O illərin vurma cədvəli

Mahir Qarayev

Hər il nə az, nə çox – təxminən yüz min abituriyent üz tutur ali təhsil müəssisələrinə. İmtahan başlanır, nə başlanır!

Hər şey sadə və şəffaf: üç saat ərzində 120 sualın doğru cavabını tap – maksimal 700 bal ana südü kimi halalındır!

Doğru cavab da uzaqda deyil, elə sualın qarşısındadır, yəni hər sualın böyründəki beş cavabın biri düppədüzdür, abituriyentin də vəzifəsi o doğru cavabı tapıb işarələməkdir, vəssalam.

Ötən əyyamlarda vəziyyət formaca başqa cür idi: hərəsinə 3 sual yazılmış 30 bilet masanın üzərinə qoyulurdu, abituriyent də bu biletlərin hər hansı birini götürüb sualların doğru cavabını verməklə «əla» qiymətini alırdı və yenə də vəssalam.

Əlbəttə, əlaçı sayılan abituriyentə həmin 30 biletin istəniləni düşə bilərdi və əlaçı abituriyentin digərlərindən fərqi orasında idi ki, 90 sualın hər birinə hazır olurdu - necə ki, hazırda 120 sualın məhz hamısını bilən abituriyent maksimal 700 balı toplaya bilir.

Ötən əyyamlarda 90 sualın səksənini, yaxud yetmişini bilən abituriyentin də tələbə olmaq şansı qalırdı – necə ki, hazırda 120 sualdan yüzünü, ya doxsanını doğru tapan abituriyentin də, tutaq ki, 600, 550, yaxud 500 bal toplamaqla eyni şansı qalır.

Yəni, prinsipcə oxşar situasiyalardır və el dilində buna adətən belə deyilir: bilənə zaval yoxdur.

Amma qəribəsi – Azərbaycan təhsilinin inkişafını bir nömrəli vəzifə kimi qarşısına məqsəd qoymuş təhsil qurumlarının heç cür baş açılmayan qeyri-səlis məntiqidir.

Kor-kor, gör-gör – yuxarı hədd 700 baldırsa və abituriyent test imtahanından yalnız 350 bal toplayırsa, bunu ötən əyyamların hesabına çevirəndə məntiqlə belə çıxır: bu adam orta məktəbdə «iki» və «üç» qiymətlərlə oxuyan şagirddir. Ötən əyyamlarda «iki yarım» qiyməti olmadığından müəllimlər belə şagirdlərə çox vaxt «üç» yazırdı ki, sinifdə qalmasın, səkkizinci sinfi birtəhər başa vursun və getsin peşə dalınca. El arasında bu qiymətə «tramvay altda qalmış üç» də deyirdilər.

Amma sözümüz onda deyil, bundadır ki, bəs hazırda test imtahanlarından 300 bal toplayan abituriyent ötən əyyamlarda orta məktəbdə «iki» qiymətlə oxuyan, el dilinə çevirəsi olsaq, «iki eşşəyin arpasını bölə bilməyən» şagird hesab olunurdu və beləsi altıncı sinifdə oxuyurdusa, yeddiyə keçmirdi, yeddinci sinifdə oxuyurdusa, səkkizə keçmirdi, səkkizinci sinifdə oxuyurdusa, doqquza keçmirdi və ilaxır. Bu, faktiki olaraq, mümkün deyildi.

Amma indi mümkündür.

Orta məktəbi ötən əyyamların “tramvay altında qalmış üç” qiymətilə bitirib, hazırkı dövrdə «350 ballıq» abituriyentə çevrilən şagirdlər qurban olsun orta məktəb direktorlarının qara gözlərinə, bizsə qoy bir az da aşağı yenək – 300 bala. Amma 300 nədir, hətta «250 ballıq» abituriyentlər də orta məktəbin doqquzuncu sinfində nəinki ilişib qalırlar, hələ onuncu sinfin dərəsindən sel kimi, on birinci sinfin təpəsindən yel kimi keçib kamal attestatı da alırlar və... abituriyent kimi üz tuturlar universitetlərə!

Üz tutmaq nədir, topladıqları 250 balla hələ ali məktəbə də girirlər!

Söhbət o əyyamların «tramvay altında qalanlarından» getmir, heç «iki eşşəyin arpasını bölə bilməyənlərdən» də getmir. Xeyr, biz artıq xeyli aşağı enmişik – 350 balı da, 300 balı da kənara qoyub düşmüşük 250-yə!

O həddə ki, ötən əyyamların «qiymət şkalasında» bu balın alternativi şərti olaraq «sıfır» idi. Sıfır – yəni heç. Yəni heç nə. Xalq arasında deyildiyi kimi, “hessad”.

Kəsəsi, söhbət bir kiloqram daşın bir kiloqram pambıqdan ağır olduğuna cani-dildən inanan orta məktəb şagirdlərimizdən gedir.

Söhbət Moskvanın paytaxtının Uruset olduğunu ovcunun içi kimi əzbər bilən abituriyentlərimizdən gedir.

Söhbət Koroğlunun atasının Dədə Qorqud olduğuna şəkk eləməyən universitet tələbələrimizdən gedir.

Üç üçün neçə eləyir?

Nəsə səndə düz eləmir.

Durub döyürsən gözünü –

Bə niyə doqquz eləmir? (Salam Sarvan)

Amma gözünü döyən onlar deyil – neyçün ki, onların üç üçü həmişə düz eləyib; gözümüzü döyən bizik: neyçün ki, ha vurub-çıxırıq – bizim üç üçümüz heç vaxt doqquz eləmir ki, eləmir!

Doğrudan da, görəsən üç kərə üç neçə eləyir?

Gərək o əyyamların vurma cədvəlinə bir də baxım...