"Dağlıq yolda"

Bölmə: Ədəbiyyat 05.02.2018 Baxış sayı: 319

Bizim Onelio

Sergey Zalıgin Çexov haqqında essesində yazırdı: "Artıq çox mətləblərin deyildiyi yerdə fikir yarımçıq da kəsilə bilər. Bu zaman yarımçıqlıq haradasa həmin o çoxluğa əlavə təsir gücıı verir, hətta məzmun daha geniş forma alır”. Kubalı Onelio Xorxe Kardosonun (1914–1986) sözə münasibətdə bu xəstəhal həssaslığı, güman ki, özünün də çox sevdiyi rus yazıçısının ona təsirindən qaynaqlanır.

O, heç vaxt uzun hekayə yazmayıb. Bir dəfə özünü roman janrında sınamaq istəsə də, yeddi hissə yazdıqdan sonra yandırıb. Əslində, onun hekayələrində də hadisələrin geniş təsviri yoxdu. Görünür, yazıçı buraxılmış, sonacan deyilməmiş fikirləri doldurmağı, mənalandırmağı oxucunun öz öhdəsinə buraxır. Təbii ki, bu da onun oxucusuna olan inamından irəli gəlir.

Yazıçının ətrafında uzun illərdən bəri gedən mübahisə bu gün də səngimir. O, sadə, yoxsa mürəkkəbdi? Onda başlanğıc nədi: vergi, yoxsa hesab? Aydın məsələdi ki, yaradıcılıq prosesində ilham, təcrübə, sirr və ustalıq ayrı-ayrılıqda deyil, bir-biriylə vəhdətdədi. Amma bu məlum formul Onelionun timsalında bir qədər fərqli məna kəsb edir. Özünün etraf etdiyi kimi, o qədər də geniş erudisiyaya, mütaliəyə malik olmayan yazıçı ən adi süjetə müraciət edərkən qarşıya bədii yaradıcılığın elə qəliz düyünlərini açmaq məqsədi qoyur ki, bu texnikaya hətta ən intellektual yazıçı belə, heyrətlənməyə bilməz.

Onelionun hekayələrini oxuyarkən yazıçının yaratdığı həyata kənar müşahidəçi qismində qalmaq mümkün deyil. "Mənə qulaq as və sən hər şeyi başa düşəcəksən!", "İstəyirsən inan, istəyirsən inanma, amma olan budu!.. Bəli, hər hekayə yazıçıyla təmasa girən oxucuya bu nidaları təlqin edir. Və oxucu istər-istəməz təxəyyüldən qurulan məkana biganə qala bilmir, hadisələrin canlı iştirakçısına çevrilir.

İspan sözü olan "kuentero" tərcümədə "hekayətçi” mənasını verir. Amma kubalılarda bu ifadə daha genişçalarlıdı. Sağlığında hamının sevimlisi olan Onelionu da "Kuentero" çağırırdılar. Öləndə qəzetlərin çoxu bu başlıqla çıxmışdı: "Baş Kuentero həyatdan köçdü".

Həm də ispandilli ölkələrin çoxunda ən sevimli insanları sadəcə adıyla çağırırlar. Məsələn, Kubada Ce Gevara xalqın dilində Ce, Fidel Kastro Fideldi. Onelio Xorxe Kardosoya gəlincə, yazıçı hətta onun haqqında yazılan akademik məqalələrdə belə, eləcə Onelio kimi təqdim olunur. Bu, həmin şəxsin öz xalqına doğmalığına bir işarədi. Yəni, o, bizim adamdı.

Yaşar

 

Dağlıq yolda

Aşağı tərəfdə çəpərin böyrüylə uzanan yolla gedən adamı görəndə qoca Matias evinin qapısı ağzında dayanmışdı.

– Yəqin, bu, Maxensio olar, – arvadına sarı dilləndi.

Qarı ərinin kürəyindən yola sarı boylandı:

– Yox, Maxensio axsayır. – qarının balaca sifətindəki sönmüş gözlər qorxa-qorxa bu yad adama baxdı.

Qoca Matiasın quru, qırış-qırış sifəti heç də xoşagəlimli deyildi. Dişsiz ağzının üstündən donqar burnu sallanırdı, qıyıq, soyuq gözləri narahatlıqla ora-bura qaçırdı.

Elə bu vaxt aşağı yolla gedən adam çəpəri aralayıb bu tərəfə keçdi. Sonra gözüylə ətrafı gəzib otluqların arasındakı cığırı tapdı və evə sarı yön aldı.

– Görünür, yoldan keçən birisidi, – qarı belə güman elədi.

Qoca cavabında nəsə mızıldadı.

Yad adam yaxın gəlib tox, qara gözləriylə qocanı süzdü və soruşdu:

– Visente Matias adlı adam sizsiz?

Qoca öz adını eşidib toxtadı.

– Bəli, düz əlli dörd ildi ki, o adda adam mənəm, – cavab verdi və gülümsünüb arvadına sarı döndü.

Amma yad adamın azca da dodağı qaçmadı. Matias onun kəmərinə, sonra da əllərinə baxıb soruşdu:

– Nə qulluq eləyə bilərəm?

– Bir məsələdə mənə yardımçı ola biləcək adam axtarıram.

– Həmin adam mən deyiləmmi?

– Kim bilir, – sözünü kəsib ona tox-tox baxmağında davam elədi. – Əgər sizi bu yerlər maraqlandırırsa, mən buralarda o qədər yaşamışam ki, indi öz əlimlə əkdiyim ağacın kölgəsində dincəlirəm.

– Amma ola bilsin, siz mənə lazım olmadız. Məsələ başqa cürdü.

– Özünüz bilən məsləhətdi, – Matias təşvişlə cavab verdi.

Yad adam ağır-ağır bir-iki pilləkən qalxıb stulda oturdu.

– Mən mərhum Naranxonun qardaşıyam.

Matias azca geri çəkiləndə qarısına dəydi. Yad adam davam elədi:

–  Nədi, bunu etiraf eləmək ayıbdı?

–  Nə bilim, sizə necə deyim... – Matias yayına-yayına cavab verdi.

– Xeyr, əzizim, gəl hər şeyi öz adıyla çağıraq. Meşə çaqqalsız olmaz.

Qarı ərinin dirsəyini sıxdı, amma qoca nəfəsini də dərmirdi:

–  Hə, olacağa çarə yoxdu... Eləsi var ki, quldurluq alnına yazılıb. Onu bu yoldan heç iblis də saxlaya bilməz... Bilirsiz, mənim bir dayım vardı. Çox pis adamıydı. O qədər pis adamıydı ki, onu asanda hamımız sevindik. Hə, sizə deyim ki, əgər vicdanını satmısansa...

Yad adam onun sözünü ağzında qoydu:

–  Mənə dedilər ki, qardaşımı haradasa buralarda öldürüblər.

Matias başını yellədi və başmaqlarına baxa-baxa dedi:

–  Sizə yalan deyiblər, yəqin.

–  Bir az əvvəl sizin tanışınız Maxensionu görmüşəm.

Qarı dərhal başını qaldırdı və divara söykənib dilləndi:

–  Deməli, siz bu gün Maxensionu görmüsüz?

–  Yox, bu gün yox... Dünən...

–  Teresa necədi?

–  Hər şey qaydasındadı.

–  Doğub qurtardı?

–  Hə. Deyəsən, şənbə günü. Oğlandı...

Qarı sevinclə Matiasa baxdı və hər üçü susdu. Külək kilsə zənglərinin və xeyli aşağıda çobanların qabaqlarına qatıb apardıqları sürünün səsini güclə də olsa bura gətirib çıxarırdı.

Qəflətən qoca əllərini dizlərinə vurub dedi:

–  Yaxşı, bir halda ki sizi Maxensio göndərib, onda gizlətməli bir şey yoxdu. Bəli, sizin qardaşınızı bu tərəflərdə öldürüblər.

–  Özü də bunu ancaq siz bilirsiz.

–  Hə, başqa heç kim.

–  Siz və polis.

Visente Matias ani baxışla bu yad adamın gözündən nəsə oxumaq istədi, amma bacarmadı.

– Mən qardaşım haqda nəsə öyrənmək istəmirəm. İt it kimi də gəbərməlidi.

–  Onda bəs nə üçün gəlmisiz? – qoca soruşdu.

–  Anamızdan bizə qalan yeganə şəkil ondaydı. O şəkli mənə qaytarmayıblar.

–  Bəlkə, itiribmiş.

–  Kim bilir... Amma bəlkə də, dalaşanda düşüb.

Qoca başını qaldırıb uzaqda döyüşən iki xoruza tamaşa etmək istədi. Sonra əminliklə dilləndi:

–  Dava-zad olmadı.

Yad adam ayaqlarını uzadıb cibini eşələdi, çıxardığı iki siqardan birini Matiasa tulladı. Matias siqarı havada tutdu. Yad adam siqarı yandırb dedi:

–  Lap yaxşı.

Evin yüz addımlığında, yolun altıyla kələ-kötür qayalıq qalxırdı. Matiasın baxışları o səmtdən xeyli uzaqda qaralan yüksəkliyə dikəldi.

–  Oradakı qara ləkəni görürsüz?

–  Hə, çox yaxşı görürəm, – yad adam cavab verdi.

–  Hadisə orada baş verdi.

Bu zaman qonaq yerindən qalxıb pul kisəsini çıxara-çıxara dedi:

–  Niyə axı söhbəti uzadaq. Mənə lazım olan adam elə sizsiz. – Və cəld hərəkətlə pul kisəsini tullayanda içindəki sikkələr düz qarının ayaqlarına töküldü. – Bu da sizin beh...

Sevincdən Visente Matiasın bədəni əsdi, gözləri yaşardı.

– Lusiana, – arvadına dedi, – bu pulu da o birilərin yanında gizlə... Mən gedim qonağımıza kömək eləyim.

Qoca boşalmış kəmərini bərkitdi.

–  Getdik, – dedi və qabağa düşdü.

Qarı bir müddət onların ardınca baxıb sonra qapını bağladı.

Xeyli yuxarı qalxmalıydılar. Tikanlı gicitkən kollarının arasından keçə-keçə hər etibarlı daş-kəsəkdən yapışırdılar. Qoca qoluyla alnının tərini sildi. Yad adam aşağı baxıb Matiasın vadidə azıb tək-tənha qalan evini, qocanın öz əliylə əkdiyi ağacı gördü. O ev buradan yaşıllıqların arasına düşüb qalmış boz ləkə kimi görünürdü.

Yad adam dedi:

–  Şəkil çatlaq yerlərdən birinə də düşə bilər, elə deyilmi?

–  Düzdü, – Matias köks ötürüb dilləndi və mağaranın dibinə göz gəzdirdi.

Yad adam daş kimi dayanıb-durmuşdu, diqqətlə qocanın əyilmiş belinə və başına baxırdı.

–  Necə fikirləşirsiz, adam yıxılıb bu deşikdən içəri düşə bilərmi?

– Yox əşi, adam çətin, – qoca cavab verib azca da aşağı əyiləndə mağaradan onu vuran soyuğu hiss elədi.

–  Amma bu yerlərdə halal adam öz adına ləkə gətirə bilər.

Beli hələ də əyri qalan qoca daşlardakı çatlara baxa-baxa donub-qaldı.

–  Nə mənada?

–  O mənada ki, bəlkə, elə sənin dayın heç də pis adam olmayıb...

Matias toxtadı. Bir fikir bayaqdan ona rahatlıq vermirdi, onu başından birtəhər çıxarmaq üçün əlinin altındakı quş peyinini təmizləyə-təmizləyə qalmışdı.

–  Ola bilsin, mənim qardaşım da pis adam olmayıb... – yad adam davam elədi.

Qoca dərhal dikəldi, amma qanrılmağa cürəti çatmadı.

O, hələ də gözünü arasından buz kimi soyuğun vurduğu boz çatlardan çəkmirdi.

–  Mənim qardaşımı bura inqilab gətirmişdi.

Qoca hələ də beynini oyan fikirlərdən yaxa qurtarmağa can atırdı. Odur ki, səsi güclə çıxdı:

–  Belə aqibətlə çoxları üzləşib.

–  Hə, çoxları... Çünki bu dünyada namuslu adam yuxuda olan zaman üstünə polis gətirən pulgir satqınlar hələ də var.

Matias daha dözə bilmədi. Cəld geri dönəndə gördü ki, yad adam tapançasını düz onun başına tuşlayıb.

–  Mənim pullarımı da o biri pulların yanında gizlə, Visente Matias!

Qulaqbatıran əks-sədadan mağara silkələndi. Səsdən ürkən yarasalar dəli kimi havaya qalxdılar.

 

Tərcümə: Yaşar