Elektron ədəbiyyat və sənət portalı

Migel Delibes: “Müharibədə udan tərəf olmur, hamı uduzur”

Bölmə: Beynəlxalq 23.02.2018

...Sedano nəvələrimin, övladlarımın əhatəsində olduğum, ilk növbədə bir şəxs kimi formalaşdığım yerdir. Deməli, mənim fransız əsilli babam Santanderdə bir dağlı qıza aşiq olur və onunla evlənir. Bu evlilikdən üç uşaq, səkkiz nəvə dünyaya gəlir. Həmin nəvələrdən biri də mən idim.

...Günlərin bir günü yay tətilini keçirmək üçün Sedanoya gələn bir qıza vuruldum. Vayadoliddən, yaxud Moyedodan Sedanoya yollanmaq heç də asan deyildi. Amma mənim araba təkəri kimi həddən artıq ağır olan velosipedim var idi və onunla dəfələrlə sevgilimi görməyə getmiş, ilk motosikletlər çıxana qədər bu yolu belə qət etmişəm. Sonra pula qənaət edib özümə bir motosiklet aldım. Haqqında danışdığım həmin qız həyat yoldaşım və uşaqlarımın anası Anxeles de Kastrodur. O, mənim ilk və son məhəbbətimdir. Mən tez-tez aşiq olanlardan deyildim. Həyatda yalnız həmin xanımı sevdim.

...Bəli, işimə, jurnalistikaya, ovçuluğa, sevdiyim qıza, dostlara, hər şeyə həmişə sadiq olmuşam. Uşaqlıqda necə idimsə, sonralar da həmin keyfiyyətləri qoruyub saxladım.     

...Uşaqların hərəkətləri bizi ya əsəbləşdirir, ya da əyləndirir. Mən uşaqların əhatəsində böyümüşəm, ailəmizdə səkkiz uşaq olub, biz ailə qurduqdan sonra daha yeddisi əlavə olunub. Mən uşaqlarla münasibətdə problem yaşamamışam.

...Bir qədər melanxolik uşaq olmuşam. Məktəbə getməyi xoşlamırdım, həm də çoxdanışan deyildim. Məktəbi xoşlamadığımı heç vaxt dilə gətirmirdim, birtəhər dözürdüm, xüsusən də Milad tətilindən sonra bu, mənim üçün elə dəhşətli idi ki, ağlamaq istəyirdim, amma ağlamırdım. Beləcə, dərs buraxmadan orta məktəbi 15 yaşımda bitirdim. Universitet həyatına başlamalı idim. Amma Frankonun[1] başladığı Vətəndaş müharibəsi arzumu ürəyimdə qoydu. Universitetlər bağlandı, mən isə müharibəyə yollanmaq yaşına çatmamışdım. Müharibə düşündüyümüzdən daha uzun çəkdi. 17 yaşımda dostlarla birlikdə hərbi-dəniz qüvvələrində xidmət etmək üçün ərizə verdik. Əks halda, bizi piyada korpusuna ya da Legion[2]a göndərəcəkdilər. Nəhayət, dənizə yollandıq. Orada dostlardan ikisi həlak oldu, biz isə Vayadolidə qayıtdıq.

...Onu bilirəm ki, müharibədə udan tərəf olmur, hamı uduzur. Vətəndaş müharibəsində isə itki digər müharibələrdən daha çox olur.

...Faşist rejimi altında yaşamaq çox çətin idi. Çünki belə siyasi şəraitdə hətta ailələr də iki qütbə ayrılır. Bəzi ailələr gərginliyə dözməyib dağılırdı. İlk öncə heç də ciddi qəbul edilməyən bu müharibənin ən acı nəticəsi də məhz bu idi.

...Düşünürəm ki, hazırda İspaniyada heç vaxt olmadığı qədər sabitlik hökm sürür. Bu gün məndə elə bir təəssürat yaranıb ki, həm solçular, həm də sağçılar bir vaxtlar yaşadığımız o ağır hadisələrdən nəticə çıxara biliblər.

 

[1] İspaniya Vətəndaş müharibəsi illərində hərbi üsyanın rəhbəri. 1936-1939-cu illəri əhatə edən Vətəndaş müharibəsi yolu ilə hakimiyyəti ələ keçirmiş diktator.

 

 

[2] 1920 - ci ildə İspaniya ordusunun quru qoşunlarının tərkibində yaradılaraq, Xose Miyan-Astray tərəfindən idarə olunan hərbi qüvvə.