Elektron ədəbiyyat və sənət portalı

Nobel mükafatının pərdəarxası məqamları

Bölmə: Ədəbiyyat 13.09.2017

Məlum olduğu kimi, Nobel mükafatı dünyanın ən nüfuzlu ödülü kimi qəbul edilir.

Ədəbiyyat üzrə qaliblərin seçimi bəzən qalmaqallara səbəb olub, tənqidçilər və ictimaiyyət arasında ciddi müzakirələr doğurub. Təbii ki, dəqiq elmlərlə müqayisədə ədəbi əsərin bədii məziyyətlərinin seçimi xeyli mürəkkəb prosesdir. Həmçinin Nobel Mükafatı Komitəsini dəfələrlə gerçək ədəbi dəyərləri konyukturaya qurban verməkdə ittiham ediblər.

Bu sıradan imzaları Nobel mükafatıyla bağlı daha çox hallanan, mübahisələrə səbəb olan 17 yazıçının adlarını təqdim edirik.

 

  1. Lev Tolstoy

1901–1912-ci illərdə İsveçin Rusiyaya qarşı mənfi münasibəti hər sahədə açıq-aşkar özünü büruzə verirdi. Tolstoyun adı dəfələrlə Nobel mükafatına namizədlər arasında olsa da, dahi yazıçı İsveç Akademiyasının qalibi adını ala bilmədi.

 

  1. Anton Çexov

Çexov da Tolstoyla eyni taleni yaşadı. O da rus olmağının əziyyətini çəkdi. Akademiya mükafatı İkinci Dünya müharibəsi dövründə yalnız müharibəyə qatılmayan ölkələrin nümayəndələrinə verəcəyini açıqladı.

 

  1. Pörl S.Bak

Pörl S.Bak 1938-ci ildə Nobel qazanan ilk amerikalı qadın yazıçı oldu. Amma o, bu mükafata Vircinya Vulfun daha çox layiq olduğunu açıqladı. Bu açıqlama ciddi müzakirələrə səbəb oldu.

 

  1. Xorxe Luis Borxes

Heç bir mübaliğəsiz XX əsrin ən böyük yazıçılarından sayılan Xorxe Luis Borxes də böyük şöhrətə və uğurlara malik olsa da, bu mükafatı ala bilməyənlər cərgəsinə düşdü.

Sağçı-mühafizəkar siyasi görüşlərə malik argentinalı yazıçının adı namizədlər siyahısında çilili diktator Pinoçetə qarşı çıxmaması və onun təqdim etdiyi mükafatı alması Borxesi Nobelin qalibləri sırasından kənarda qoydu.

 

  1. Vladimir Nabokov

Rus əsilli amerikalı yazıçı Vladimir Nabokovun da bu mükafatı ala bilməməsi müzakirə doğurmuşdu. Onun namizədliyi 1960-cı illərdən başlayaraq, ard-arda düz dörd dəfə irəli sürülüb.

Nabokovun namizədliyinə qarşı çıxış edənlər arasında İsveç Akademiyasının daimi üzvü Anders Esterlinq də vardı. O, 1963-cü ildə yazırdı: ““Lolita” kimi güclü, amma həm də əxlaqsız əsərin müəllifinin heç bir halda mükafata namizədliyi irəli sürülə bilməz”.

Aleksandr Soljenitsın isə sözügedən mükafata layiq görüldükdən iki il sonra komitəyə Nabokovun Nobelə namizədliyinin irəli sürülməsini tövsiyə etdi. Bu təklif yerinə yetirilmədi, amma bununla belə, Soljenitsın SSRİ-dən sürgün olunduqdan sonra – 1974-cü ildə ona yazdığı məktubunda Nabokov həmin addımına görə yazıçıya minnətdarlıq edirdi. 

Sonradan bir çox nəşrlərin (“London Times”, “The Guardian”, “New York Times”) tanınmış müəllifləri Nabokovu, layiq olsa da, Nobel ala bilməyən yazıçılar siyahısına aid etmişdilər.

 

  1. Jan Pol Sartr

“Mükafatdan imtina etməyim kifayət qədər düşünülmüş addımdır: axı mən həmişə rəsmilərin qayğısını rədd etmişəm. İkinci Dünya müharibəsindən sonra, yəni 1945-ci ildə mənə Fəxri Legion ordeni təklif olunanda da qəbul etmədim. Halbuki o zaman hökumət dairələrində xeyli dostum var idi. Onlardan bir çoxunun israrına rəğmən, mən "Kollej de Frans"a daxilolma təklifindən də həmişə uzaq durmuşam...”

Sartr “Nobeli niyə qəbul etmədim” adlı məqaləsində belə yazırdı. Beləliklə, o, Nobel mükafatından imtina edən ilk (əslində, həm də yeganə) yazıçı oldu.

 

  1. Aleksandr Soljenitsın

Soljenitsın əvvəl mükafatı rədd etsə də, sonradan qəbul edib. Əhvalat isə belə olub:

1970-ci ilin Nobel Ədəbiyyat Mükafatı SSRİ-yə müxalif olan dissident yazıçı Aleksandr Soljenitsına verilir. Ancaq sovet hakimiyyətinin təzyiqlərindən ehtiyat edən yazıçı Stokholmda keçirilən təqdimat mərasiminə qatılmır.

Bundan sonra o, İsveç Akademiyasına SSRİ səfirliyində ictimaiyyət üçün açıq bir tədbir keçirməyi təklif edir. Tələbi təmin olunmadığından mükafatdan imtina edir.

Ancaq Soljenitsın ölkəsindən sürgün edildikdən sonra, 1974-cü ildə mükafatı qəbul edir.

 

  1. Eyvind Conson və Harri Martinson

1974-cü ildə mükafat Akademiya tərəfindən eyni vaxtda iki isveçli yazıçıya – Eyvind Conson və Harri Martinsona verildi. İkisi də Nobel Mükafatı Komitəsinin üzvü idi və öz ölkələrindən kənarda elə də tanınmırdı. Nəticə etibarilə bu seçim də bir xeyli sual ortaya çıxardı.

 

  1. Dario Fo

Dario Fo mükafatı 1997-ci ildə alıb. O, yazıçı, teatr rejissoru idi. Tənqidçilər onu Nobel mükafatına layiq görmürdülər. Katoliklər isə hesab edirdilər ki, Fo bu mükafatı Vatikan əleyhinə yazdığı tənqidi yazılara görə alıb.

 

  1. Elfrida Yelinek

2004-cü ildə Nobel mükafatını avstriyalı feminist yazar Elfrida Yelinekin alması da müzakirələrə səbəb oldu. Hətta Nobel Mükafatı Komitəsinin üzvləri belə, xəyal qırıqlığı yaşadıqlarını etiraf etmişdilər.

 

  1. Harold Pinter

Mükafatı 2005-ci ildə alan ingilis yazıçısı müharibəyə qarşı çıxdığından hərbi xidmətdən imtina edib. Hətta buna görə cəzalandırılıb. Harold Pinter həm də insan hüquqları müdafiəçisi kimi tanınır. O, 1985-ci ildə Türkiyədə olub və insan haqlarının pozulmasına görə bu ölkəni tənqid edib.

Harold Pinter İraq müharibəsinə qarşı aparılan kampaniyanın da ən fəal üzvlərindən olub. Bəzən elə bu səbəblərdən mükafatın ona ədəbi yox, siyasi fəaliyyətinə görə verildiyi iddia edilir.

 

  1. Orxan Pamuk

2006-cı ildə mükafatı alan Orxan Pamukla bağlı da müxtəlif fərziyyələr irəli sürülüb. Pamukun mükafat almasından az əvvəl İsveçrənin həftəlik “Das Magazin” jurnalına verdiyi müsahibədə: “Bu torpaqlarda bir milyon erməni və otuz min kürd öldürüldü”, – deməsi qalmaqala səbəb oldu. Yazıçının reallığı əks etdirməyən bu açıqlamanı məhz Nobel almaq üçün verdiyi iddia edilir.  

 

  1. Herta Müller

Herta Müller Rumıniyada Çauşesku rejiminin təzyiqlərindən Almaniyaya mühacirət edib, daha sonra bu ölkənin vətəndaşlığını alıb.  Onun 2009-cu ildə Nobel mükafatına layiq görülməsi təəccüblə qarşılandı.

Xüsusilə də amerikalı ədəbiyyat tənqidçiləri və akademiklər belə bir yazıçını tanımadıqlarını əsas gətirərək, Nobel Mükafatı Komitəsini “Avropa mərkəzçiliyi”ndə ittiham etdilər.

 

  1. Mario Varqas Lyosa

Perulu yazıçı-dramaturq, tənqidçi Mario Varqas Lyosa Nobel mükafatını 2010-cu ildə  alıb. Qeyd edək ki, Lyosa da siyasi görüşlərinə (Latın Amerikası dövlətlərinə ünvanlanmış açıq tənqidlərinə) görə özünə düşmən qazanmış yazıçılardandır.

 

  1. Patrik Modiano

2014-cü ildə mükafatı qazanan Patrik Modiano öz ölkəsində – Fransada sevilsə də, onun hüdudlarından kənarda, demək olar, tanınmırdı. Bu səbəbdən Modianonun Nobel mükafatı alması da geniş müzakirələrə səbəb oldu.

 

  1. Yaşar Kamal

Yaşar Kamalın adı müəyyən dövrlərdə Nobel mükafatına namizədlər sırasında olub. Bəzilərinin fikrincə, Türkiyədən mükafatı almağa layiq olan ilk yazar məhz odur. Nobel ala bilməsə də, Yaşar Kamal xeyli nüfuzlu mükafatlara layiq görülüb.

 

  1. Bob Dilan

Bu siyahıda mükafatçılar arasında, bəlkə də, ən çox qalmaqala səbəb olan imza Bob Dilandır. Onun mükafatı alması əsl sürpriz idi. Buna səbəb Bob Dilanın yazardan çox, musiqiçi kimi tanınması idi.

Üstəlik, Nobel Mükafatı Komitəsi uzun müddət Dilanla əlaqə yarada bilmədi. Dilanın bu davranışı özündənrazılıq kimi qiymətləndirildi. Dilan, nəhayət, mükafatı qəbul etsə də, mükafatlandırma mərasimində iştirak etməyəcəyini açıqlayaraq, bununla, ona qarşı səslənən tənqidləri daha da artırdı.

 

Sevinc Fədai