Elektron ədəbiyyat və sənət portalı

Zeynal Əlizadənin gerçəkləşməyən arzuları

Bölmə: Mədəniyyət 04.01.2018

Onlar Fransada təhsil görmüş Bəhram bəy Axundovun rəhbərliyilə 1919-cu ilin axırlarında İstanbula yola düşmüş, çətinliklə viza alandan sonra İtaliyaya, oradan Fransaya getmiş, bu ölkələrin, eləcə də Belçika, Almaniya, Avstriyanın ali məktəblərində təhsil almağa başlamışdılar. Amma cəmi bir neçə ay sonra Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğramış, qürbətə böyük ümidlərlə getmiş cavanlar amansız ehtiyacların məngənəsində qalmışdılar. Həmin cavanların bir hissəsi Azərbaycana qayıtmayıb, qayıdanların əksəriyyəti isə repressiyaya məruz qalıb.

O cavanlardan biri də Zeynal Əlizadə (rəsmi sənədlərdə Əliyev) idi...

 

Rəssam olmağı arzulayırdı, amma...

Mədəniyyət tariximizə ilk peşəkar Azərbaycan heykəltəraşı kimi daxil olmuş Zeynal Hacıağa oğlu Əlizadə, bəzi tədqiqatçıların fikrincə, 1895-ci ildə Bakı şəhərində, tacir ailəsində anadan olub. Araşdırmaçı M.Əliyevin verdiyi məlumatda isə onun həm adı və soyadında, həm də doğum tarixində cüzi fərqlərin olduğunu görürük. Belə ki, şəhadətnaməni əsas götürsək, Əliyev Zeynalabdin bəy Hacı Ağabəy oğlu 1894-cü il aprel ayının 24-də doğulub. Şəhadətnamədə yazılıb: “1919-cu ildə, avqust ayının 27-ci günündə verilib şəhadətnamə xüsusunda ki, Ağa Zeynalabdin bəy Hacı Ağabəy oğlu Əliyev, Bakı şəhərinin sakini, Hacı Qasımbəy məscidinin camaatına mənsubdur. Təvəllüdü vaqe olub 1894-cü ildə, aprel ayının 24-cü günündə, necə ki, təvəllüdü sübut olunub məscidin metrik dəftərində. İmzanı təsdiq edirəm. Hacı Qasımbəy məscidinin mollası Molla Ruhulla Hacı Abdulla oğlu”.

Əldə olunan məlumatlara görə, onun ulu babası Hacı Mirzə Əbdülrəhim 1832-ci ildə Abbasqulu ağa Bakixanovla birgə Bakıda ilk uyezd məktəbini açıb. Həmin məktəbdə rus dili, türk dili, coğrafiya və digər elmlər tədris olunurdu.  Məktəbdə ilk olaraq müəllimliyi də Hacı Mirzə Əbdülrəhim edib, şagirdlərə türk dili və şəriətdən dərs deyib. Uyezd məktəbinin ilk məzunlarından biri də onun öz oğlu – Mirzə Zeynalabdin bəy Əliyev olub (1826-1891).

Mirzə Zeynalabdin bəy Əliyevin nəvəsi Zeynal Əlizadə uşaqlıqdan yaradıcılığa meyil salıb,  rəsmlə, ağac üzərində oyma və gildən fiqurlar düzəltməklə məşğul olub. Onun yağlı boya ilə çəkdiyi dəniz mənzərəsi, ağacdan oyub düzəldərək əmisi qızına bağışladığı kirşanqabı indiyəcən qalıb. Balaca Zeynalın ən böyük arzusu rəssamlıq təhsili almaq, təxəyyülündə yaranan, onu rahat buraxmayan mənzərələrə və obrazlara  şəxsi emalatxanasında həyat vermək idi.

Ancaq hər şey onun istədiyi kimi olmayıb. 1915-ci ildə  orta təhsilini (“Realnı” məktəbi) bitirəndən sonra atasının təkidi ilə Moskva Kommersiya İnstitutuna daxil olub, üç il orada təhsilini davam etdirib. 1917-ci ildə Romanovlar sülaləsinin yıxılması, bolşeviklərin hakimiyyətə gəlməsi onun da taleyində dərin iz buraxıb. Zeynal Əlizadə 1918-ci ilin payızında, görünür, maddi çətinliklər üzündən Bakıya qayıdıb. Azərbaycan Xalq Cümhuriyyətinin Poçt və Teleqraf Nazirliyində xüsusi tapşırıqlar üzrə baş məmur vəzifəsinə təyin olunub. Bununla belə o, rəssamlıq sənətinə olan meylindən də əl çəkməyib, yaradıcılığını fərdi şəkildə davam etdirib. 1919-cu ilin iyununda Poçt və Teleqraf Nazirliyi hökumətin göstərişi ilə poçt markalarının layihəsini hazırlayır. Layihəni gerçəkləşdirmək Zeynal Əlizadəyə həvalə edilir. Həmin il oktyabrın 20-də dövriyyəyə buraxılan 10, 20, 40, 60 qəpiklik və 1, 2, 5, 10, 25, 50 manatlıq əsginasların və markaların üzərində əlində səkkizguşəli ulduzu, ayparası olan üçrəngli bayraq tutmuş döyüşçü, oraq tutmuş kəndli və şərq naxışlı Bakı mənzərəsi əks olunub.

 

Cümhuriyyətin 100 tələbəsindən biri

Zeynal Əlizadə Kommersiya İnstitutunda oxuduğuna, alman dilini yaxşı bildiyinə görə, təhsilini ya Almaniyanın Frankfurt şəhərindəki Siyasi-İqtisadi Elmlər Akademiyasında, ya da Roma və ya Toskanadakı akademiyaların  memarlıq-heykəltəraşlıq fakültələrində davam etdirmək xahişi ilə Maarif Nazirliyinə müraciət edib. Ciddi müsabiqədən sonra o, Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, dövlət hesabına ali təhsil almaq, təhsilini memarlıq sahəsində davam etdirmək üçün İtaliyaya, Peruca şəhərində yerləşən Roma Kral Rəssamlıq Akademiyasına göndərilib.

Zeynal Əlizadə təhsil almaqla yanaşı, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə mədəniyyətin tərəqqisinə çalışanlardan biri olub. O, hökumətin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, hərbi orden-medalların və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak edib.

Gənc rəssamın layihəsi əsasında hazırlanmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi təsvir olunub.

Zeynal Əlizadənin İtaliyada təhsil alması haqqındakı məlumatlar az olsa da, onun ömür və yaradıcılıq yoluna müəyyən qədər işıq salır.  Aydındır ki, Azərbaycanda siyasi rejim dəyişəndən, xarici ölkələrdə təhsil alan tələbələrə verilən dövlət təqaüdü kəsiləndən sonra Zeynal bəy də əksər tələbələr kimi böyük maddi və mənəvi sıxıntı keçirir, təhsilini tamamlamağa çalışırdı. Düzdür, Azərbaycanda qurulmuş Sovet hökumətinin başçısı Nəriman Nərimanov həmin tələbələrin vəziyyətinə aydınlıq gətirmək üçün Bəhram bəy Axundovu İstanbula və Avropa ölkələrinə göndərmişdi.

Məlum olmuşdu ki, Osmanlıda 4, İtaliyada 3, Fransada 27, Almaniyada 49, Belçikada 3, Avstriyada 1 tələbə oxuyur, hamısının da vəziyyəti olduqca ağırdır. Maddi çətinliklər üzündən təhsili atanlar, ən ağır işlərdə çalışanlar, həbsə düşənlər, hətta intihar edənlər də vardı. Nərimanovun göstərişi ilə dövlət xəzinəsindən göndərilən yardım o qədər cüzi idi ki, tələbələrin ən adi ehtiyaclarını belə ödəmirdi. Nərimanov Azərbaycandan uzaqlaşdırılandan sonra isə həmin cüzi yardım da kəsildi.

Həmin ağır günlərdə Parisdə yaşayan Ceyhun bəy Hacıbəyli dəfələrlə Zeynal Əlizadənin köməyinə çatmışdı. Onunla  Ceyhun bəy Hacıbəyli arasındakı günümüzəcən gəlib çatan yazışmalarda söhbət, əsasən yaradıcılıq qayğılarından və maddi çətinliklərdən gedir. Zeynal bəy 1922-ci ildə məktublarının birində yazır ki, Perucada “Akkademia di Bella Arti”də oxuyur, maddi yardıma görə minnətdardır. O, öz sərgilərindən də söhbət açır. Ceyhun bəy də təhsilini başa vurması, fərdi sərgisini açması üçün ondan köməyini əsirgəmir.

 

Maddi sıxıntılar və səfalət

Zeynal Əlizadə Roma Kral Rəssamlıq Akademiyasını üç ilə (görünür, yarımçıq ali təhsili olduğuna görə) «heykəltəraşlıq professoru» diplomu ilə bitirib. O, Azərbaycana qayıtmaq istəsə də, bu addımı atmağa cəsarət etməyib. Şübhəsiz ki, bəy nəslinə mənsub olması da bu qərarı qəbul etməsində həlledici rol oynayıb. İtaliyada güzəranını təsadüfi işlərlə, əsərlərini satmaqla təmin edib, daimi iş tapmadığına görə, ağlagəlməz çətinliklərlə üzləşib. Gənc rəssam bunu Ceyhun bəy Hacıbəyliyə növbəti məktubunda da bildirir. Ona göndərdiyi sonuncu (27 avqust, 1927-ci il tarixli) məktubunda yazır ki, akademiyanı bitirib, iş tapa bilmir, korluq çəkir, buna görə də Braziliyaya köçmək istəyir. Həmin məktubda o, Bakıdan gəlmiş bacısı Saranı və Berlində tələbə olan İbad Əliyevi xatırlayır.

O illərdə heykəltəraş Zeynal Əlizadənin yeganə gəlir mənbəyi fərdi sifarişlər idi. Dünyanın ən sanballı sənət məbədlərindən biri sayılan İtaliyada kifayət qədər peşəkar rəssam və heykəltəraş olduğuna görə, sifarişlərə ümid bağlamaq xülya kimi görünürdü.

Amma Zeynal Əlizadə qarşılaşdığı çətinliklərə baxmayaraq İtaliyada tez bir zamanda istedadlı heykəltəraş kimi məşhurlaşıb, dövrün tanınmış insanlarından sifarişlər almağa başlayıb. Hətta tezliklə yaratdığı əsərlərdən ibarət böyük fərdi şərgisini də təşkil edib.

İtaliyann Peruca şəhərində böyük alman bəstəkarı Lüdviq van Bethovenin və rusiyalı mühacir, “La Skala” teatrının məşhur opera müğənnisi Sigizmund Zalesskinin məşhur büstləri Zeynal Əlizadənin yaradıcılığının məhsuludur.

O, 1925-ci ildə anası Məryəmnisə xanımın xəstə olduğu barədə xəbər alıb və Bakıya gəlmək istəyib. Görünür, Almaniyada təhsil alıb Azərbaycana qayıtmış yaxın qohumu Cəfər Kazımovun vətəndə yaxşı qarşılanması (amma 1938-ci ildə repressiyaya məruz qalacaqdı) onu bu barədə düşünməyə vadar etmişdi. Amma naməlum səbəblər üzündən qərarını dəyişməli, qürbətdə qalmalı olub.

Zeynal Əlizadənin sonrakı yaradıcılıq fəaliyyəti ABŞ və Türkiyə ilə bağlıdır. Güman ki, o, daimi iş tapmaq ümidi ilə Türkiyəyə gedib, eyni zamanda, burada Azərbaycanın memarlıq və incəsənət inciləri barədə məqalələr dərc etdirib. Belə ki, 1934-cü ildə “Azərbaycan Yurd bilgisi” dərgisində Atəşgah məbədi, Şirvanşahlar sarayı, Bayıl burnu, Qız qalası, Bibiheybət məscidi ilə bağlı dərc etdiyi məqalələrinə “Heykəltəraş Zeynal A. Saray” imzasını qoyub. Düz 20 il sonra, 1954-cü ildə həmin dərgidə “Azərbaycanlı Zərdüşt məbədinin tarixi” adlı məqaləsi isə “Zeynal Akkoç” imzası ilə çap olunub.

Peşəkar təhsil almış ilk azərbaycanlı heykəltəraş Zeynal Əlizadənin ölüm tarixi indiyəcən müəyyən olunmayıb. Onun ötən əsrin 50-ci illərində Perucada vəfat etdiyi və orada da dəfn olunduğu güman edilir.

 

Nəriman Əbdülrəhmanlı