Elektron ədəbiyyat və sənət portalı

Ələkbər Tufan

Bölmə: Beynəlxalq 12.02.2018

Türkiyənin siyasi həyatında önəmli rol oynamış Ələkbər Tufan 1874-cü ildə İğdırda doğulub. İrəvan rus gimnaziyasının məzunu olan bu ziyalı “Ramazanoğlu” (Mələkli) kimi tanınan böyük bir nəslin nümayəndəsidir. O, Rusiya Dövlət Dumasında Müsavat Partiyasının İrəvandan millət vəkili, Azərbaycan Milli Şurasının üzvü, Müsavat Partiyasınin İğdır təmsilçisi olub. Ələkbər Tufan  Difai, İttihadi İslam və Müsavat partiyalarının üzvü olub, Birinci Dünya müharibəsi illərində isə xeyriyyə cəmiyyətinin nümayəndəsi kimi gizli fəaliyyət də göstərib.

Rusiya imperatorluğunun süqutundan sonra doğulduğu İğdıra qayıdan Ələkbər Tufan Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə, türk ordusunun İğdıra gələ bilməsi üçün İğdır İcra Komitəsini yaradıb. Tərkibində ermənilərin də olduğu və sədrinin türk olması şərti ilə beş türk və beş ermənidən ibarət olan komitənin sədri seçilib. Ermənilərin Bakıya hücumundan sonra İğdırlı ermənilər istefa veriblər. Daha sonra İğdırın mərkəzində yerləşən hökumət evi də Mələkliyə köçürülüb və İğdır, Tuzluca, Aralıq, Şərur, Şərqi Bəyazit, Vedibasar, Sərdarabadı əhatə edən, mərkəzi Mələkli olan İğdır Milli Respublikası elan edilib. Başqanının Ələkbər Tufan olduğu bu respublikanı Cənubi Qafqaz Seymi tanıyıb.

Bölgəyə gələrək Ələkbər Tufanla bura baxış keçirən Amerika generalı Ceymes Harbordun müttəfiq dövlətlərə “Ermənistan deyilən yerdə bir erməni görmədim” başlıqlı məruzəni təqdim etməsi İğdırın Türkiyədə qalmasında böyük rol oynayib.

Ələkbər Tufan İrəvan gimnaziyasında birlikdə təhsil aldığı daşnak lideri general Drastamat Kanayanı (general Dro) Mələkli – Kirələr döyüşündə məğlubiyyətə uğradıb.

Ələkbər Tufan milli mübarizə dövründə yaradılan Araz Türk Respublikasının, Cənub-Qərbi Qafqaz hökumətinin, Cənubi Qafqaz Seyminin, Azərbaycan Xalq Cümhuriyyətinin (Müsavat Partiyasının İğdırdan millət vəkili) yaradıcılarından biri olub.

1926-cı ildə Türkiyə Cümhuriyyətinin yaradılmasından sonra bu ölkədə ağalar və bəylərə qarşı sürgün qərarının çıxarılmasından sonra Bakıya qaçan Ələkbər Tufan burada həbs edilib. Daha sonra əvvəllər dostluq etdiyi Stalinin xüsusi icazəsi ilə sərbəst buraxılan Tufan İrana keçib. Güney və Quzey Azərbaycana, Türkiyəyə böyük xidmətlər göstərmiş Ələkbər Tufan Türkiyə hökumətinin əfv qanunundan sonra vətəninə qayıdıb və 1974-cü ilin 11 oktyabrında vəfat edib.