Elektron ədəbiyyat və sənət portalı

Mustafa Akkadın ilahi sevgisi

Bölmə: Mədəniyyət 24.09.2015

Hamının terroru lənətlədiyi bir vaxtda ortaya çıxan xəbər isə dünyanı ikinci dəfə sarsıtdı; bəlli oldu ki, terrora məruz qalanların içində məşhur rejissor Mustafa Akkad da var. İndiyədək islam tarixi, islam peyğəmbəri barədə çəkilən ən maraqlı ekran əsərinin – “Çağırış” filminin rejissoru Mustafa Akkad...

 

Suriyalı oğlanın Amerikaya “Çağırış”ı

Mustafa Akkad 1935-ci ildə Suriyanın Hələb şəhərində doğulmuşdu. O, gənclik illərində kinorejissorluğa maraq göstərirdi. 1950-ci ildə Hələbdən Amerikanın kino mərkəzi olan Los Ancelesə köçən Akkad, Kaliforniya Üniversitetində teatr təhsili görməyə başladı. O, daha sonra Cənubi Amerikada təhsilini davam etdirdi, dövrün sənət mühiti ilə iç-içə yaşamağa başladı. Gələcək filmlərinin ideyası da elə məhz bu dövrdə yaranmağa başladı.

Bu illərdə onu bir sənətkar kimi düşündürən əsas sual bu idi: İslam dinini, islam dininin tarixini kinoya necə gətirmək olar? Bu məqsədlə araşdırmalara başladı. Lakin indi ortada görünən nəticələr o qədər də asan əldə olunmadı. Akkad bu yolda çox çətinliklərdən keçəsi oldu.

O dövrdə Amerika kinosunda müsəlmanlar qorxunc, vəhşi kimi qələmə verilir, islam terror dini kimi göstərilirdi. Mustafa Akkad müsahibələrinin birində “Çağırış” filminin ideyasının yaranmasını belə nəql edib: “Övladım dünyaya gələndə bir məsuliyyət hissi yaşadım, başa düşdüm ki, ona mənsub olduğumuz dini, onun missiyasını çatdırmalıyam. “Çağırış”ın ideyası da burdan yarandı.

Ancaq bu film çox böyük çətinliklər hesabına başa gəldi. Hollivudda Entoni Kuinin baş rolda oynadığı tarixi islam filmi çəkmək, doğrudan da, çətin idi. Çünki Hollivud nə vaxt islam mövzusuna toxunmuşdusa, ancaq xoşagəlməz məqamlar göstərmişdi.

Bu filmin mənim qəlbimdə xüsusi yeri var. “Çağırış”ın özünəməxsus hekayəsi, təəccüblü məqamları və kədəri var idi. Bütün bunlardan əlavə bir məsələni demək istəyirəm: Mən Qərbdə yaşayan bir müsəlman sənətkarı olaraq, dinimi təqdim etməyi özümə sanki bir borc bilirdim. 700 milyon tərəfdarı (müsahibə 1976-cı ildə verilib) olan bir dinin bu qədər az tanınması, açığı, məni narahat edirdi. Mən mənsub olduğum etiqadla Qərb dünyası arasında körpü rolu oynamaq istəyirdim”.

Akkad “Çağırış”ı hamıdan çox islam haqqında yanlış təsəvvürlərlə yaşayan amerikalılar üçün çəkmişdi. O, xristianlara öz məntiqləri, öz dilləri ilə müraciət edirdi. Filmdə xristianlıqla islam arasındakı münasibətə Həzrəti Məryəm kontekstindən yanaşılır, islam dininin bəşəriliyi ön plana çəkilirdi.

“Çağırış”ın baş qəhrəmanı islam peyğəmbəri Həzrəti Məhəmməddir. Lakin onun üzü göstərilmir. Filmin çəkilişləri zamanı xoşbəxtlikdən islam alimlərinin dedikləri ilə Akkadın fikirləri üst-üstə düşmüşdü, onlar birlikdə belə qərara gəlmişdilər ki, bu müqəddəs insanın üzünün göstərilməməsi daha məqsədəuyğundur. Mustafa Akkad müsahibəsində deyirdi: “Nəinki Məhəmməd əleyhissəlamın, Həzrəti İsanın, Həzrəti Musanın da üzü göstərilməməlidir”.

Qəribədir ki, bu ekran əsərində islam peyğəmbəri ilə yanaşı, xəlifələrin – Əbu Bəkrin, Ömərin, Osmanın və Əlinin də üzü göstərilmədi. Onların hamısının əvəzində peyğəmbərin əmisi Həzrəti Həmzə dahi aktyor Entoni Kuinin təqdimatında tamaşaçılara təqdim edildi.

Filmlə bağlı ən ciddi maneələrdən biri də nüfuzlu islam universitetlərinin “Çağırış”ın tarixi hadisələr əsasında çəkilməyini təsdiq etməsi idi. Mustafa Akkad bu çətinliyin də öhdəsindən gəldi. O, çəkilişlər zamanı tarixi hadisələrə o qədər sadiqlik göstərdi ki, Əzhər Universiteti “Çağırış”ın “legitimliyini” tanıdı.

Beləliklə, Akkad hər iki cəbhədə uğur qazandı. Sənətkarlıq xüsusiyyətlərinə görə dünya kino tarixinə düşəsi bir film çəkməklə yanaşı, bu filmi şəriət alimlərinin senzurasından xilas edib, geniş kütlələrə rahatlıqla təqdim edə bildi.

 

Vəhhabilər sponsorluqdan imtina edir

Filmin çəkilməsi ilə bağlı ən böyük problem maddi problem idi. Bu iş çox böyük büdcə tələb edirdi. Əvvəl-əvvəl Səudiyyə Ərəbistanı maliyyə məsələlərinin həllini öz üzərinə götürdü.

Çəkilişlər 1974-cü ildə Fasda başladı. Lakin bir müddət sonra ssenari ilə tanış olan vəhhabi rəsmiləri “Çağırış”da səhabələrin bütləşdirildiyini, bunun islam qaydalarına zidd olduğunu deyərək Akkadın layihəsinə pul ayırmaqdan imtina etdilər. Ərəbistanın bu münasibətindən sonra Fas hökuməti də Akkad və komandasını ölkədən çıxmağa məcbur etdi.

Akkad bu dövr ərzində “Çağırış”ın cəmi 15 dəqiqəsini çəkə bilmişdi. O, həmin on beş dəqiqəni o dövrdə Liviyanın dövlət başçısı olan Muammər Qəddafiyə göndərdi. Filmdən razı qalan Qəddafi Akkada kömək edəcəyinə söz verdi.

Bundan sonra Qəddafinin dəvəti ilə filmin yaradıcı heyəti Liviyaya köçdü. “Çağırış” 1976-cı ildə Liviyada tamamlandı.

 

Ömər Muxtar – “Səhra aslanı”

“Çağırış” filminin böyük uğurundan sonra Qəddafi Akkaddan Liviya milli azadlıq hərəkatının lideri Ömər Muxtar barədə film çəkməyi xahiş etdi. Akkad o illərdə baş verənləri belə danışırdı: “Qəddafinin təklifini qəbul etdim. Pul problemi olmadığına görə film istədiyim kimi çəkildi. “Səhra aslanı” ilə fəxr edirəm. Bu işimdə kino sənətinin bütün incəliklərindən istifadə etmişəm”.

“Səhra aslanı” filminin süjet xətti belədir: “Diktator Mussolini yerli müsəlmanları yer üzündən silmək üçün 20 il boyunca Afrikada terror siyasəti həyata keçirir. O, general Rodolfo Grazianini Liviyaya göndərir və üsyançıları qırmaq əmri verir.

Bu dövrdə Liviyanın milli azadlıq hərəkatına ixtisasca müəllim olan Ömər Muxtar rəhbərlik edir. Ömər Muxtar İtaliya işğalçılarına qarşı rəşadətlə döyüşür, son anında belə öz müsəlman ləyaqətini itirmir.

Mustafa Akkad səhnələrin həqiqətə yaxın olmasına xüsusi diqqət göstərirdi. Hətta Benito Mussolininin rolunu canlandıran aktyorun saçını qırxdırmaq üçün bir vaxtlar diktatorun şəxsi bərbəri olmuş ustanı tapıb gətirtmişdi. Filmin çəkilişi üçün ayrıca qəsəbə inşa edilmişdi, həmin qəsəbədə 400-yə yaxın bina tikilmişdi.

Qəddafinin 35 milyon dollar vəsait ayırdığı film çox böyük maraq və sevgiylə qarşılandı.

 

Mustafa Akkadın yarımçıq qalan layihələri

Mustafa Akkad İstanbulun fəthi və Fateh Sultan Mehmetin həyatı barədə də film çəkmək istəyirdi. Hətta ən yaxın vaxt ərzində bu filmin çəkilişlərinə başlanılması planlaşdırılırdı. Bu məqsədlə İstanbul bələdiyyəsi ilə müəyyən razılıq əldə edilmişdi.

Filmin büdcəsinin bir qismini İstanbul bələdiyyəsi ödəyəcəkdi. Lakin qalan pulu Türkiyə şirkətləri öz üzərlərinə götürmədilər.

Mustafa Akkad İstanbulun fəthi ilə bağlı filmdən sonra türk-islam dünyasının ən böyük şəxsiyyətlərindən biri olan Səlahəddin Əyyubi və Səlcuq hökmdarı Alparslanın həyatını ekranlaşdırmaq istəyirdi.

Akkad yaşının ahıl çağında da axtarışlardan əl çəkmir, islam tarixinin ən parlaq şəxsiyyətlərinin həyatı barədə layihələr həyata keçirmək istəyirdi.

O, şəriət alimlərinin senzor qılıncından yayınmışdı, filmlərini çəkmək üçün milyonlarla pul tapa bilmişdi, Amerikanın, Avropanın, sənət dünyasında islam tarixi, islam peyğəmbəri ilə bağlı bütün təsəvvürləri öz parlaq istedadı, əzmkarlığı hesabına alt-üst etməyi bacarmışdı. Lakin dini-dili bir olan insanların nadan və xain hücumundan qoruna bilmədi.

70 yaşlı rejissor teraktdan sonra xəstəxanada öldü. Akkadın cənazəsi İordaniyadan Suriyanın paytaxtına – Şama gətirildi. Suriyanın baş naziri Məhəmməd Naci Otrinin qarşıladığı cənazə Şamdan Hələbə göndərildi. Böyük rejissor burada – uşaqlığının keçdiyi şəhərdə dəfn edildi.

MÖVLUD