Mətnin adı:  Milad (hekayə, V.Nabokov)

Tərcümə: Nadir Qocabəyli

 

Kənddən axşam qarının üstüylə öz bağ evinə qayıdan Slepsov, küncdəki heç vaxt əyləşmədiyi alçaq plüş stulda oturdu.

Bütün, hətta ən rahat və son dərəcə balaca otaqlarda istifadəsiz bir künc, bucaq olur.

Evi oyadıb, qızdırmağa gərək yox idi, ağa Peterburqdan cəmi bir neçə günlüyə gəlmiş və evə bitişik fligelə yerləşmişdi.

Qaranlıq otağa pəncərədən, şaxtanın şüşə lələkləri arasından erkən axşamın tünd göy işığı düşürdü. 

Dərdinə qətiyyən dəxli olmayan xırda və cəfəng yuxularla keçirdiyi gecənin səhəri Slepsov soyuq eyvana çıxanda, döşəmə ayağının altında şən-şən şaqqıldadı, ağardılmış skamyaya rəngli şüşələrin əksi, əlvan ulduzcuqlar düşdü.

Qapı dərhal tabe olmadı, sonra şirin-şirin çartıldadı və şaxtanın parıltısı üzünə vurdu.

Artırmanın qarşısındakı hamar qarda ləklərin ağ günbəzləri azacıq qabarmışdı, bir az irəlidə hər bir qara budağın gümüşə tutulduğu, şamların öz yaşıl pəncələrini tüklü və parlaq yükün altında yığdığı hündür park ağarırdı.

 …ayaqları qısa sarja şalvarda, islanmış səndəllərdə şən-şən dayanmışdılar.

O lap yaxında Peterburqda məktəb, velosiped, hansısa hind kəpənəyi haqqında şən-şən, böyük həvəslə sayıqlayaraq öldü…

Şaxtada zil qara axta atın dalağı bərk şappıldayır, ağ yelpiklər düz papağının üstündən uçuşur, qarşıdakı gümüşü mavi cığır işıldayırdı…

Gəlib çatdıqdan sonra yun əlcək geyindiyi ağır əlini yunun üstündən belə yandıran məzar çəpərinin çuqunu üzərinə qoyaraq, bir saata yaxın oturdu və evə yüngül ümidsizlik hissiylə qayıtdı, sanki qəbiristanlıqda oğluna buradakından - onun qıvraq səndəllərinin saysız-hesabsız ləpirlərinin qarın altında qaldığı yerdən daha uzaq idi.

Qapılar ağır hönkürtüylə açılanda və gumbultulu dəmir dəhlizdən nəsə xüsusi, qışa xas olmayan soyuq həniri vuranda, Slepsov tənəkə reflektorlu çırağı gözətçinin əlindən alıb, təkbaşına evə daxil oldu.