Ən qısa hekayələrdən seçmələr

«New Time» jurnalının redaktoru Stiv Moss təxminən 50-55 sözdən ibarət kiçik hekayələr müsabiqəsi keçirmək təşəbbüsünü irəli sürəndə ide­yasına bu qədər ciddi maraq göstəriləcəyini ağlına belə gətirməzdi. Mü­sabiqənin başlıca şərti, hekayə janrına xas olan xüsusiyyətlərə əməl et­mək idi. Müsabiqə yekunlaşandan sonra "Ən qısa hekayələr" adlı toplu da nəşr olundu. Həmin topludan bəzi nümunələri təqdim edirik.

 

Alan E.Mayer

Şeytanın istəyi

İki oğlan dayanıb şeytanın onlardan necə uzaqlaşmasına baxırdı. Şeytanın göz­lərinin hipnozedici parıltısı hələ də uşaqların beynini dumanlandırırdı.

­­– Bura bax, o səndən nə istəyirdi?

– Ruhumu. Bəs səndən?

­– Avtomat telefon üçün pul. Tə­cili harasa zəng eləməli idi.

– İstəyirsən, gedək nahar edək?

– İstəyirəm, amma pulum yoxdu.

– Narahat olma, mənim pulum çoxdu.

 

Brayan Nyuell

Tale

Həyatımız hər şeyi bildiyi kimi həll etmək üçün xeyli düyünlərdən ibarət olduğundan yalnız bir çıxış yolumuz var idi. Püşkə etibar eləməliydik. Dəmir pulun üzü düşsə, evlənəcək, arxası düşsə, həmişəlik ayrılacaqdıq.

Dəmir pul atıldı, cingildədi, fır­landı və dayandı. Üzü düşmüşdü. Nə­zərlərimizi çaşqın halda pula zillədik və bir ağızdan dilləndik: "Bəlkə, bir də sınayaq?"

 

Kami Lauqren

Minnətdarlıq

Bu yaxınlarda xeyriyyə fon­dundan verilən yun adyal kişinin çiyinlərini yaxşıca örtürdü, bu gün zibil yeşi­yindən tapdığı yarımboğaz çəkmə­lər isə ayaqlarını qəti sıxmırdı.

Ətrafdakı soyuq qaranlıqdan boylanan küçə işıqları qəlbinə əməlli-başlı hərarət gətirirdi...

Parkdakı skamyanın beli heydən düşmüş kürəyinə çox ta­nış gəlirdi...

İlahi, kərəminə şükür, həyat, doğrudan da, gözəldi!

 

Endrü E.Hant

Müasir tibb

Faraların gözqamaşdırıcı işığı, qulaqbatırıcı xırçıltı, kəskin, amansız ağrı, sonra yumşaq, cəzbedici, duru, mavi işıq. Con özü­nü heyrətamiz dərəcədə xoşbəxt, gənc, azad hiss eləyib parıltıya doğru getdi.

Ağrı və zülmət yavaş-yavaş qa­yıdırdı. Gözlərini zorla açdı. Reanimasiya palatasında idi. Bədənini hiss eləmirdi. Arvadı sevincdən ağlayırdı.

- Səni xilas elədilər, əzizim!

 

Elizabet Yula

Günorta çağı ölüm

- Ağacın dalından çıx, Lui, gör beynini necə havaya sovururam!

- Qorxaq, sənin heç tətiyi çək­məyə də cəsarətin çatmır.

- Şübhə eləmə, cəsa­rətim yerindədi, amma indi sənin bey­nin yerində olmayacaq!

- Sənin isə heç əvvəldən beynin ol­mayıb.

Part!

- Bir də!

Part!

- Lui, Toni! Şam eləmək vaxtıdı!

- İndi gəlirik, ana!

 

 

Hazırladı:  Nəriman