Elektron ədəbiyyat və sənət portalı

“Mən yazmağı sevən ovçuyam”  

Bölmə: Beynəlxalq 14.02.2018

 

Delibesin İspaniya mətbuatına müsahibəsindən sitatlar  

 

…Atamın iki kiçik kitab şkafı var idi. Orada olan bir neçə kitab diqqətimi çəkdi və oxumağa başladım. Amma məndə mütaliəyə həvəsi nişanlım oyatdı. O, fenomenal oxucu idi, “La Universal” adlandırdığı kolleksiyasında tərtibatca və məzmunca çox gözəl kitablar var idi.

İlk oxuduğum kitabın hansı olduğu dəqiq yadımda deyil, məncə, bu, Napoleonun apardığı müharibələrdən bəhs edən bir kitab idi.

…Ədəbiyyat mənim üçün hər şeydir. Heç harada tapmadığım sığınacağı ədəbiyyatda tapmışam.

…Bəli, mənim yazmaq istəyim iki şəxsi bir-birinə bağlamaq, qələmi ünsiyyət aləti kimi istifadə etmək cəhdindən doğurdu və düşünürəm ki, bu, roman və şeir vasitəsilə mümkündür.   

…Tez-tez deyirəm ki, mən yazmağı sevən ovçuyam. Yəni ovçuluq və balıqçılıq vərdişimlə bağlı Kastiliya ilə yaxınlaşdım. Sonra oranın əhalisinin dilini, onlar kimi danışmağı öyrəndim və ardınca yazılan bütün kitablarım bu obrazlara istinad edirdi – oğrudan tutmuş cənab Kayoya qədər… Deyə bilərəm ki, xalqla ünsiyyəti və xalq dilini insanlarla təmasda öyrəndim.

…Məncə, doğulduğumuz andan həyat və ölüm arasındakı dəhşətli əlaqənin şahidi oluruq. Uşaqlıqdan ölümün məni qarabaqara izlədiyini hiss edirəm. Dörd, ya beş yaşımda qorxurdum ki, yaşayışımı təmin edən valideynlərim bir gün olmayacaq.      

Bu hissdən çıxış edərək “Sərv ağacının uzun kölgəsi” əsərini – bu dəhşətli romanı yazıb ərsəyə gətirdim. Bu romanın yaxşı məramı var idi. Demək istəyirdim ki, həyatın nemətləri fanidir, onlardan ikiəlli yapışmayaq. Bu romanı 20 yaşımda yazmışam.     

Fikrimcə, itki yazıçını yazmağa vadar edən başlıca amillərdən biridir. İtki duyğusu bizi yazmağa və yaşamağa sövq edir. 

...Sevgi mənim üçün böyük anlam daşıyır. Sevgi haqqında danışmaq, onu paylaşmaq aktual mövzudur. Sevgi bir insanın başqa bir insanla energetik təmasından yaranır. Bu hissi zaman boyunca dəyərləndirdikdə davamlı, sabit münasibətlər sistemi formalaşır və uzunmüddətli birgə yaşam bunun sayəsində mümkün olur.