Elektron ədəbiyyat və sənət portalı

Sufi ədəbiyyatında yeddi rəqəmi

Bölmə: Elm 14.02.2018

Şərq düşüncəsində rəqəmlərin mənası 

Hətta ezoteriklər də yeddi rəqəminin batini mənalarını tam olaraq aça bilməyiblər. Qədim Skif, Babil, Misir mədəniyyəti bu rəqəmi müqəddəsləşdirib.

Qurani-Kərimdə də yeddidən tez-tez istifadə olunur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradandan sonra səmaya üz tutaraq, onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!”

Qədim zamanlarda yeddi rəqəmi öz mistik xüsusiyyətini səmadakı yeddi cisim-Günəş, Ay, Venera, Mars, Merkuri, Yupiter, Saturn sayəsində almışdı. Yeddi planet bir-birindən həmişə eyni bərabər məsafədə qalır və eyni orbit üzrə fırlanır. Buna görə də yeddi rəqəmi kainatın əbədi harmoniyası ideyasının əsasını təşkil edir. Yeddi rəqəmi təbiətdə ilahi quruluşun obrazı və modeli, həm də harmoniyası kimi müqəddəs sayılıb və astroloqlar üçün böyük əhəmiyyət kəsb edib.

Qədim Misirdə yeddi rəqəmi, müqəddəs sayılan iki “3” rəqəminin üstünə “1” rəqəmi gəlməklə alınan mistik göstərici hesab edilib.

Finikiyalılarda yeddi Kabir, farslarda isə Mitranın (yəni Günəş allahının) yeddi müqəddəs atı səcdəgah sayılırdı. Ərəb rəvayətlərinə görə, yeddi mələk Günəşi buzun və qarın köməyi ilə soyudurdu ki, Yeri yandırıb külə döndərməsin. Yeddi mələk hər səhər Günəşi hərəkətə gətirirdi.

Amma ən çox diqqət çəkiləsi məqam musiqi notlarının və əsas rəng çalarlarının sayının yeddi olmasıdır. Bu isə öz növbəsində səslə rəng arasındakı harmonik əlaqələrin mövcudluğuna bir nişanə kimi qəbul edilir.

Fizikada səs tezliklərinin yaratdığı enerji dalğalarının hərəsinin bir rəngə çalması artıq bir aksiomdur. Bunu insan psixologiyası və daxili aləminin mənəvi vəziyyətinə tətbiq etdikdə eşitdiyimiz səslərin hamısının rəng, gördüyümüz rənglərin isə başdan-ayağa səslərdən ibarət olduğu qənaətinə gələrik. Dünyaca məşhur azərbaycanlı alim Rafiq Əliyevin “Segahı görürəm” adlı elmi-riyazi konsepsiyası və eyniadlı kitabı, həmçinin görkəmli mineroloq-kristolloqraf Xudu Məmmədovun xalçadakı naxış və ilmələrinin, kiçik minerallardakı harmonik rənglərinin insanla danışa bilmək qabiliyyətində olması qənaəti bizi bu iki prinsip haqqında daha müfəssəl düşünməyə məcbur edir.

Həyat fəlsəfəsini ən dərin qatlarına kimi əks etdirən muğamda şöbələrin “rəng” adlandırılması və saylarının yeddi olması, həmçinin həyatı özündə təcəssüm etdirən əsas rənglərin də yeddi olma faktı səs-rəng sintezini insanlara mükəmməl şəkildə çatdırır. İsa peyğəmbərin, mahnı oxuyanın səsinə qulaq asmağın insana yalnız və yalnız fayda verəcəyini vurğulaması musiqinin kamil şəxsiyyət yetişdirə bilmək məharətini göstərir. İnsanda olan mənəvi inkişaf təbəqələrindəki kimi, musiqidə notların sayının da yeddi olması faktı buna əyani sübutdur. Göylərin yeddi qatı məsələsi isə bu sintezin sonunda insanın səmalara yüksəlmək bacarığını təsdiqləyir. 

Sufi ədəbiyyatında yeddi rəqəmi 

Ezoterik təlimlərdə və təsəvvüf mətnlərində yeddi-bitmiş fəza, tam bir dövrdür. Mikrokosmosla makrokosmos, yəni insanla kainat arasındakı qarşılıqlı əlaqə zamanı qət edilən yolların sayı yeddi olduğu üçün təsəvvüf bu rəqəmdən mütəmadi istifadə etdi. Yeddi rəqəmi təsəvvüf mətnlərində öz fəlsəfəsini birbaşa olaraq açıqlamadı. Yeddi məfhumu müxtəlif rəmzlərlə ifadə olunaraq gizli bir qayə kimi qaldı.

Böyük sufi Fəridəddin Əttar özünün “yeddinci vadisi”ndən sonra Ali Enerjinin təcəssümü olan Simurqu yaratdı. Müxtəlif sayda olub xeyli yol qət edən quşlardan yalnız otuzu sonuncu ali mərhələyə çatandan sonra Simurqa dönə bildi. XII əsrin böyük sufisi olan Əttar “Məntiq ət-teyr” əsərində eşq yolçularını çox ağır, təhlükəli bir yolda yeddi vadidən keçirir. Buradakı “yeddi vadi”, təbii ki, rəmzi mənada işlənib. O, əslində insanın Ali Enerji ilə vəhdətini yaradan yeddi lətif çarxı (hindlilər ona çakra deyir), yeddi məqamı ifadə edir.

Əttarın 30 eşq yolçusu yeddinci vadidən-sonuncu məqamdan keçəndən sonra aşiqlə məşuq arasındakı maneələr yox olur, Damlanın Ümmanla birləşmə prosesi baş verir. Yeddinci vadini qət edən yolçu özünü Kainatın Ümumi Enerjisinin bir zərrəsi hesab edir.

Rəqəmlərin bətnində gizlənən mistik mahiyyət özünü təsəvvüf ədəbiyyatında hər zaman daha qabarıq əks etdirib. Sufi ədəbiyyatında rəqəmlərin kainatla, kosmosla əlaqəsi və ahəngdarlığı xüsusi rəmzlərlə göstərilib. Bu mətnlərdəki “yeddi məqam” obrazlı şəkildə “yeddi qəsr”, “yeddi vadi”, “yeddi tağ” adlandırılıb.

IX əsr alimi Hüseyn Nuri “Məqamət əl-qülub” əsərində “yeddi konsentrik qəsr” simvolikasından istifadə edərək canın Allaha yönəlməsi yolunu təsvir edir. Müəllif burada göstərir: “Allahı tanıyanların qəlbində yeddi qəsr var. Allah möminlərə bu qəsrlərdə yaşamağı əmr etdi, şeytan kənarda qaldı. Bu qəsrlərin hərəsi bir rəngə çalırdı”.

“Yeddi məqam” nədir?

Təsəvvüf mətnlərindəki “yeddi vadi”, “yeddi günbəz”, “yeddi qəsr”, “yeddi cam” anlayışları, əslində yeddi mərkəzin kodları, bədii-rəmzi ifadələridir.

Bəs yeddi mərkəzin özü nədir? Bu yerdə Şərq intibahının müəllifi, böyük Nizami Gəncəvinin əsərlərindəki yeddi rəqəminin sakral mənalarından və işlənmə mexanizmindən söhbət açılacaq. Dərin bilgi sahibi olan Nizami qədim Şərq mistikası ilə antik yunan elmini o qədər ustalıqla sintez edib ki, bu gün də araşdırmaçılar Şeyxə aid olan mətnləri tam düzgün aça bilmirlər. Nizaminin məşhur “Yeddi gözəl” poemasında sirli yeddi günbəz var ki, onlar insanın “qış”ını “bahar”la əvəz edir, onda kamilliyin təcəssümü olan ruhi reformasiya yaradır. Nizamidəki yeddi günbəzə keçməzdən əvvəl bu mərkəzlər haqqında bir-iki cümlə deməliyik:

Kainatın kiçik modeli olan insan bədənində paralellərə və meridianlara bənzər xətlər var. Bu xətlərin birləşmə nöqtəsi bioaktiv nöqtələr hesab edilir. İnsan bədənində 600-ə qədər bioaktiv nöqtə var ki, qədim Çin təbabəti də məhz onların vasitəsilə tətbiq olunur. Onurğa sütunumuz isə bədənimizdə ekvator xətti rolunu oynayır. Ekvator Yer kürəsini iki bərabər hissəyə böldüyü kimi, onurğa da insanın vücudunu iki bərabər hissəyə ayırır. Amma o, təkcə vücudu yox, insana məxsus enerjini də iki hissəyə bölür. Çünki onurğa sütununda sakrum adlanan sümükdə ilan təki qıvrılıb yatan gizli enerji var. Bəşər tarixinin əksər insanlarında, eləcə də hazırda yaşayan adamların əksəriyyətində həmin enerji yatmış vəziyyətdədir. Buna Kundalini enerjisi deyilir.

Kundalini sanskrit dilində “halqa-halqa burulmuş ilan” deməkdir. Bu, hər insanda ilan kimi halqalar şəklində burularaq onurğanın əsasındakı sakrum sümüyündə yerləşən kosmik enerjidir.

O, əslində enerji bankıdır. İnsanın cismini və ruhunu enerji ilə təmin edən Kundalini dünyanın 90 faiz insanında passiv vəziyyətdədir. Qıvrılmış Kundalini enerjisindən onurğa sütunu boyu xüsusi kanalla növbə ilə lətif çarxları keçir və insanı təmizləyir. Çünki onurğa sütunu boyunda yeddi mərkəz var. Yatmış enerji də bu mərkəzdən keçəndən sonra insanı kamilliyə doğru aparır.

Burada dayanaq və yenə də Əttarın “yeddi vadi”sinə, Nizaminin isə “yeddi günbəz”inə baş vuraq. Əslində həmin vadilər və günbəzlər Ali Enerjidən bir nişanə, zərrə olan mikroenerjinin hərəkət etdiyi yeddi çarxdır, yeddi mərhələdir. Sadəcə, Əttar və Nizami kimi dahilər bu mürəkkəb tendensiyanı ustalıqla obrazlaşdıra biliblər. Klassik ədəbiyyatda bəlkə də ən çox rastımıza çıxan ifadələr qəzəllərdə bülbülün qəfəsdən qurtulması və oradan xilas olmaq istəyi ilə bağlıdır. Gizli Şərq mistikasını dərindən bilən İmadəddin Nəsimi əbəs yerə bülbülü əsir olduğu qəfəsi sındırmağa və yeni gülüstan tələb etməyə çağırmırdı. Nəsimidəki başqa bir nümunəyə diqqət edək:

 

“Çıx qəfəsdən, gəlgil ey bülbül, gülüstan seyrin et,

Bas qədəm meydani-eşqə görə sən məvayi-eşq”

 

Böyük Nəsimi, əlbəttə ki, burada yaxşı cəh-cəh vurmağı ilə ad çıxaran bülbül adlı quşa müraciət etməyib. O, sadəcə, insanda yatıb qalan Ali Enerji zərrəsinin – Kundalini enerjisinin oyanmasını “bülbülün qəfəsdən çıxması”na bənzədib. İlkin mərhələ uğurla başa çatırsa, yəni, yeddi mərkəzdən birincisi qət edilirsə, insan özündə sözlə ifadə oluna bilməyəcək rahatlıq, azadlıq, çəkisizlik hiss edir. Onun yaradıcı istəyi bundan sonra daha da artır. Uzağa getməyək, yazıçı, rəssam və bəstəkarları göstərsək, kifayətdir.

 Nizamidəki gizlinlər 

İndi isə Şeyx Nizaminin yeddi mərhələni necə təsvir etdiyinə nəzər salaq. Yuxarıda qeyd etdiyimiz kimi, Nizami yüksək intellekt sahibi olaraq antik yunan mədəniyyətini, Şərq mistikası ilə ustalıqla sintez edib. O, “Sirlər xəzinəsi”,”Yeddi gözəl” kimi poemalarında adi hekayətlərlə bir çox gizli məqamları diqqətə çatdırır.

Nizami oğlu Məhəmmədə nəsihətində peyğəmbər tərəfindən iki elmi - tibb və ruh elmini öyrənməyin vacib olduğunu bildirir. Oğluna bu iki elmin göbəyində xoş ətirin - müşkün olduğunu deyir. Buradakı xoş ətir kamillik pilləsinə aparan enerjinin, onun gözəl rayihəsinin ifadəsidir. Şeyx, oğlu Məhəmmədə bildirir ki, həmin işığı hərəkətə gətirən adam hər iki dünyanın alimi olacaq.

Nizami yeddi rəqəminin simvolikasından daha çox “Yeddi gözəl” poemasında bəhrələnir. Çox təəssüf ki, bu poema da Nizaminin o biri əsərləri kimi, öz düzgün təhlilini hələ də gözləməkdədir. Amma burada Nizami bütün bəşəriyyətin xilas düsturlarını heyrətamiz şəkildə əks etdirib. O, insandakı gizli enerjini fəaliyyətsiz qalan mərkəzlərdə hərəkət etdirməyi cahillikdən kamilliyə aparan yolun düsturu kimi göstərir.

Elmin Nuri