Bu “gülləbaran” günlərin bir günü ürəyinə sıxdığı gülləylə sona yetdi

Ədəbiyyat 29.11.2017

GÜMÜŞ DÖVRÜN ŞAİRLƏRİ

Marina Svetayeva Mayakovskinin ölümünə həsr etdiyi şeirlərdən birində “İlahi, öz düşməninin ruhuna rahatlıq ver”, deyirdi.

Amma Mayakovski Allahdan daha çox özünün düşməni idi. Yəqin ki, dünya poeziyası öz böyük istedadını bu cür həvəslə məhv etmiş ikinci dahi şair tanımır. Hətta on doqquz yaşında şeir yazmaqdan imtina edib, bundan sonra şeirsiz-filansız on doqquz il də ömür sürən böyük fransız şairi Artur Rembo belə öz istedadına qarşı Mayakovskidən daha insaflı və vicdanlı olub. Ən azı, istedadına layiq olmayan bircə misra da yazmayıb.

Əslinə qalsa, 37 yaşında intihar edən Mayakovskinin yaradıcılığının dahiyanə dövrü Rembonunkundan o qədər də çox çəkməyib. Çünki Mayakovski də özünün ən dahiyanə şeir və poemalarını yaradıcılığının ilk dövründə, 21–23 yaşlarında yazıb. Onun “futurizm” cərəyanının bayraqdarı olduğu, içi Puşkin qarışıq, o vaxta qədərki rus şairlərinin və yazıçılarının hamısını “müasirlik gəmisindən atmağa” iddia etdiyi inqilabaqədərki o dövr həm də Birinci Dünya müharibəsi illəri idi. Və bu müharibə havası da onun həmin dövrdə yazdığı bir çox şeir və poemalarda duyulur.

Mayakovskinin inqilabdan sonra yazdıqları (bir neçə şeirini və “Bu barədə” adlı dahiyanə poemasını çıxmaqla), əslində, onun bir şair kimi yaşadığı böhran və tənəzzülün məhsuluydu. Özü də bu böhran və tənəzzül qaynar, gurultulu şeir gecələrinin, kəskin ədəbi savaşların hay-küyü altında baş verirdi. Bu illərin Mayakovskisi şairdən daha çox, döyüşçüydü. İçiylə yox, çölüylə yaşayırdı. Bütün düşmən saydıqlarına, sağçılara, əks-inqilabçılara və s. atəş açmaqla məşğul idi. Və bu “gülləbaran” günlərin bir günü onun öz ürəyinə sıxdığı gülləylə sona yetdi. Yenə Svetayevanın şeirində deyildiyi kimi:

“O, həmişə sağa güllə atardı,

Qəfil birdən sola çaxdı gülləni”.

RAMİZ RÖVŞƏN

 

 

 

V.V.MAYAKOVSKİ

MÜƏLLİF BU SƏTİRLƏRİ SEVİMLİ ÖZÜNƏ HƏSR EDİR

 

Bu sözləri beynimizə

               görən kim mismarladı;

“Allahın Allah yeri var,

               padşahın padşah yeri”.

Bəs mən onda hara gedim,

               mənim yuvam hardadı?

Varmı mən boyda adama

               bir sığınacaq yeri?

 

Mən də Sakit okeantək

               xırda olsaydım əgər,

Sularımda çimən ayla

               sevişərdim gecələr.

Özüm boyda yarı indi

               hardan tapım özümə?

Mənim yarım sığışarmı

               darısqal göy üzünə?

 

Axx, əgər kasıb olsaydım

               mən də milyarder kimi,

Başıma yağan pul-para

               başımı qatardımı?

Qoşun-qoşun hücum çəkən

               arzumu, istəyimi

Doyurmağa 

               bu dünyanın

                       qızılı çatardımı?

 

Cızma-qara eləsəydim

               Dantetək, Petrarkatək,

Şeirlərim od salsaydı

               sevgilimin canına –

Bu dünyanın gözəlləri

               sıraya düzülərək

Sevişməkçin

               dəstə-dəstə

                        axışardı yanıma.

 

Göydə çaxan ildırımtək

               batıq olsaydı səsim,

Heç diksinib qorxardımı

               göydə uçan quş belə?

Mən bir dəli nərə çəksəm,

               titrəyər yer kürəsi,

Ulduzlar da başı üstə

               tökülər göydən yerə.

 

Günəştək sönük olsaydım –

               neyləyərdim mən onda?

Görən, oya bilərdimmi

               zülmətin gözlərini?

Mən istəsəm –

               qoca dünya

                       çimər nənim nurumda,

İşığıma bələyərəm

               çıl-çılpaq dizlərini.

 

Amma məndən işıq uman,

               sevgi uman kimdi, kim?

Kiminçündü

               bir yük kimi

                          sürüdüyüm bu sevgim?

Axı hansı bəd saatda,

               hansı ulduzun altda,

Hansı günahkar bir eşqin

               meyvəsi olmuşam mən?

Heç kəsə lazım olmayan

               bu yekəpər vücudla

Görən, hansı nəhəng divin

               belindən gəlmişəm mən?!..

 

1916

 

 

BU GÜN YOLKA OLMAYACAQ

 

Bu gün yolka olmayacaq,

               dil tökməyin, balalar,

Atanızı meşəyə

               buraxmaq olmaz axı.

O meşənin arxasında

               ağzından od saçan

                             bir əjdaha var,

Atanızın canına

               qəlpə-qəlpə sancılar

                             onun iti caynağı.

 

Yox, bu gecə

               o yolkanın dibində

Qar kimi ağ

               pambıq da olmyacaq.

Axı indi arıtək

               min-min əsgəri sancır

                             güllələr bircə gündə,

Belə getsə,

               yaraların

                     üstünə qoymağa da

                            pambıq tapılmayacaq.

 

Şam da yandırmaq olmaz

               bu gecə sübhə qədər,

Axı nəhəng, yırtıcı

               gəmilər var dənizdə.

Orda zalım adamlar

               topların lüləsini

                       tuşlayıb gözləyirlər;

Haçan işıq yanacaq

               sizin pəncərənizdə.

 

Babanız da gəlməyəcək,

               gözləməyin nahaqdan,

Sizə oyuncaq da

               gətirən deyil.

Babanız axı indi

               zavoddadı, zavodda.

Zavod nədi?

               Barıt düzəldilən yer.

 

Musiqi də olmayacaq

               bu gecə,

Qardaşınız

               hardan bir cüt əl tapıb

                         çalsın axı qarmonu?

Bəlkə də, cənnətdə,

               elə indicə,

Qolları qırılmış bir şəhid kimi

               basır öz bağrına

                       mələklər onu.

 

Yaxşı, bəsdi, ağlamayın,

               bir az gülsün üzünüz,

Axı hələ neçə-neçə

               Yeni il var qabaqda.

Heç bircə il keçməyəcək,

               görəcəksiz özünüz;

Nəhəng yolka qurulacaq

               bu balaca otaqda.

 

Yenə mahnı deyə-deyə

               o yolkanın başına

                         dövrə vuracaq hamı.

Yolka da ki nə yolka?!

               Üstü dolu bər-bəzək,

                         lampaları rəngbərəng.

Elə uzun çəkəcək ki,

               o yeni il bayramı,

Axırda lap hamının

               zəhləsini tökəcək.

 

1916

 

 

ATLARLA YAXŞI RƏFTAR

 

Atın nalları

       yeri döyürdü.

Nallar elə bil ki,

       nəğmə deyirdi.

 

Daş-divarı

       küləklərlə

             yeyilən,

Ayağına

       buzdan çəkmə geyinən

             küçə birdən sürüşdü,

                     qaçdı nalların altdan.

Guppultuyla yıxılıb

       böyrü üstə düşdü

                o gedən at da.

Dörd yandan

       adamlar tökülüşdülər.

               baxdılar, gülüşdülər:

                      – Ata bax! Ata bax!

                      Nə pis yıxıldı bədbaxt!..

 

Bircə mən qoşulmadım

       o arsız gülüşlərə.

Bir az yaxına gəldim,

Atın gözlərin gördüm.

Gördüm onun

       qəmli baxışlarını,

Sifətindən

       damla-damla

              axan göz yaşlarını.

Ürəyimdən kədər daşdı,

       qarışdı onun qəminə.

Bir az mən ona oxşadım,

       o da mənə.

“Gözəl atım, elə bilmə,

       sənə gülən bu adamlar

               səndən xoşbaxtdı, xoşbaxt,

Sənin boynun cilovludu,

       biz azadıq, əzizim.

Bu dünyada

       hər bir adam

             bir azca da atdı, at,

Biz hərəmiz bir cür atıq, əzizim”.

 

Yoxsa duydu

       ürəyimdən keçəni?

Bu sözlərim, bəlkə də,

       gülməli gəldi ona.

Amma birdən

       topladı var gücünü,

Qalxdı,

       kişnəyə-kişnəyə

                quyruğunu yelləyib

                        düzəldi öz yoluna.

 

Unutmuşdu, deyəsən;

       ömür keçib, qocadı,

Uzun yollar

       salıb onu ayaqdan.

Ona elə gəlirdi ki,

       bir balaca dayçadı,

Ömür hələ

       qabaqdadı,

               qabaqda...

 

1918