"Dayanacaqda"

Ədəbiyyat 12.02.2018

NƏCİB MƏHFUZ

"Dayanacaqda"

(hekayə)

Göy üzünü bürüyən qara buludlar getdikcə sıxlaşır, yavaş-yavaş yağış çisəyir, hər tərəf zülmətə qərq olurdu. Bu vaxt çöldə olanlar qəfil qopan şiddətli soyuq küləkdən addımlarını yeyinlətdilər. Evlərinə məsafə çox qaldığından, bəziləri avtobus dayanacağının altına qısıldı. Çöldə hər şey bozumtul rəngə çalırdı. Qəfildən yan küçədən bir nəfər çıxıb, özünü dar dalanlardan birinə saldı. Bir qədər keçmiş, həmin küçədən onun arxasınca ortayaşlı kişi və balaca uşaqlardan ibarət bir yığın adam qaça-qaça: “Oğru! Tutun oğrunu!” – deyə qışqırışdılar. Səslər getdikcə uzaqlaşdı. Birazdan tam sakitlik çökdü. Sanki on dəqiqə bundan öncə səs-küy qopan küçə deyildi. Adamlar isə bayaqkıtək dayanacağa sığınmışdılar – kimisi avtobusun gəlməsini, kimisi yağışın kəsməsini gözləyirdi.

Aradan bir neçə dəqiqə keçmişdi ki, yenidən səs-küy qopdu. Bayaq üzü dalana qaçanlar indi geri qayıdırdılar. Oğrunu təqib edən kişilər onu qamarlayıb gətirirdilər. Bu mənzərəyə baxıb sevincindən atılıb-düşən uşaqların qışqırıq səsi isə, az qalırdı, adamın beyninə işləsin. Körpünün düz ortasında onların əlindən sivişib çıxmağa cəhd edən oğrunun baş-gözünə hər tərəfdən şillə, yumruq, təpik gəldi. O, zərbələrdən özünü nə qədər qorumağa çalışdısa da, demək olar ki, bacarmadı. Dayanacaqdakı adamlar bayaq olduğu kimi, hadisəni kənardan seyr eləməklə kifayətləndilər.

– Yazığın gör başına nə oyun açırlar?!

– Onların özü oğrudan da pisdir.

– Polis də durub gözünü döyür.

– Hələ üzünü də o yana döndərdi, guya heç nəyi görmür.

Yağış bir az gücləndi. Göydən elə bil gümüşü saplar sallanırdı. Bu, artıq leysan idi. Küçə bir andaca boşaldı – bayaqdan oğrunu kötəkləyənlərdən və çardaq altında gözləyənlərdən savayı, burada heç kim qalmamışdı. “Oğruçırpma” tamaşası yavaş-yavaş sona yaxınlaşırdı – “aktyorların” bəziləri əldən düşmüşdü. Bəziləri əllərini yanlarına salıb oğruyla nə barədəsə söhbət eləməyə başladılar. Sonra yağışa məhəl qoymadan mübahisəyə girişdilər. İslanmış paltarları bədənlərinə yapışsa da, mübahisələrinə ara vermirdilər. Oğrunun əl-qol hərəkətlərindən belə başa düşmək olurdu ki, özünə bəraət qazandırmağa çalışır, lakin qulaq asanların ona inanmadığı görünürdü. O, tribunadan danışa-danışa əllərini havada yelləyən natiqə bənzəyirdi. Səsini leysanın gurultusu batırırdı. Buna baxmayaraq, oğru danışmağında davam edir, bayaqdan onu əzişdirənlər isə boyunlarını irəli uzadıb diqqətlə qulaq asırdılar. Dayanacaqda büzüşüb duranlar da onları kənardan izləməkdə idilər.

– Polis niyə məsələyə müdaxilə eləmir?

– Yəqin, burda kino çəkirlər.

– Axı onu doğrudan vururdular.

– Bəs yağışın altında niyə mübahisə eləyirlər?

Meydan tərəfdən iki maşın göründü, onlar ildırım sürəti ilə gəlirdi. İkinci maşın qabaqda gedəni, az qala, haqlamışdı ki, birinci maşının sürücüsü körpünün üstündə birdən əyləci basdı və maşın asfalt üzərində qara iz buraxdı. Arxadan gələn maşın bunu gözləmədiyindən, sürətini azalda bilmədi və qabaqkı maşına dəydi. İki maşının da aşması, dəhşətli partlayış, ardınca yanğın və leysan səsinə qarışmış inilti, ah-naləni öz qulaqlarıyla eşidən bu insanların heç tükü də tərpənmədi, heç kim qəza yerinə yaxınlaşmaq istəmədi. Oğru danışmağındaydı, ona qulaq asanların biri belə çönüb, yanaraq kül olan maşınlara tərəf baxmadı.

Dayanacaqda duranlar yanan maşından bir nəfərin qan içində yavaş-yavaş sürünərək çıxmaq istədiyini gördülər. O, iməkləməyə cəhd etdisə də, üzü üstə yerə yıxıldı.

– Dəhşətdi, vallah!

– Polis isə, heç nə olmamış kimi, durub baxır.

– Yaxınlıqda, yəqin, bir telefon-zad olar.

Amma yenə də kimsə yerindən tərpənmədi, islanmaqdan qorxurdular. Şıdırğı yağan yağışınsa, deyəsən, dayanmaq fikri yoxuydu, ildırımın səsindən, az qalırdı, adamın ürəyi düşsün. Oğru çıxışını başa vurdu və “tamaşaçılarından” dəstək almaq ümidi ilə sakitcə onlara baxdı. O, gözlənilmədən paltarını çıxarıb yanan maşınlara tərəf atdı, sonra adamlara sarı çevrilib onların qarşısında bir neçə dəfə dövrə vurdu, sanki bununla lüt bədənini nümayiş etdirirdi. İki addım qabağa, sonra iki addım geri atdı və peşəkar rəqqaslar kimi oynamağa başladı. Söhbətini maraqla dinləyənlər, indi onun bu hərəkətinə eyni ritmdə əl çalırdılar. Bunu görən uşaqlar da əl-ələ verib, oğrunun ətrafında dövrə vurmağa başladılar.

Dayanacaqdakılar çaşbaş qalmışdı. Yenə hər kəs öz fərziyyəsini irəli sürdü.

– Əgər kino çəkilişi deyilsə, onda bunun ancaq bir adı var: dəlilik!

– Yüz faiz kino çəkirlər. Polis də aktyordur, öz çıxışını gözləyir.

– Bəs maşınlar necə olsun?

– Çəkilişdir, sadəcə kələk gəlmək istəyirlər. Görərsiniz, indi pəncərələrin birindən rejissor da çıxacaq.

Dayanacağın qarşısındakı binanın mənzillərindən birinin pəncərəsi şaqqıldadı, küçədəki səs-küyə baxmayaraq, dayanacaqdakılar bunu eşidə bildilər. Yaraşıqlı bir kişi pəncərədə göründü, iki barmağını ağzına aparıb bərk fit verdi. O dəqiqə də qonşu mənzilin pəncərəsi taybatay açıldı, bu dəfə əynində gözoxşayan paltar olan bir qadın pəncərədən kişiyə sarı boylandı, onun fitinə razılıq əlaməti olaraq başını tərpətdi və hər ikisi gözdən itdi. Üstündən bir az keçəndən sonra həmin kişi ilə qadın binadan eyni vaxtda çıxdı, soyuq havaya və şıdırğı yağışa baxmayaraq, əl-ələ tutub qəzaya uğramış maşınların yanına gəldilər. Bir-birinə nə isə deyib soyunmağa başladılar. Sonra qadın arxası üstə yerə uzanıb, başını üzüqoylu yerə düşmüş meyitə söykədi. Kişi qadının qarşısında diz üstə çökdü və onu qucaqladı. Oğru isə rəqs eləməyində idi. Bu səhnə hələ bir müddət də davam elədi. Uşaqlar xor oxuya-oxuya dövrə vururdular. Yağışın isə, deyəsən, kəsmək fikri yox idi.

– Biabırçılıqdı!

– Əgər kino çəkirlərsə, buna abırsızlıq deyirlər, yox, elə deyilsə, onda bunun ancaq bir adı var: dəlilik!

– Polis də özü üçün siqaret tüstülədir.

Birazdan küçədə hərəkət artdı. Cənub tərəfdən dəvə karvanı yaxınlaşırdı. Adət üzrə, qarşıda sarban gedirdi. Karvanı kişi və qadınlardan ibarət bədəvi dəstəsi müşayiət edirdi. Onlar rəqs eləyən oğrunun başına yığışan kütlənin yaxınlığında dayanıb, çadırlarını qurdular; kimisi yemək yeməyə, kimisi çay içməyə, kimisi qəlyan çəkməyə girişdi. Üçüncü bir qisim isə asta-asta söhbət eləyirdi. Şimal tərəfdən də içərisi əcnəbi turistlərlə dolu avtobuslar yaxınlaşıb, oğrunu dövrəyə alan kütlənin arxa tərəfində dayandı. Kişili-qadınlı avtobusdan düşüb dəstələrə bölündülər. Onlar oğrunun rəqsinə, sevişmə səhnəsinə, ölümlə nəticələnən qəzaya və yağan güclü yağışa məhəl qoymadan hündür binaya acgözlüklə tamaşa etməyə başladılar.

Çox sayda fəhlə, ardınca da içərisi daş, sement və tikinti alətləri ilə dolu yük maşınları gəldi. Onlar asfaltın ortasında böyük bir çala qazıb, onun içinə düzbucaqlı formada daşlar düzməyə başladılar. Sonra da daşların üstünə mələfə sərdilər, sanki çalanın içində yataq yeri hazırlayırdılar. Fəhlələr daha sonra maşınlara sarı gedib, onların sınıq-sökük hissələrinin altından əlləri və ayaqları yanıb kül olmuş adamları çıxardılar. Bayaqdan bəri bir-birinə dəlicəsinə sarılan cütlüyün altından da cəsədi götürdülər. İşçilər cəsədlərin hamısını çalaya atıb, üstünə torpaq tökdülər. Sonra iki dəqiqənin içində yolu toxaclayıb bərkitdilər, dalınca da asfaltladılar... Fəhlələr gəldikləri yük maşınına əyləşən kimi o, yerindən tərpəndi. Uzaqdan fəhlələrin qışqırıq səsləri gəlirdi, lakin nə dediklərini ayırd etmək çətin idi...

– Lap yuxuya bənzəyir.

– Qorxulu yuxuya! Burdan getmək lazımdı.

– Məncə, gözləməliyik.

– Nəyi?

– Xoşbəxt sonluğu.

– Sonluq xoşbəxt olsa.

– Olacaq məncə. Rejissorlar həmişə qəzadan başlamağı xoşlayırlar.

...Adam hakim paltarında idi. Onun haradan peyda olduğunu heç kim bilmədi: nə əcnəbi turistlər, nə bədəvilər, nə də ki, xor oxuyan uşaqlar onun gəldiyini hiss eləyə bilmədilər. O, əlində tutduğu yekə kağızları vərəqləyə-vərəqləyə təntənəli şəkildə, sanki hökmü elan edirmiş kimi oxumağa başladı. Dediklərindən bir şey anlamaq olmurdu: əl çalanların səs-küyündən, müxtəlif dillərdə qışqırıq sədalarından və yağışın səsindən heç nə eşidilmirdi. Buna baxmayaraq, hakimin sözləri işıq sürətiylə yayıldı və təsirsiz də ötüşmədi. Həm bədəvilər, həm də turistlər arasında dava-dalaş başladı. Sonra iki tərəf bir-biri ilə dalaşmağa girişdi. Dalaşanlar bir yana, bəziləri oxumağa, oynamağa, bəziləri isə çalanın ətrafına toplaşıb sevişməyə başladılar. Oğru isə bu səhnədən bir az da vəcdə gələrək rəqsinə rənglər qatır, bir ayağının ucunda fırlanırdı. Getdikcə dava da, rəqs də, sevişmə və ölüm də, yağış da – hər şey son həddə çatmaqda idi.

Dayanacaqdakılara yekəpər, hündürboy, başıaçıq bir nəfər yaxınlaşdı. Əynində qara şalvar və sviter olan bu adamın əlində binokl var idi. Adamları saymazyana itələyə-itələyə bir az var-gəl etdi, binoklu ilə küçəni diqqətlə gözdən keçirərək dodaqaltı mızıldandı:

– Pis deyil... Pis deyil!

Dayanacaqdakılar diqqətlə ona baxdılar.

– Bu odur?

– Hə, bu, rejissordu.

– Siz hər şeyi necə lazımdı, eləyirsiniz, təzədən təkrarlamağa ehtiyac yoxdu, – küçəyə baxan adam dedi.

– Cənab... – kimsə ondan nə isə soruşmaq istədi, lakin adam əlini havaya qaldırıb, ona susmasını əmr etdi.

– Cənab, siz rejissorsunuz? – gərginliyə tab gətirə bilməyən daha bir nəfər ürəklənib soruşdu.

Lakin “rejissor” hesab etdikləri adam ona məhəl qoymadan binoklla baxmağa davam etdi. Birdən hamı dayanacağa tərəf yuvarlanıb düşən insan başı gördü. Kəsilmiş başdan qan fışqırırdı. İnsanlar dəhşət içində qışqırışdılar. Qara sviterli adam bu mənzərəyə etinasız halda baxıb dilləndi:

– Əla... əla...

– Axı bu, əsl başdır, qan da həqiqi qandı, – deyə bir nəfər qışqırdı.

Adam isə binoklu sevişən cütlüyə tərəf tutub, hövsələsiz halda əmr etdi:

– Pozanı dəyişin!.. Yeknəsəqlikdən uzaq olun!

– Axı baş həqiqidi! Zəhmət olmasa, bizə bunu izah eləyin... – izdihamın içindən kimsə dilləndi.

– Sizin bir sözünüz kifayətdir. Biz bircə onu bilmək istəyirik ki, siz kimsiniz, bu adamlar kimdi?

– Niyə cavab vermirsiniz?

– Cənab, xahiş edirik, bizi şübhədən çıxarın!..

Adam birdən arxaya sıçradı, sanki gizlənməyə hazırlaşırdı. Görkəmindəki lovğalıq bir andaca yox olub getdi, birdən-birə süstləşdi. Dayanacaqdakılar yaxınlıqdan ciddi geyimdə olan bir neçə nəfərin keçdiyini gördülər. Onlar nə isə axtaran itlərə bənzəyirdilər. Qara sviterli adam dayanacaqdan çıxıb, özünü dəli kimi yağışa vurdu. Ciddi geyimdə olanlardan biri bunu görüb onun dalınca qaçmağa başladı. Digərləri də qaçanın arxasınca götürüldülər. Bir neçə saniyə sonra hamısı gözdən itdi.

– Aman Allah! Bu, rejissor deyilmiş.

– Bəs kimdi?

– Yəqin ki, oğru.

– Ya da dəlixanadan qaçan dəlilərdən biri.

– Bəlkə, bu, kinonun bir parçasıdı?

– Yox, bu, kino deyil.

– Bayaqdan burda baş verənləri ancaq “kino” adlandırmaq olar.

– Özümüzdən şeylər uydurmayaq!

– Bəs bunları necə izah eləyək?

– Həyatdır da, nə bilmək olar, hər şey olur. Amma digər tərəfdən...

– Buradan mütləq uzaqlaşmalıyıq, yoxsa vaxtı gələndə bizi də şahid qismində istintaqa cəlb eləyə bilərlər.

– Hələ hər şeyi özlüyümüzdə anlaya bilmək imkanımız var, – deyən biri polisi səslədi:

– Çavuş!

Polis çavuşu yalnız dördüncü dəfə çağırılandan sonra onlara sarı çöndü. Əsəbi halda yağışa tamaşa edib, plaşına büründü və cəld dayanacağa tərəf getdi.

– Sizə nə lazımdı? – hər kəsi qaşqabaqla süzüb soruşdu.

– Məgər küçədə bayaqdan nə baş verdiyini görmürsünüz?

– Kim ki avtobus gözləyirdi, bayaqdan çıxıb gedib. Bəs siz burda nəyi gözləyirsiniz?

– Siz bir bu insan başına baxın!

– Sənədlərinizi göstərin! – polis pis-pis gülərək onların sənədlərini yoxlamağa başladı. –Burada yığılmaqda məqsədiniz nədir? – az sonra soruşdu.

Dayanacaqdakılar təəccüblə bir-birinə baxdılar.

– Biz heç bir-birimizi tanımırıq, – onlardan biri dilləndi.

– Yalan köməyinizə çatan deyil...

Polis paltarındakı şəxs bunu deyib, iki addım gerilədi. Sonra avtomatı onlara sarı tuşlayıb darağı boşaltdı. Adamlar yerə sərildilər. Onların cansız bədənləri yağışın islatdığı çirkli səkinin üstünə düşdü.

 

Tərcümə: Şahin Ələsgərov