Elektron ədəbiyyat və sənət portalı

Tanınmış şair Məmməd Aslan dünyasını dəyişib

Bölmə: Beynəlxalq 24.09.2015

Azərbaycanın tanınmış şairi, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan sentyabrın 23-də dünyasını dəyişib.

AzərTAc xəbər verir ki, bu barədə məlumatı şairin yaxın qohumları verib.

M.Aslan uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi bu gün saat 11-12 radələrində “Göy Məscid”də keçiriləcək.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Kəlbəcərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb .

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı “Yenilik” qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışıb, “Yazıçı” nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleradio Şirkətinin “Ekran-Efir” qəzetinə baş redaktorluq edib.

Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirlə başlayan M.Aslan dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatı olan şair 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Məmməd Aslan AzTV-də hazırladığı “Dərədən-təpədən” verilişi ilə böyük tamaşaçı sevgisi qazanmışdı, son illər “Xəzər” televiziyasında müəllif verilişi ilə çıxış edirdi.

Allah rəhmət eləsin!