Elektron ədəbiyyat və sənət portalı

Adolfo Bio Kasares haqqında

Bölmə: Ədəbiyyat 09.03.2018

Ədəbiyyatşünasların bir çoxunun fikrincə, Argentina XX əsr dünya ədəbiyyatına üç klassik bəxş edib. Xulio Kortasar və Xorxe Luis Borxeslə yanaşı, həmişə Adolfo Bio Kasaresin (1914–1999) də adı çəkilir.

Kasares ədəbiyyatın yüksək qiymətləndirildiyi imkanlı ailədə dünyaya gəlib. Yaradıcılığa erkən yaşlarında başlayıb. 14 yaşında artıq fantastika elementləri olan ilk detektiv hekayəsini qələmə alıb.

1932-ci ildə Xorxe Luis Borxeslə tanışlığı gənc yazarın həyatında əsl dönüş yaradıb. Bundan sonra təhsilini yarımçıq saxlayan Kasares yalnız ədəbi yaradıcılıqla məşğul olub. 1940-cı ildə qələmə aldığı "Morelin ixtirası" romanı onun yazıçı kimi şöhrətlənməsində mühüm rol oynayıb.

Kasaresin Borxeslə ədəbi əməkdaşlığı əsl tale məsələsi idi. Onların 1942-ci ildə çap etdirdikləri "Don İsidoro Parodi üçün altı məsələ" adlı detektiv hekayələr toplusu böyük maraqla qarşılanmışdı. 1946-cı ildə Bustos Domek təxəllüsü ilə oxuculara təqdim edilən "İki yaddaş fantaziyası" hekayələr toplusunun taleyi də uğurlu oldu.

1967-ci ildə nəşr olunan "Bastos Domekin sərgüzəştləri" adlı parodik hekayələr toplusu isə bu yazıçıların birgə ədəbi fəaliyyətinin son akkordu idi.

Ədəbi aləmdə Onorio Bustos Domek, B.Suares Linç, Xavyer Miranda, Martin Sakastru imzaları ilə tanınan Bio Kasares sərbəst yaradıcılığını da uğurla davam etdirirdi. "Qaçış planı" (1945), "Qəhrəmanların xəyalı" (1954), "Donuz müharibəsinin gündəliyi" (1969), "Günəş altında yatmaq" (1973) və "La Platada bir fotoqrafın macərası" (1985) kimi romanları onu Argentina ədəbiyyatının görkəmli simalarından biri saymağa imkan verir.

***

Kasares öz əsərlərində Kortasar və Borxes kimi, həyatın adiliyini sual altında qoyur. Onun təsvir elədiyi aləm burada hər şeyin mümkün olduğu yuxulara oxşayır. Həmin aləmdə cürbəcür ağıllı maşınlar da, paralel dünyaların çoxluğu ideyası da məhz bununla əsaslandırılır. Bio Kasaresin qəhrəmanları yad şəhərlərin küçələrində, tropik adada baxımsız qalmış, muzeyə də, mehmanxanaya da, bomba sığınacağına da oxşayan binada dolaşırlar. O qəhrəmanlar kabuslardan gizlənir, onlara vurulur, qorxunc məxluqların şəffaf aləmlərinə nüfuz etməyə çalışırlar. Bəziləri isə şəhər ətrafındakı kolluqdan keçib dörd yüz kilometr uzaqda, başqa ölkədə yerləşən şəhərə varid olurlar, həmin məkanda bir anlığa qarşılarında xoşbəxt həyatın qapıları açılır.

Kasaresin əsərlərini oxuyanda hiss edirsən ki, Argentinada mövcud olan hər şey ona tanışdır. Onun hekayə, povest və romanlarında ölkənin acı gerçəklikləri öz əksini tapır. Basqınçı dəstələri şəhərin küçələrində adamları qətlə yetirir, hakimiyyət nümayəndələri isə bəyanat verirlər ki, ayrı-ayrı hadisələri nəzərə almasaq, vəziyyət tamamilə nəzarət altındadır: Hərbi düşərgədə baş verən özbaşınalıqdan hər kəs öz məqsədi üçün istifadə edir. Yazıçı dalğa-dalğa yayılan qorxu hissini, insanların qəlbində yuva qurmuş xəyanət duyğusunu, günahsız adamı gözləyən amansız pusqunu ustalıqla təsvir edir.

Yazıçının bu mücərrəd aləmi çox vaxt Frans Kafkanın əsərlərindəki situasiyalarla müqayisə edirlər. Bu da əsassız deyil. Qəfildən ətrafındakı hər şey insana onun əvvəlki adam olmadığını təlqin edir; hətta dostları belə həmin şəxsi indiyəcən görmədiklərini bildirirlər; üstəlik, məlum olur ki, evində tamam yad bir adam yaşayır. Həmin adam artıq həqiqəti sübuta yetirməyin mənasız olduğunu onu başa düşdüyü məqamda özü kimi qəbul edilir, bununla belə yol vermədiyi əməllərdə günahlandırırlar.

Kasaresin qəhrəmanları Kortasarın obrazları kimi intellektual deyillər, adi ticarətçilər, təqaüdçülər, pilotlardır. Ona görə də onların mücərrədliklə toqquşmaları daha böyük fəsadlara səbəb olur. Baş verən qəzalardan sonra onlar artıq əvvəlki kimi yaşaya bilmirlər. Ata həlak olmuş qızına oxşayan qıza çatmaq üçün maşının dalınca qaçır: keşiş evindəki qayda-qanunu birdəfəlik qorumaq üçün zamanı saxlamağa çalışır, hətta həmin nizamı təsadüfən belə pozacaq adamı da ölüm gözləyir.

***

Kasares "Morelin ixtirası" romanını Borxesə ithaf edib. Borxes də əsərə yazdığı ön sözdə macəra əsərlərinə haqsız olaraq etinasız münasibət bəsləndiyini, Kasares yaradıcılığının bu cür münasibətə layiq olmadığını qeyd edib.

Kasares öz romanında ədəbiyyatın, bəlkə də, ən çətin problemini asanlıqla həll edir və hər şey gözlərimiz qarşısında bizə qarabasma, yaxud rəmzlər kimi görünə biləcək, müəllifin qeyri-təbii fərziyyələr deyil, fantastik mülahizələr vasitəsilə tamam aydınlaşdırdığı əsl möcüzəvi səyahət kimi canlanır. Borxesin fikrincə, Kasares Müqəddəs Avqustin və Origenin yalan saydıqları, Lui Ögüst Blankinin məntiqi cəhətdən əsaslandırdığı, Dante Qabriel Rossettinin nəzmə çəkdiyi ideyanı ədəbi cəhətdən dirçəldir.

Don Nikolas Verolanın rəvan həyatını darmadağın edən, arvadını əlindən alan, zarafatcıl adamla zarafat edən yaquar nədir? Bəlkə, çoxdan ölmüş yerli şorgöz Brunodur? Oxucu əsərin sonunacan bu sirri çözməyə çalışır.