İsmayıl bəy Qasprinskinin “Tərcüman”ı: modernizmin carçısı

 

 Edvard Lazzerini

 

İsmayıl bəy Qasprinskinin (Qaspıralı) həyatı, fəaliyyəti, yaradıcılığı daim diqqət mərkəzində olub, araşdırılıb. Böyük fikir adamının şəxsiyyətinə  olan maraq çoxdan sərhədləri aşıb. Bu cəhətdən ABŞ-ın İndiana Universitetinin professoru Edvard Lazzerininin qələmə aldığı məqalə diqqəti çəkir. Məqaləni ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.

 

Bədənə can verən ruhdur.

Fridrix Şiller

Fikir və qayə yoxluğu insanın

cəsarətini qırır, onu uyuşdurur və zəiflədir.

İsmayıl bəy Qasprinski

 

…İsmayıl bəy Qasprinskinin strategiyasının mərkəzində qəzet yaratmaq və onu yaşatmaq qətiyyəti dayanırdı. Zaman-zaman Kazan, Tiflis, Daşkənd və Bakıda bu yöndə edilmiş cəhdlərə baxmayaraq o, Rusiyanın ən uzunömürlü türkdilli qəzetinə çevriləcək mətbu orqanın nəşri üçün rəsmi icazə alana, yəni 1917-ci ilədək mübarizə apardı. O, mətbuatı özünün böyük layihəsini ən təsirli formada təbliğ edən, ən geniş oxucu kütləsinə çatdıran və modernizmə müxalif olanların öhdəsindən gələ bilən vasitə sayırdı. Bu, eyni zamanda, cəhalət və səhv məlumatdan qaynaqlandığına inandığı, ruslarla müsəlmanları bir-birinə qarşı qızışdıran qərəzli ehkamı aradan qaldırmaq üçün fövqəladə gücə malik bir vasitəydi. Üstəlik, qəzet, modernizm tərəfdarlarının proqramı üçün forum təşkil etməklə elə indidən inkişaf yoluna qədəm qoymuş, amma hələ zəif, dağınıq olan güclərin birləşdirilməsinə və şübhəsiz, qarşıdakı çətin dövr ərzində onların təşviqinə də fayda verə bilərdi.

İlk baş məqaləsində yazdığı kimi: “(Qəzet) müsəlmanlara mümkün olan qədər (rus) mədəniyyət(i) haqqında düzgün və faydalı məlumat verməyə, o biri tərəfdən də ruslara (müsəlmanların) həyatı, fikirləri və ehtiyaclarını çatdırmağa yardım göstərəcək”di.

Sonralar Qasprinski məqsədini belə izah edəcəkdi: “Çox uzun müddət cəhalət içində qalmış böyük bir xalqın yenidən doğulması üçün mətbuat açar rolunu oynayacaq”.

Qasprinskinin haqqında danışdığı, bütün imkanlarını və enerjisini sərf etdiyi qəzet bir çox cəhətləri ilə fərqlənirdi. Qəzetin fərqli xüsusiyyətlərindən biri ikidilli olması idi: rusca mətn və onun türk dilinə (lisani-türkə) tərcüməsi yanaşı verilirdi. Nəşr yeri, tarixi (və qiyməti) kimi lazımlı məlumatlarla yanaşı, qəzet rusdilli oxucular üçün “Perevodçik”, türkdilli oxucular üçün isə “Tərcüman” adlandırılmışdı.

Həm başlıq, həm də forma nəşrin əsl məqsədini üzə çıxarırdı: islam cəmiyyətinin yenidən doğuluşu, ruslarla yaxınlaşmanın təşviqi, islam və rus-qərb mədəniyyətinə xas cəhətlərin geniş kütlə üçün aydınlaşdırılması.

Bu, tək bir adam və yenicə nəşrə başlamış qəzet üçün nəhəng iş olsa da, səy göstərildikcə və zaman keçdikcə “kiçik şeylərin böyüyəcəyi, çətinliklərin asanlaşacağı, uzaq məsafələrin qısalacağı”na dair sarsılmaz inamın hərəkətə gətirdiyi Qasprinski və “Perevodçik”/”Tərcüman” üçün  heç də belə deyildi.

 

***

Rusiyanın hər guşəsindən müsəlman tacirlər Nijni Novqorod yarmarkasına gəlirdilər. Mən də hər il [fikirlərimi] yaymaq üçün ora gedirdim. Amma rəsmi şübhələri üzərimə çəkməmək üçün də qəzetimə abunə toplayırdım.

İsmail bəy Qasprinski

 

…1883-cü ilə qədər təxminən dörd il ərzində İsmayıl bəy müxtəlif alternativləri sınaqdan keçirdi. 1879-cu ildə Rusiyanın səlahiyyət sahiblərinə qəzet yaratmaq üçün icazə ərizəsilə müraciət etdi. Bu, Həsən bəy Məlikov-Zərdabinin Rusiyada ilk türkdilli qəzet olan “Əkinçi”sinin bağlanmasından iki il sonraya, eyni zamanda Səid və Cəlal Ünsizadələrin Tiflisdəki “Ziya” adlı qəzet buraxmaq üçün icazə almaları ilə eyni vaxta düşmüşdü. Qasprinskinin tələbinin rədd edilməsinin səbəbi, “iki canişinə və üç nazirə” şəxsən təqdim etdiyi ərizələrinin aqibəti məlum deyil…

Qarşısındakı yol müvəqqəti bağlandığından o, başqa formalara əl atdı: 1881-ci ilin may ayından başlayıb, sonrakı il də davam edib, arada fasilələrlə çıxan, hər sayı bir-iki səhifəlik qəzet formasında olan “məqalələr toplusu” nəşr etdi. Krımda ərəb hürufatlı mətbəə tapılmadığından həmin məqalələrdən ikisi müvafiq şəkildə beş yüz və min nüsxə ilə Tiflisdə Ünsizadə qardaşları tərəfindən çap edildi. Qasprinski 1881-ci ildə mətbəə qurmağa icazə alandan sonra isə bütün məqalələri Bağçasarayda nəşr etməyə (tirajları məlum deyil) müvəffəq oldu. Aldığı icazə ilə Sankt-Peterburqa gedib nəşr planları (qiyməti üç rubl, ildə əlli nömrəsi çap ediləcək qəzet) haqqında məlumat verən sirkulyar da çap etdirdi, sonra bir neçə başqa vilayəti dolaşıb həmin sirkulyarları yaydı. 1881-ci ilin avqust ayı olduğundan və Nijni Novqorodda yarmarka davam etdiyindən ən azı bir neçə müsəlman tacir həmin elanları oradan malları ilə birgə “Avropa və Asiya Rusiyasındakı bütün vacib yerlərə” apardı.

Qasprinski Vətəninə qayıdandan sonra mətbəəni qurmağa, mürəttibləri hazırlamağa və təxminən iki yüz əlli abunəçinin köməyi ilə ərsəyə gələn məqalə toplularını çap etməyə başladı…

İsmayıl bəy məqalə toplusu və kitabçalarla yanaşı, qəzet nəşr etmək strategiyasından da əl çəkmədi. Nəhayət, 1882-ci ilin avqustunda Rusiya daxili işlər naziri knyaz Dmitri Tolstoya məktub yazıb şəxsən Sankt-Peterburqa apardığı ərizəyə müsbət cavab aldı. Ona mətni həm rus, həm də türk dilində çap olunacaq, əvvəlcədən xüsusi senzura idarəsində yoxlanılacaq həftəlik qəzetin nəşrinə başlaması üçün icazə verildi.

Qəzetin ilk nömrəsi 1883-cü il aprelin 10-da çapdan çıxdı. Mətn qismən İstanbuldan gətirilmiş ərəb hürufatı ilə, elə oradan dəvət olunmuş mürəttibin köməyilə mətbəəyə göndərilmişdi.

“Tərcüman”ın ilk bir neçə ili maliyyə cəhətdən heç də sabit keçmədi. 1881-ci ildə ailə həyatı quranda həyat yoldaşı Zöhrə xanımın gətirdiyi cehizin və anasından miras qalmış mülkün satılması İsmayl bəyin xeyli köməyinə çatdı, amma qəzetin uzun müddət yaşamasının açarı naşirin abunəçi cəlb etmək qabiliyyətində idi. Bu, çox çətin vəzifəydi. O, getdiyi hər yerdə ağlagəlməz laqeydlik, inamsızlıq və kinayə ilə qarşılaşırdı. İsmayıl bəy yazırdı: “...Şəhəri (Bakını – red.) qarış-qarış gəzmiş, az qala zorla bir neçə yüz nüsxə yaymışdıq, amma abunə olmaq istəyən bir nəfər də tapmamışdıq. Xalq kimi tacirlər də şübhəsiz, bizdən qorxmağa başlamışdı, bu da səylərimizə ciddi maneə yaratmışdı. Dindarlar bizi soyğunçu saymış, təsadüfən rastlaşdığımız iki-üç intellektual isə dəli hesab etmişdi...”

Nəşrə başlayandan 1905-ci ilin sonunadək “Perevodçik”/”Tərcüman” rusca və türkcə mətnləri təxminən iki bərabər hissəyə ayrılmış dörd səhifə həcmində çıxırdı. Güman ki, Qasprinski əvvəlcə rusca yazır, sonra yazdığını türk dilinə çevirirdi. Əbdürrəşid İbrahimov İsmayıl bəyin türkcə birbaşa yaza bilmədiyinə görə belə öyrəşdiyini vurğulayır. Çox güman ki, bunun gerçək səbəbi, 1906-cı ildə özünün də yazdığı kimi, türkcədə “ədəbi üslub ustalığı”na sahib olmaması idi. Onun ana dilini nə dərəcədə bilib-bilməməsi barədə günümüzə dəqiq məlumat çatmasa da, fakt budur ki, 1905-ci ilədək yazılarını türk dilinə başqaları tərcümə edib. 1905-ci ildən rusca mətnlər yavaş-yavaş ləğv edildi və qəzetin adı “Tərcüman-i əhval-i zaman” oldu.

Başlanğıcda həftəlik nəşr olunan “Tərcüman” 1904-cü ildən həftədə iki dəfə, 1906-cı ildən həftədə üç dəfə, 1912-ci ildən 1918-ci ilədək isə gündəlik çap olundu. Abunə qiyməti əvvəlcə dörd rubl olduğu halda 1907-ci ildə üç rubla düşdü, gündəlik çıxanda isə beş rubla qalxdı.

Qəzetin mətni Qasprinskinin qələmə aldığı baş məqalə və məqalələrdən, Rusiya daxilindən və xaricdən alınmış xəbərlərdən, arabir ədəbi-didaktik, arabir də birbaşa maarifləndirici materiallardan, rəsmi (əsasən müsəlmanlarla bağlı) məlumatlardan, o dövrdə Rusiyada (daha sonralar müsəlman ölkələrində) nəşr olunan mətbuat orqanlarından götürülmüş iqtibaslardan, kitablar barədə qeyd və elanlardan ibarət idi.

“Tərcüman” əvvəlcə mövzu cəhətdən bəsit təsir bağışlayırdı və yeni olan hər şey kimi ağır yol keçirdi. Sonralar İsmayıl bəy Qasprinski yazırdı: “Üç il belə keçdi. Dördüncü il qəzetin mövzu dairəsini bir az genişləndirdim və içinə tənqidi ünsürlər qatdım. Yenə də bu işi görmək üçün, əsasən, abunəçiləri mənim tənqidlərimi lağla və dedi-qodularla qarşılamamaları barədə dilə tutmalı idim...”

Digər tərəfdən o, Rusiyanın gücünə və qüdrətinə qarşı çıxmır, senzorun zopasından yayınır, 1905-ci ildə imperiyada vəziyyət dəyişənə qədər siyasətə qarışmırdı. Yenilik havası başlayanda “Tərcüman” yavaş-yavaş rəmzi, hətta ikimənalı yazılar çap etməyə başladı. Qasprinski artıq daha geniş və xeyirxah bir fikir axınının (ənənəvi düşüncə sistemində islahat aparılması, ərəb əlifbasının sadələşdirilməsi və türk dilləri arasında fərqlərin azaldılması, başqa mədəniyyətlərlə körpü qurulmasının bir vasitəsi kimi xarici dil təliminin vacibliyi, qabiliyyət və bacarıqlı kəslərə (xüsusilə qadınlara) yardım göstərilməsi, müsəlman dini idarəçiliyinin yenidən təşkili) yolunu açmışdı.

“Tərcüman” zamanla ölkədə modernizmin simvoluna çevrildi. Odur ki, adı tarixə əbədi həkk olundu.

 

Tərcümə edən: N.ƏBDÜLRƏHMANLI