Söz ustalarının yazı vərdişləri

Bölmə: Art 15.08.2018

Mark Tven

Mark Tven uşaqlar üçün şeirlər və nağıllar da qələmə alıb. O, eyni zamanda oxucu məktublarına yumorla cavab verməyi də xoşlayırdı. Yazıçının oxu­cu məktublarına şərhi hətta ayrı­ca kitab şəklində nəşr olunub. Tvenin hikmətli sözlərini də sevimli işlərindən biri kimi qəbul etmək olar. Bəs yazıçı necə işləyirdi?

Bioqrafının yazdığına görə o, doyunca yediyi səhər yeməyin­dən sonra kabinetinə keçir, şam yeməyinəcən oradan çıxmırdı. Tven fasilə vermədən bir neçə saat işləyə bilirdi. Şam yeməyindən sonra yazdıqları­nı ailə üzvlərinə oxuyurdu.

Mark Tvenin ən çox sevdiyi məşğuliyyət isə siqar çəkmək idi. Harada olursa-olsun, siqarı­ daim tüstülənirdi.

Simona de Bovuar

Simona de Bovuar 1965-ci ildə verdiyi müsahibədə onun haq­qında formalaşmış "əzabkeş dahi" obrazını dağıtdı. Hə­min müsahibəsində o, adi iş rejimi, pis xətti, qəhrəmanlarının adlarını telefon kitabçalarından götürmə­si, öz personajlarını ətrafındakı adamlardan “köçürməsi” haqqın­da danışmışdı.

“Həmişə işə başlamağa tələsirəm. Səhərlər əvvəlcə çay içirəm, təxminən saat 10-da yazı masası arxasında əylə­şib günorta saat 1-ə qədər işləyirəm. Sonra dostlarımla görüşür, axşamüstü 5-də evə qayıdıb saat doqquzacan yazı­ram. Başladığım əsəri davam etdir­mək məsələsində heç bir problemim olmur. Fasilədə qəzet oxuya, dükanlara gedə bilərəm. İşimdən böyük zövq alıram. İşim irəli getməyəndə təxminən yarım saatımı əvvəlki gün yazdığım mətnin redaktəsinə sərf edirəm. Sonra isə qaldığım yerdən davam edirəm”.

Vladimir Nabokov

Vladimir Nabokov həm də xüsusi yazıçılıq vərdişləri ilə şöhrət qazanmışdı. İş zamanı sistemli elmi yanaşmadan istifadə edirdi. Üstəlik onun kəpənəklərin təkamülü barədə nəzəriyyəsi alimlər tərəfindən müsbət qiymətləndirilmişdi.

Nabokov məşhur "Lolita" romanını Amerika­ boyu səyahət zamanı, gecələr dayanacaqda saxladığı maşınının arxa oturacağında yazmışdı. Yalnız bir neçə aydan sonra həmin qeydləri ya­zı makinasına köçürmək üçün xanımı Veraya vermişdi.

 

Hazırladı: Nəriman