpaq işidir. Elə bil əlinə bel veriblər və sən Yer kürəsini qazırsan. Bu, çox ağırdır. Poeziyada isə daha dərin ovqat yaratmaq olar. Ovqatın da min şəriki var. Amma nəsrdə bir obraz yaratmaqla elə bil Allahla bəhsə girib insan yaradırsan. Bu mənada, nasirlərdə Allahlıq eşqinə düşmək də var. Amma həmin o istedadı sənə axı, Allah özü verib”.

 


Zahid Sarıtorpaq: “Bu, mənim özünüifadə tərzimdir. Bu məqama uzun illər sonra gəlib çatmışam. Əvvəllər poeziyadan nəsrə keçəcəyim anın yetişəcəyini güman etməzdim. Amma nəsrlə yazmağım o demək deyil ki, şeirdən ayrılmışam. Mən yenə o fikirdəyəm ki, şeirin enerjisi nəsr əsərlərinin enerjisindən çoxdu ki, az deyil. Yəni bir şeir bəzən bir romanın bağışladığı təəssüratı yarada bilər. Əslində, bu məqama gəlib çatana qədər müəyyən həyat təcrübəsi toplamışam. Yəni nəsrə keçmək ehtiyacı yaşın hansısa bir mərhələsindən – dünyanı müəyyən qədər dərk edəndən, daxilən bir çox şeylərlə barışandan və bir çox şeyi özün üçün ayırd edəndən sonra yaranır.
Nəsrin qanadları daha genişdir və dünyaya daha geniş qucaq aça bilir. Amma təbii ki, şeir reallığa nə qədər toxuna bilsə də, bir qanadı ilə göydədir”.

 


Aqşin Yenisey:
“Şeirdən nəsrə keçmək beyində baş verən çevrilişdir. Biz təbiiliyimizi itirdikcə, sosiallaşdıqca, oyun qaydalarını mənimsədikcə, həyat təcrübələri topladıqca ilkin təəssüratlarımızdan, hiss və emosiyalarımızdan məhrum oluruq. Bizim dünyayla ilk ünsiyyətimiz səslər, laylalar, əzbərlənən şeirlər vasitəsilə olmuşdu, beynimizi musiqili və rahat qəbul olunan qəliblər formalaşdırmışdı, ancaq yaşlaşdıqca bunlar bizim nə əqli, nə də fiziki ehtiyaclarımızı qarşılaya bilir. Ehtiyaclar özünə uyğun, lazım olanı tələb edir və yaradır. Tələb olunan nədir? Oyun, hiylə, günah hissinin aşınıb yox olması və s. Nə qədər ki, ehtiyaclarımız təbiidir, hisslərimiz düşüncələrimizi idarə edə bilir, amma elə ki, daxili ehtiyaclarımızı özümüz yaratmağa başlayırıq, ağıl hisslər üzərində hakimiyyətə yiyələnir. Nəsr, ağlın hiss, günahın cəza, ehtiyacın tələb üzərindəki hakimiyyətidir. Biz özümüz yaratdığımız qeyri-təbii ehtiyacların əsiriyik. Ona görə də nəsr qul əməyidir. Nasirə səbirdən başqa heç nə lazım deyil. Şair isə əksinə səbirsiz olmalıdır”.

Sevinc Fədai