Elektron ədəbiyyat və sənət portalı

"Ölümsüzlüyün birinci şərti – ölməkdir"

Bölmə: Ədəbiyyat 22.01.2018

STANİSLAV YEJİ LETS

1909-cu ilin martında Lvovda doğulan Stanislav Yeji Lets ağır həyat keçirib; dörd yaşında ikən atasını itirib, anasının himayəsində boya-başa çatıb. Öncə gimnaziyada, sonra Lvov universitetinin hüquq fakültəsində təhsil alıb. 1933-cü ildə futurist şeirlərdən ibarət ilk kitabı nəşr edilib. İkinci dünya savaşı illərində cəbhəyə yollanan və bir neçə dəfə həbs edilən yazıçı Ternopol düşərgəsində olmazın əzablara qatlaşıb; iki dəfə möcüzə nəticəsində ölümdən yaxa qurtarıb. 1943-cü ildə ölüm düşərgəsindən qaça bilib və yenidən faşizmlə mübarizəsini davam etdirib. Letsin müharibədən sonrakı iyirmi ildə on kitabı çapdan çıxıb. Bununla belə, qəribədir ki, yazıçını bütün dünyaya tanıdan onun şeir və nəsr kitabları yox, məhz üzərində otuz il çalışdığı "Cilalanmamış fikirlər" olub.

Polyak yazıçısının bir çox xalqların dilində zərb-məsələ çevrilmiş aforizmlərindən bir qismini "Aydın yol"un oxucularıa təqdim edirik.

 

  CİLALANMAMIŞ FİKİRLƏR

Dahiyanə fikirdən bütün sözləri çıxarmaq mümkündür.

Meymunun insana çevrilməsi prosesi nə qədər çox çəksəydi, insan qanı bir o qədər az axardı.

Cənnətdə hər şey olmalıdır. Hətta cəhənnəm də.

Ən sərrast atəş – atıb insana dəyməməkdir.

Möhtərəm yazıçılar! Mürəkkəblə yox, qanla yazmaq lazımdır – bir şərtlə ki, özgə qanı olmasın.

Ölümsüzlüyün birinci şərti – ölməkdir.

Fakt son dəblə geyinsə belə, yenə həmişə çılpaqdır.

Müsibətə bax ki, Prometeyin allahlardan oğurladığı odda Cordano Bruno da yandırılmışdır!

Şairlər də uşaqlar kimidir: yazı masasının arxasında oturanda ayaqlan yerə çatmır.

Özünü kilsənin ən böyük zəngindən asdı ki, ölümündən bütün aləm xəbər tutsun.

Hələ yazılmamış əsərlər üçün də parodiyalar mövcuddur.

 Şeytan – cəhənnəmdə müsbət surətdir.

Qeybətlər çeynənib köhnələndən sonra əsatirə çevrilirlər.

Tutaq ki, başınla divarı vurub dağıtdın: qonşu kamerada neyləyəcəksən?

Dünyaya cəmi-cümlətanı bircə sözüm vardı – o sözü söyləyə bilməməyim ucbatından yazıçı oldum.

Onun ölməsi hələ yaşadığını sübut eləmir.

"Mən sabahın şairiyəm", – o dedi. "Bu barədə birisi gün danışarıq", – cavab verdim.

Hər şeyə göz yummaq üçün adamın gərək yüz gözü olsun. Pəltək aktyora pəltək rolunu tapşırmaq olmaz.

Yazıçılara məsləhət: son nöqtəni qoymağa heç vaxt gecikməyin. Bunu yazmağa başlamadan da etmək olar.

Amerikanın kəşfi amerikalılara məxsus deyil. Xalis rüsvayçılıq!

Hamı aktyordu. Bu qədər rolu hardan tapasan?

Dünyanın bütün buxovları yeganə bir zəncir yaradır.

Desələr müqəddəs adam yoxdur, hətta ateistlər də inciyər.

Yer kurəsi – sual işarəsi altındakı nöqtəyə bənzəyir.

İnsanın fantaziyası nə qədər güclü olsa, özü öz gözündə bir o qədər acizləşəcək.

Sonuncudan qabaqkı mogikan əksər halda sonuncunu öldürür ki, özü sonuncu olsun.

İnsan dal ayaqları üzərində yeriməyə başlayandan hələ də öz tarazılığını düzəldə bilməyib.

Hər şey adamın öz əlindədir. Ona görə əlləri tez-tez yumaq lazımdır.

Bağlı zərf boş olduqda belə, sirli görünür.

Sözlərinin qədrini bil, unutma ki, onların hər biri sonuncu ola bilər.

Çörək istənilən ağızı açır. 

Adam ağzını açmadan da özünə tüpürə bilər.

Ölümdən sonra yaşamaq asan məsələ deyil: bəzən bundan ötrü bütün ömrü sərf etmək lazım gəlir.

Nə qədər ki yel əsmir – yelqovanın da xarakteri var.

Əsatir həqiqətə çevriləndə, bu, kimin qələbəsi olacaq: materialistlərin, yoxa idealistlərin?

Hayıf ki, adamı cənnətə katafalkda aparırlar.

Hərdən susmaq da lazımdır ki, sənə qulaq assınlar.

Hər şey çoxdan yazılıb qurtarıb. Ancaq xoşbəxtlikdən hamısının üzərində düşünülməyib.

Bir-birlərinə elə sarılmışdılar ki, arada hisslər üçün yer qalmamışdı.

Sıfırlardan zəncir düzəltmək asan işdir.

Sirrin özünü gizlətməyə ehtiyacı yoxdur.

Ən çətin iş – cəhənnəmi yandıra bilməkdir. 

Axında kimin könüllü üzdüyünü təyin etmək çox çətin işdir.

Hakimiyyət tacı əksər halda bir başdan digər başa deyil, bir əldən digər ələ keçir.

Dünyaya açılan pəncərəni qəzet parçasıyla bağlamaq mümkündür.

Gülməyin yasaq edildiyi yerlərdə, adətən, ağlamaq da olmaz.

Ot tayası sevgililər üçün bir cür, atlar üçün tamam başqa cür qoxuyur.

Qorxaqlığından öz fikirlərini də özgələrin başında gizlədib saxlayırdı.

Realist ol – həqiqəti söyləmə!

Külək hardan əsdiyini hardan bilsin?

Hər hansı dövrün səfehliyi də müdrikliyi kimi növbəti dövr üçün qiymətli dərsdir.

Yadda saxlamaq lazımdır ki, insanın insan olmaqdan başqa, özgə seçimi yoxdur.

Xalqın bir qəlbi, bir ürəyi, bir köksü ola bilər. Bədbəxtlik orasındadır ki, onun bir beyni olsun.

Yalan həqiqət kimi ortaya çıxanda yalana çevrilir.

Bəzi adamların heç vaxt ümidləri olmayıb, bəziləri də elə hey onu itirirlər.

Napoleon olmadan da Müqəddəs Yelena adasında ölmək mümkündür.

Yüksək sürət götürüb bir ömrü bir günə də yaşamaq olar. Amma bəs qalan vaxtda neyləyəcəksən?

Yaşamaq zərərli şeydir – yaşayanlar ölürlər.

Yalan doğrudan bircə şeylə fərqlənir: doğru olmamasıyla.

Boş başlarda əks-səda qoparmaq çox çətin işdir.

Zamanla ayaqlaşmağa çalış, yoxsa arxadan gələnləri basıb əzərsən.

Ən yüksək mərtəbəyə ucalanlar özlərinə asanlıqla bəraət qazandıra bilərlər ki, daha bundan o yana yol yoxdur.

Texnika elə bir inkişaf mərhələsinə yetişəcək ki, adam özü olmadan da keçinə biləcək.

İnsanları sevirəm. Elə ona görə də heç vaxt onları yaratmazdım. 

Yalnız ölülər dirilə bilərlər. Dirilər üçün bu çətin işdir.

Karyeranın eşafota aparan pillələri də var.

Əsl təlxək əsl təlxəyi ələ salırsa, deməli, onlardan hansısa əsl təlxək deyil.

Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü tənha da hiss etmirdi.

Nə qədər ki elm bizim nəsə ayrı bir şey olduğumuzu sübut etməyib –  bəlkə, o vaxta qədər adam olaq?

Hərdən kobudluq eləmək lazımdır ki, nəzakətli adam olduğunu qiymətləndirsinlər.

Onu yalnız çılpaq gördüyüm üçün haqqında heç nə danışa bilmərəm.

Əsl əzabkeş o adamdır ki, ona əzabkeş olmağı da çox görüblər.

Elə adamlar var ki, adam öldürməyə əlləri qalxmır, ona görə məcbur olurlar ki, öldürməzdən qabaq adamı adamlıqdan çıxartsınlar.

Dəlilər haqqındakı lətifələri dəlilərin öz dilindən eşitmək təşviş doğurur: onlar kifayət qədər ağıllı deyillərmi?

Adamyeyənlər elmin tamına baxmaq istəyəndə alimlərin dilini qoparırlar. 

olmaq üçün hamısını asanlıqla yola gətirmək mümkündür.

Qorxaq satirikin yalnız özü gülməlidir.

Buqələmun hökumət başçısı olanda, yan-yörəsindəkilər rənglərini tez-tez dəyişirlər.

Qartal qəfəsində sərçə tam azaddır.

Heykəlləri uçuranda postamentlərini saxlayın. Lazımınız ola bilər.

Kiminlə yatdığını mənə de, yuxuda kimi gördüyünü sənə deyim.

Elə zəif pyeslər var ki, səhnədən düşməyə də taqətləri qalmayıb.

Sözsüz rolda da aktyorun deməyə sözü olmalıdır.

Görəsən, adamlar özgəsinin xatirəsində kimin hesabına yaşayırlar?

Müsibətə bax ki, adamın qəddi yalnız çarmıxda düzəlir.

Qəbirüstü yazı çox vaxt axtarış elanını xatırladır.

Nekroloqdan əntiqə vizit kartı çıxardı!

Anonim yazı yalnız o halda məqbuldur ki, onu yazanın

özü, həqiqətən, mövcud olmasın.

Bayrağı elə yüksəkdə tutmuşdu ki, deyəsən, onu görən gözü yoxdu.

Amerika yolunu kəsməsəydi, kim bilir Kolumb nə kəşf edəcəkdi!

Azadlığı seçən bumeranqlar geri qayıtmırlar.

 

Hazırladı: Mahir N.Qarayev