Elektron ədəbiyyat və sənət portalı

“Qonorar tərcüməçinin səviyyəsinə görə müəyyənləşir”

Bölmə: Sorğu 23.01.2018

Azərbaycanda bədii tərcümənin tarixi orta əsrlərə qədər gedib çıxsa da, bu sahədə hələ də narahatlıq doğuran məsələlər az deyil.

Üstəlik, son vaxtlar tərcümə ən çox yayılan əlavə iş imkanına və qazanc vasitəsinə çevrildiyindən bu problem daha da qabarıb. Tələbələr, yazarlar, alimlər, evdar xanımlar, qısası, ən azı bir xarici dil bilib əlavə gəlirə ehtiyacı olan hər kəs bu işlə məşğul ola bilir. Bunu daimi peşəyə çevirənlər də az deyil. İş ondadır ki, onların arasında nəinki xarici, hətta öz ana dilini yaxşı bilməyən, dilin geniş imkanlarına nabələd insanlar da var. Məhz buna görə də bu gün oxucu bədii tərcümənin keyfiyyətindən haqlı olaraq narazıdır. 
Tərcüməçilər isə keyfiyyətin aşağı olmasının səbəbini sifarişçi nəşriyyatın işi düzgün qurmamasında, qonorarın azlığında görür.

Digər problem isə, tərcümə edildikdən sonra əsərin redaktor süzgəcindən keçib-keçməməsi ilə bağlıdır. Yəni burada bütün yükü sırf tərcüməçinin üzərinə qoymaq düzgün deyil. Həmçinin kitabda adı redaktor kimi qeyd edilən şəxs həqiqətənmi mətni redaktə edir?
Bu və digər məqamlara aydınlıq gətirmək məqsədilə ilk öncə qardaş Türkiyədə nəşr evlərinin tərcümə ədəbiyyatı ilə bağlı işi necə qurduqları ilə tanış olmaq istədik. Həmsöhbətimiz “Pegasus” nəşr evinin idarə heyətinin üzvü Mehmet Sönmez oldu: “Kitablarımızın 99 faizi tərcümə ədəbiyyatından ibarətdir. Tərcüməçi yazıçıdan sonra kitabın ikinci sahibi, redaktor isə kitabın tərcüməçidən sonra üçüncü yazarıdır. 
Tərcüməçi seçimi zamanı mümkün olduğu qədər daha əvvəldən tanıdığımız, təcrübəli mütərcimlərə üstünlük veririk. Bu işə yeni başlayanlardan isə sınaq tərcüməsi tələb olunur. Yeni namizədlərə tərcümə üçün müəyyən qədər səhifə verilir və nəticə qiymətləndiriləndən sonra ona iş tapşırılır. 
Tərcümə kitabları isə bizim nəşr əlaqələndiricisi tərəfindən seçilərək mütərcimə təqdim edilir. 
Qonorar tərcüməçinin səviyyəsinə görə müəyyənləşir və bu baxımdan məbləğ fərqlidir. Məncə, məbləği açıqlasam, doğru olmaz, həm də qiymət fərqli olduğundan dəqiq bir məbləğ söyləmək də mümkün deyil.
Qonorarın az və ya çoxluğu tərcümənin keyfiyyətinə təsir etmir. Çünki əvvəlcə hər iki tərəfin razılığı ilə müqavilə bağlanır və müəyyən edilmiş gün kitab təhvil verilir. Redaktor tərcüməni bəyənmədiyi təqdirdə müqavilə ləğv olunur. Bu hal tərcümə həddindən artıq keyfiyyətsiz olanda yarana bilir”. 

“Hədəf Nəşrləri”nin redaktoru Səbuhi Şahmursoy isə bədii tərcümə sahəsindəki qüsurlara diqqət çəkdi: “Bu gün təkcə tərcüməçilər deyil, yeni yaranmaqda olan yerli ədəbi nümunələrin müəllifləri də qeyri-peşəkar mətn ortaya qoyur. Təsəvvür edin, ingilis dilini müəyyən səviyyədə bilən gənc qeyd etdiyimiz yerli müəlliflərin mətnlərini izləyir, tərcümə edərkən də həmin səhvləri təkrarlamağa meyilli olur. Bədii tərcüməyə iddialı olan insanın, ilk növbədə, bədii təxəyyülü olmalıdır.

Tərcüməçiliyin qızıl qaydalarından biri mətnin çevriləcəyi dili yaxşı səviyyədə bilməkdir. Burada məsələyə başdansovdu yanaşanda hətta redaktorun müdaxiləsi də işin keyfiyyətini yüksəldə bilmir. Elə əsərlər də var ki, ümumiyyətlə, tərcüməyə gəlmir. Burada artıq problem tərcüməçi və redaktor çərçivəsindən çıxıb filoloji, ya da ən pis halda, linqvistik səviyyəyə qalxır. Yəni dilimiz əsərin “daxili dili”nə cavab verə bilmir”.

Səbuhi Şahmursoy tərcümə prosesində rast gəlinən çətinliklərə terminologiya məsələlərini də aid edir: “Dəfələrlə bir terminin mətndə necə verilməsinin müzakirəsi xeyli vaxtımızı alıb. Qloballaşan və bununla da sürətlə inkişaf edən aparıcı xarici dillərlə ayaqlaşmaq bir çox kiçikareallı dillər kimi, bizim dilin də problemidir. Bu, ən çox terminologiya və ya neologizmlərdə özünü göstərir.

Bütün hallarda isə kitabın redaktəsiz çapı yolverilməzdir. Ümumiyyətlə, bütün mətnlərə, o cümlədən tərcüməyə mütləq ikinci göz baxmalıdır.

Əgər müəllif bəlli üslubu olan yazıçıdırsa, əlbəttə, bu üslubu qorumaq prosesdə iştirak edən hər kəsin borcudur. Burada improvizələrə yol vermək imkanı məhdudlaşır. Amma elə üslublar var ki, sanki dilimizin boyuna biçilib.

Mətnin axıcı, oxunaqlı olmasına çalışmaq tərcüməçiylə yanaşı, redaktorun da vəzifəsidir. Bir redaktor kimi əvvəlcə cümlələrin sintaksis problemlərinə diqqət edirəm, ən azdırıcı məqamlara burada rast gəlinir. Türk və ingilis dilindən olunan tərcümə mətnlərində ən çox düzəliş etdiyim məsələ inversiya ilə bağlıdır. Bu da tərcüməçilərin hərfi tərcüməyə qaçmasının nəticəsidir. Əgər ikinci oxunuşa imkanım varsa, bu mərhələdə sözlərin tələffüzə daha rahat oturan sinonimlərini tapmağa çalışıram.

Həmsöhbətimiz qeyd etdi ki, naşiri maraqlandıran tərcüməçinin mətnə fövqəladə sevgisi yox, mətnin keyfiyyətli alınmasıdır: “Ola bilər, həqiqətən, yaxşı tərcüməçiyə nəşriyyat az qonorar təklif etsin, amma bu, o demək deyil ki, həmin insan öz işinə məsuliyyətsiz yanaşmalıdır. Əslində, peşəkar üçün bu məsələ müşkülə çevrilmir: o, ya təkliflə razılaşıb işini görür, ya da imtina edib öz nüfuzuna zərbə vuracaq işə baş qoşmur.

Bizim üçün əvvəldən işbirliyimiz olan və ya ümumiyyətlə, güvəndiyimiz tərcüməçilər ön planda gəlir. Amma gənclərə də şans veririk: son zamanlar bir neçə layihəmizdə gənclərin xidmətindən yararlanmış, çoxunun da işindən razı qalmışıq. Bundan sonra da gənclərlə işləmək niyyətindəyik”.

Yazar, tərcüməçi Svetlana Turanın sözlərinə görə isə problem əksər vaxtlarda nəşriyyatların işi düzgün qurmamasından qaynaqlanır: “Belə ki, onlar bəzən peşəkar tərcüməçilərlə işləmirlər, çünki yüksək qonorar vermək imkanları yoxdur. Amma bunu hiss etdirməməkdən ötrü, heç olmasa, mətnin redaktəsinə ciddi yanaşa bilərlər. Hazırkı tərcümələrin əksəriyyətində isə redaktənin, ümumiyyətlə, aparılmadığını, hətta mətnin korrektə belə edilmədiyini görürük”. 

Svetlana xanım tərcüməçi seçimində ixtisasa diqqət yetirilməsini bir o qədər də vacib hesab etmir: “Tanıdığım ən yaxşı tərcüməçilərdən biri vaxtilə ərəb dili ixtisasına yiyələnsə də, sonradan ingilis dilini öyrənib və hazırda bu dil üzrə tərcüməçidir. Mənim bakalavr təhsilim ingilis dili filologiyası, magistr təhsilim isə İngiltərə və Amerika ədəbiyyatı üzrədir. Tərcüməyə böyük həvəsim olub və öz üzərimdə xeyli işləmişəm. Təxminən üç il fərqli sahədə çalışaraq sadəcə işə yiyələnməkdən ötrü tərcümələr etmişəm. Bədii əsərlər üzərində işləyənlərin ədəbi bazası olmalıdır ki, tərcümə etdiyi mətni, ilk növbədə, özü dərindən mənimsəyib oxucuya çatdıra bilsin”. 

Həmsöhbətimiz qonorar azlığının bədii tərcümənin keyfiyyətinə təsirini qeyri-peşəkarlıq hesab edir: “Peşəkarlığa iddia edən tərcüməçi və redaktor qonorar azlığı səbəbindən işinə barmaqarası yanaşırsa, deməli, burada peşəkarlıqdan ümumiyyətlə, söhbət gedə bilməz. 

Bəzən elə olur ki, hansısa nəşriyyatdan təklif gəlir və büdcənin də aşağı olduğu əvvəlcədən deyilir. Belə işləri öz üzərimə götürdüyüm vaxtlar az olmayıb. Bu, əsasən, təklif olunan əsərə olan marağımdan irəli gəlib.
Peşəkar öz işini maksimum şəkildə səviyyəli görməyə çalışmalıdır, çünki oxucu onun nə qədər qonorar aldığını bilmir və bu, oxucunu heç maraqlandırmır da. Tərcümə olunmuş əsərin əvvəlində isə həmin mütərcimin adı yazılır. Bu, böyük məsuliyyətdir”.

                                                                                                           Sevinc Fədai