Elektron ədəbiyyat və sənət portalı

Afrika yazıçısının hekayəsi

Bölmə: Ədəbiyyat 23.11.2017

Klariss Ratsifandrihamanana

Afrika yazıçısı Ratsifandrihamanananın incə yumorla yazılmış “Mən kiməm?” hekayəsi ilk baxışda bir az ekzotik görünsə də, müəllifin milli, daha doğrusu, qəbilə adət-ənənələrinə ironiyalı yanaşma tərzi kifayət qədər müasirdir.

 

MƏN KİMƏM?

(Hekayə)

Gecə yuxudan ayılanda məni soyuq tər basmışdı. Bir fikir mənə rahatlıq vermirdi. Bu fikir sanki düyün düşmüş ip idi. Elə bir ip ki, düyününü açmaq üçün bilmirsən hansı ucundan dartasan. “Mən kiməm?” – elə hey özümdən soruşuram. Mən kimin oğluyam? Kimin əriyəm? Kimin qayınatasıyam? Kimin qaynıyam? Kimin atasıyam? Kimin nəvəsiyəm? Kimin babasıyam? Bəlkə, xəstələnib yaddaşımı itirmişəm? Bəlkə, doğrudan da, mən o məsələ? Yox, mən nə gicləyirəm. Axı mən insanlarla adam kimi danışıram, adam kimi onların soruşduqlarına cavab verirəm. Amma arabir fikirlər başımdan buxarlanıb çıxır, onları tutub saxlaya bilmirəm. Belə vaxtlarda sanki dəliyə dönürəm.

Lap əvvəldən başlayım. Bir vaxtlar, yaxşı yadımdadır, yaddaşım tamamilə normal, hətta mən deyərdim ki, çox iti idi. Məsələn, uşaqlıqda başıma gələnləri bu gün kimi xatırlayıram.

Anadan olduğum kənd də yaxşı yadımdadı. Meşənin o başındakı bulağı da, kəndi əhatə edən xəndəyi də unutmamışam. İstərsəm, hasardakı hər bir dəlmə-deşiyi göstərib, uşaq vaxtı dırmaşdığımız ağacların şəklini gözüyumulu çəkərəm. İstədiyim vaxt atamın surətini gözüm qarşısında canlandıra bilərəm və əgər mən özüm özümə “kimin oğluyam?” sualını verirəmsə, bunun ayrı səbəbi var.

Vaxt ötürdü. Mən böyüyüb hündür, arıq, amma yaraşıqlı oğlana çevrilmişdim. Enli çiyinlərimə, əzələli qollarıma hətta idmançılar da həsəd apara bilərdilər. Bəlkə, elə buna görə idi ki, çox nərmə-nazik bir qızla evləndim. Mən onu çox sevirdim və göz bəbəyi kimi qoruyurdum. Amma onun alnına qısa bir ömür yaşamaq yazılıbmış...

Arvadımın ölümündən sonra çox fikir çəkirdim, özümü ələ almağa çalışırdım. Bu işdə mənə Seli kömək elədi. Tezliklə anladım ki, Selisiz yaşaya bilmərəm. Onunla evlənmək qərarına gələndən sonra çoxları məni qınamağa başladılar. Rəhmətlik arvadımın qohumları hirsli-hirsli mızıldanırdılar: “Arvadının qəbirdə meyiti hələ soyumayıb, sən isə artıq başqasını tapmısan!” Hər şeyə dözdüm. Seliylə evləndim. Atam mənə mane olmadı. Təkcə bir dəfə sözarası dedi: “Hələ cavansan, cəmi iyirmi beş yaşın var. Arvadın isə səndən on beş yaş böyükdür. Özün qərar ver, boş yerə deməyiblər ki, “yüz ölç, bir biç”.

Doğrudan da, Seli məndən yaşca xeyli böyük idi, amma bu, məni fikrimdən daşındırmadı. O həddən artıq enerjili, gülərüz və mehribanıydı. Çox xoşbəxt idim ki, arvadım belə tər çiçək kimidir, belə gülərüzdür. O sanki cavanlıqla müqavilə bağlamışdı. Seli, həqiqətən də, cavan idi – dərisi hamar, yerişi-duruşu can alan, sinəsi iri. Bir sözlə, gözəllər gözəli. Gözəlliyi süni yox, çox təbii idi. Mənə elə gəlirdi ki, qocalıq onu heç vaxt tapmayacaq. Heç kim inanmazdı ki, Selinin qızının artıq on səkkiz yaşı var. Zori də gözəllikdə anasından geri qalmırdı.

Bu cür böyük qızımın olması mənim çox xoşuma gəlirdi. Zori məni “ata” deyib çağırırdı. Əvvəlcə bu, onun üçün o qədər də asan deyildi. Bir evdə yaşamağa başlayandan sonra o, buna öyrəşdi. Xoşbəxtlik və sevinc evimizin qapısından keçib içəri girdi. Seliylə bir-birimizi çox sevirdik. Zori bizim gözümüzün işığı idi. İstəyirdim daha çox pul qazanım – axı belə böyük qızımın qayğısını çəkməliydim. Çox keçməmiş Seli hamilə oldu. Zori səbirsizliklə yeni balaca varlığın dünyaya gəlməsini gözləyirdi. Dədə-babadan geri qalmamağa çalışırdım. Ancaq bundan sonra bizim nə qədər uşağımız doğulsa da, onlar həmişə Zorinin balaca bacı və qardaşları olacaqdılar.

Amma... Elə dolaşıqlıq da buradan başlayır. Fırlanan təkər içindəki dələ kimi tilsimlənmiş çevrədən çıxa bilmirəm... Atam evləndi. Buna görə onu qınamadım – axı anam çoxdan rəhmətə getmişdi. Amma onun arvadının... Zori olacağını biləndə bu, mənim üçün ildırım vurmaq kimi bir şey oldu. Hələ də özümə gələ bilmirəm.

Atamın əlliyə yaxın yaşı var, ancaq onu qoca adlandırmaq olmaz. Başında bir dənə ağ tük, üzündə bir dənə qırış olmayan, ağzında dişləri cağbacağ, qaməti düz, çiyinləri enli, dəmir kimi möhkəm bir kişidir. Kənddə onu zarafatla “yaşlı cavan” adlandırırdılar.

Atam eşqə düşüb Zoriyə vuruldu. O da atamı sevdi. Beləliklə də, mən özümə ögey ana qazandım. Elə bu vaxtdan mənim mənəvi iztirablarım başladı.

Zori artıq məni “ata” adlandırmırdı. Elə düz də edirdi, axı mən onun oğluydum. Amma hər dəfə fikirləşəndə ki, mən Zorinin oğluyam, başımdakı fikirlər hamısı bir-birinə qarışırdı.

“Mən kiməm?” – bax haqqında düşünmək istəmədiyim sual bu idi, ancaq bu sual məni öz kölgəm kimi qarabaqara izləyirdi. Mən Zorinin atasıydım. Ancaq mənim qızım Zori indi mənim anam sayılırdı – axı o, anamı əvəz etmişdi, atamın soyadını götürmüşdü, Tanrının buyruğu və insanların xeyir-duası ilə onun arvadı olmuşdu. Elədir ki var, o, indi mənim anam idi... Və qayda-qanunlara görə, mən atamı “ata” deyə çağırdığım kimi, ona da “ana” deyib müraciət etməliydim. Hələ bu harasıdır. Həngamə bundan sonradır... Ağzımı açıb ilk kəlməni dediyim gündən “ata” deyib çağırdığım adam indi mənim kürəkənim idi – axı o, mənim qızımla evlənmişdi.

Ailə böyüyürdü. Seli ilə mənim oğlumuz dünyaya gəldi. Biz onu Niri adlandırdıq. Niri bizim ikinci övladımız sayılırdı. Birinci uşağımız Zori idi. Bəli, Niri mənim oğlum, Zorinin balaca qardaşı idi. Zorinin balaca qardaşı? Deməli, mənim atamın arvadının balaca qardaşı? Elədir ki var, Niri atamın arvadının balaca qardaşı və deməli, həm də atamın qaynı idi. Belə çıxır ki, əgər Niri Zorinin, yəni mənim analığımın qardaşıdırsa, onda o, mənim oğlum yox, dayımdır.

Başımı tutub durmuşdum. Yox, yox, Niri mənim oğlumdur. Mən öz gözlərimlə Selinin – arvadımın onu necə dünyaya gətirməsini görmüşəm. Eh, öz gözlərimlə görmək nə deməkdir ki? Atam onu “qayın” deyib çağırır. Atamın qaynı? Əgər belədirsə, onda Niri, doğrudan da, mənim dayımdır.

Atamla analığımın da oğlu dünyaya gəldi. Özümə qəşəng, toppuş bir qardaş qazandım. Uşağın adını Manqa qoydular. Yox, yox, mən səhv edirəm. Manqa mənim balaca qardaşım deyil – axı o, Zorinin oğludur. Zori isə bizim böyük qızımızdır. Deməli, Manqa – bizim nəvəmizdir.

Daha bu haqda fikirləşə bilmirəm. Əməlli-başlı çaşbaş qalmışam. Nirinin şəcərəsini özüm üçün aydınlaşdırmağa çalışıram. Zori – bizim böyük qızımızdır. Zorinin oğlu Manqa – bizim nəvəmizdir. Zori mənim anam olduğuna görə, təbii ki, Niri, bizim oğlumuz – onun nəvəsidir. Belə çıxır ki, Niri bizim oğlumuz deyil. Əgər o, Zorinin, qızımızın nəvəsidirsə, onda bizim nəticəmiz sayılmalıdır.

Amma bu, həqiqətə oxşasa da, onunla necə razılaşmaq olar? Həqiqət isə bundadır ki, mənim oğlum Niri Manqanın elə-belə qohumu deyil. Axı mənimlə arvadım – Zorinin, yəni Manqanın anasının valideynləriyik. Deməli, mən Manqanın babası, Niri isə dayısıdır.

Bütün bunlara aydınlıq gətirməyincə rahatlıq tapmayacağam. Sevimli arvadım Selidən kömək istəyəcəyəm. Birlikdə bütün bunlara cavab axtaracağıq, çünki bunlar mənim ağlımı başımdan alır. Dayan görüm, məgər Seli mənim arvadım deyil? Yox. Axı o, Zorinin – mənim analığımın anasıdır. Belə çıxır ki, Seli mənim nənəmdir. Bəli, Seli mənim nənəmdir və əgər Zori – mənim analığım onun qızıdırsa, deməli, mən də onun nəvəsiyəm.

Seli? Bəli, o, doğrudan da, mənim nənəmdir. Onda əgər mənim nənəmin əri mənim babamdırsa... İlahi, məni xilas edin. Mənə deyin görüm, mən kiməm? Mən Selinin əriyəm, Seli mənim nənəmdir, deməli, mən özümözümün babasıyam. İlahi, mən dəli oluram: axı mən kiməm?

 

Çevirdi:

Rövşən Ramizoğlu