Elektron ədəbiyyat və sənət portalı

“Sənət tarixində hələ bu vaxtacan belə bir addımı atan olmayıb”

Bölmə: Ədəbiyyat 20.07.2017

Bəzən hansısa bir bədii əsəri oxuduqda, yaxud hansısa musiqini dinlədikdə, rəsm əsərinə baxdıqda düşünürük ki, bu, artıq sənətin zirvəsidir, ondan yaxşısını yaratmaq sadəcə, mümkün deyil. Bəs görəsən, bizim söz və sənət adamları üçün necə, elə bir əsər varmı ki, özləri ona imza atsaydılar, daha bu sahəylə məşğul olmağın onlar üçün marağı qalmazdı?

 



Bəstəkar Cavanşir Quliyev:
“Mənə görə sənətin və ədəbiyyatın imkanları sonsuzdur. Yaradıcılıq yaşam tərzidir, bir dəfə ona mübtəla oldunsa, ayrılmaq mümkün deyil. Sənət tarixində hələ bu vaxtacan belə bir addımı atan olmayıb”.

 

 

Aktyor Nurəddin Mehdixanlı: “Burada iki hal ola bilər. Arzuladığın bir rolu oynayırsan və bir sənətçi kimi nəyin varsa, ortaya qoyub, necə deyərlər,  bitirsən. Bu məqamda özünə hörmət edən sənətçi yaradıcılığa son qoymalıdır. İkinci halda isə, həyatının arzusu olan rolu ifa edirsən və bu rol sənə uğur gətirir. O uğurun arxasınca mütləq yeni bir arzu doğacaq.

 

Mən bir az başqa cür fikirləşirəm. Hesab edirəm ki, uğurlu iş yeni bir başlanğıc, yeni bir arzuya vəsilədir”.

 

Rəssam Yusif Mirzə: “Böyük fransız rəssamı Jan Enqr haqqında digər dahi sənətkar Sezan deyib: “Enqr böyük ustaddır, amma onun əsərlərinə baxanda ürəyim bulanır”.

Ən gözəl əsər çox nisbi anlayışdır.Yaradıcı insan işləyir, yaradır, əsərini tamamlayır, sonra onun haqqında düşünür, razı qalır, ondan zövq alır və sairə. Bir müddətdən sonra hər şey yenidən təkrarlanır. Yaradıcı insan üçün sənətin sonu, həyatın sonu deməkdir. Mənim sənətim, mənim həyatımdır. Şəms Təbrizi kamilliyin sonu yoxdur, deyib. Sənətə gəlincə, bu da kamilliyin bir yoludur”.

 

 

Şair-publisist Qulu Ağsəs: “Lev Tolstoyun “Hacı Murad” əsərinin bir neçə səhifəlik girişi var. Məncə, heç vaxt elə yaza bilmərəm. Yazıçı həmin girişdə elə təsvirlər verib, elə təhkiyələr işlədib ki, nəhayətsiz dərəcədə gözəldir. Kiminsə hansısa əsəri o cür əsrarəngiz başlaya biləcəyini təsəvvür eləyə bilmirəm. “Hacı Murad”ın başlanğıcını oxuyandan sonra, demək olar ki, başqa əsərlər gözümdən düşdü.

 

Ancaq onu deyim ki, heç bir əsər insanın əlini qələmdən soyuda bilməz. Sadəcə, adam yaza bilməyəndə yazmır”.

 

 

                                                                                                           

 Sevinc Fədai