Məşhurlar yazı prosesi haqqında

Bölmə: Art 11.08.2018

Ən oxunan yazıçılardan biri ki­mi tanınan Stiven Kinqin "Kita­bı necə yazmalı?" əsəri müəyyən qədər proqram, memuar və həyat haqqında düşüncələrindən ibarətdir. Yazıçı həmin kitabı avtomobil qəzasına düşəndən sonra qələmə alıb. Bu sarsın­tıdan sonra onun həyata və sə­nətə münasibətini dəyişib. Kitabdan bəzi fikir­ləri təqdim edirik:

Təsvir yazıçı təxəyyü­lündən başlayıb, oxucu təxəyyülündə başa çatır.

Sizdən xahiş elədiyim yeganə şey budur: yaxşı yazmağa çalışın.

Hər dəfə yazmağa başlayanda masanı küncə qoyun və masanın niyə otağın ortasında olmadığını düşünün.

Açıq deyirəm, əgər sizin oxumaq üçün vaxtınız yoxdursa, yazmağa da vaxtınız olmayacaq.

***

Rey Bredberi "Yazıçılıq sənəti­nin nüvəsi" kitabında təkcə yazıçılıq təcrübəsini bölüşmür, həm də peşəsindən zövq alması ilə yadda qalır. Müdriklik və entuziazmla zəngin olan kitab Bredberinin yazıçı­lıq manifesti hesab olunur:

Sizin rəng, forma və dünya qav­rayışınızı aydınlaşdıran kitabları oxuyun.

Həqiqətin ağrı-acısından ölməmək üçün insana sə­nət lazımdır.

Mədəniyyət bəzən xəzinə, bə­zən zibil kimi hər yerə səpələnir.

***

Larri Fillips "Ernest Heminquey yazıçılıq haqqında" kitabında yazır ki, Heminquey israrla yazıçılığın əbəs vaxt it­kisi olduğunu iddia edirdi. Bununla belə, o, hekayələrində, məktublarında, müsahibələrində və məqalələrində bu peşəylə bağlı düşüncələrini bölüşür­dü. Fillips onun yazıçı şəxsiyyəti və peşəsinin ən vacib cəhətlərini özündə əks et­dirən fikirlərini toplayıb:

Bütün yaxşı kitabların bir oxşar cəhə­ti onların gerçəkliyə uyğun gəlməsidir. Həmin kitabları oxuyanda hiss elə­yirsən ki, elə bil bütün bu hadisə­lər sənin başına gəlib. Sonra elə hiss eləyirsən ki, hər şey – xeyir-şər, riqqət, tövbə, kədər, insanlar, yerlər, hətta hava da sənə məx­susdur. Əgər bunları oxucuya verə bilmisənsə, deməli, yazıçısan.

Simvolizm-filan yoxdur. Dəniz dənizdir, qoca qocadır, oğlan oğlandır, balıq da balıqdır. Köpəkbalığının hamısı eynidir – yaxşısı ya pisi yoxdur. Adamların ətrafında mülahizə yürütdüklə­ri simvolizm mənasızlıqdan başqa bir şey deyil.

Ömrüm boyu sözə elə bax­mışam ki, sanki onu ilk dəfədir, gö­rürəm.

İlk əvvəl istedad, özü də böyük istedad lazımdır. Kiplinqin iste­dadı kimi. Sonra şəxsi intizam: Floberin şəxsi intizamı kimi. Son­ra saxtalıqdan qorunmaq üçün mütləq vicdan lazımdır. Ardınca yazıçıdan intel­lekt və təmənnasızlıq, ən başlıcası isə salamat qalmaq bacarığı tələb olunur. Bəli, ən vacib şərt salamat qalmaqdır! Axı vaxtı azdır, işini axıra çatdırmalısan.

***

Görkəmli rus yazıçısı və publisisti Konstantin Paustovski daha çox portret yazılar müəllifi kimi qəbul olunsa da, yaradıcılıq prosesinin təhlilinə də xeyli vaxt ayırırdı. O, yazıçı sənətkarlığı barədə fikirlərini ədəbiyyatçılar üçün dəyərli vəsait olan "Qızıl qızılgül" kitabında toplayıb. Paustovskinin fikrincə, yazıçı rəngləri rəssam qədər duymalıdır. Onun kita­bında faydalı məsləhətlərlə yanaşı, dilə heyranlıq nəzərə çarpır.

Fikir duyğular və yad­daş qeydləri ilə dolu olan insan beynində ildırım kimi çaxır. Bü­tün bunlar sezilmədən, asta-asta qaçılmaz partlayış yaranan səviyyəyədək yığılır.

Heç vaxt düşünmə ki, bu moruq kolu, yaxud orkestrdəki o ağsaçlı çalğıçı nə vaxtsa yazacağın heka­yə üçün sənə lazım olacaq, ona xüsusi diqqətlə, hətta xüsusi sə­nətkarlıqla baxmalı, müşahidə elə­məlisən. Müşahidə eləmək, sadəcə sənin peşə borcundur. Hətta ən uğurlu müşa­hidələri belə zorla nəsrə daxil etmək olmaz. Onsuz da vaxtı yetişəndə onlar özləri gəlib yerlərini tuturlar.

 

 

Hazırladı: Nəriman