Məşhur mütərcim tərcümə haqqında

 

Nikolay ZABOLOTSKİ

(Rusiya)

  1. Tərcüməçi xalqlar arasında dostluğa, mədəniyyət sahəsində qarşılıqlı inkişafa xidmət edir. Tərcüməçinin əməyi və peşəkar təcrübəsi əsasən buna yönəlib.
  2. Tərcüməçinin qarşısında tərəzinin iki gözü var: birincisi orijinalın müəllifi, ikincisi tərcümənin oxucusu. Tərəzinin hər iki gözü tarazlığını qoruyanda tərcümə mükəmməl olur.
  3. Tərcümənin uğuru dəqiqlik və təbiilik meyarlarının nə dərəcədə uyğunlaşdırılmasından asılıdır.
  4. Elə tərcüməçi var, çevirdiyi şeirə xarici dil üslubunun xüsusiyyətlərini qatmağa çalışır. Bu, doğru deyil. Bülbül ququ quşu kimi quqquldaya, ququ quşu isə bülbül kimi oxuya bilməz.
  5. Hər yaxşı şair usta tərcüməçi ola bilməz. Məsələn, Tütçev kimi... Hər yaxşı şairdə yaxşı tərcüməçilik qabiliyyəti olmur. Bloku da misal gətirə bilərik. Zəif şair isə ümumiyyətlə yaxşı tərcüməçi ola bilməz.
  6. Bəziləri hesab edir ki, yaxşı poeziyada qüsur olmamalıdır. Elə deyil... Yaxşı poeziyada hər şey öz yerindədir, o cümlədən qüsur da. Yad dilə tərcümədə bir xeyli şərtiliklər ortaya çıxır. Şeiri həmin dilə uyğunlaşdırmaq üçün böyük ustalıq lazımdır.
  7. Bəzən mütərcimləri haqlı olaraq tərcümə etdikləri dili bilməməkdə suçlayırlar. Əslində isə tərcüməçinin əsas öhdəliyi öz ana dilini mükəmməl bilməkdir.
  8. Tərcümə mütərcimin ədəbi dildən verdiyi bir imtahandır. Bu iş sənin söz ehtiyatını aşkarlayır, Uşakov və Daldan nə dərəcədə xəbərdar olduğunu göstərir.
  9. Sətri tərcümə Kolizey xarabalığına oxşayır. Həmin xarabalığı yenidən qurub-yaradan adam Roma tarixinə, məişətinə, adətlərinə, incəsənətinə, memarlığına bələd olmalıdır. Zəif tərcüməçi bunun öhdəsindən gələ bilməz.
  10. Çevirdiyi bütün şeirləri eyni qəlibə salan tərcüməçi oxucunu qane edə bilməz. Bu, adətən, mütərcimin əsərlərini tərcümə etdiyi şairi yox, özünü ifadə etməkdə maraqlı olmasından irəli gəlir. Məsələn, Balmont kimi...
  11. Əgər misraları laqeydliklə tərcümə etmisənsə, oxucunun onu həyəcanla oxuyacağını ağlına belə gətirmə.
  12. Xarici dildən tərcümə orijinal əsər kimi oxunmursa, demək, ya orta səviyyəli, ya da uğursuz tərcümədir.
  13. “Dağ zirvələri” Lermontovun tərcüməsində Hötenin orijinalından yaxşıdır. Bunlar istisnalardır.
  14. Bizim əsas düşmənimiz ütülü yazmaqdır. Bu, əsərə ürək qızdırmamağı və oxucuya hörmətsizliyi göstərir.
  15. Üslub və üslubçuluq ayrı-ayrı anlayışlardır. Quru üslubçuluq süniliyə gətirib çıxarır.
  16. Linqvistik üsulla işləyən tərcüməçi mətn üzərində böcək kimi sürünür, hər sözə iri zərrəbinlə baxır. Onun mətnində söz “elmə əsaslanır” və həmin tərcümə əsərini oxumaq məşəqqət olur... Axı bədii əsərin tərcüməsi təkcə sözün tərcüməsindən ibarət deyil.
  17. Tərcümə etdiyin şeirin sabah necə qarşılanacağını hardan bilmək olar? Sən onu indi olduğu kimi çevir.
  18. Əgər əsər XII əsrdə yazılıbsa, onu “İqor polku haqqında dastan”ın dilində tərcümə etməlisən.
  19. Gürcü poeziyasının ölçülərini təqlid edən tərcüməçi xırdalıqların ardınca qaçıb əhəmiyyətli olanları itirir. Ölçülər güc-bəlayla yerinə düşür və bu zaman mahiyyətini anlamaq mümkün olmur.
  20. Şərq dillərindən çevirmədə tərcüməçi istənilən məzmunu təsnifatlandıra bilər: любовь – кровь – свекровь – морковь (sevgi – qan – qayınana – yerkökü). Bu qafiyələr son dərəcə qəribə görünsə də çap edilib.
  21. Müəllifin elə obrazları olur ki, orijinalda oxucunu ağlatsa da, başqa dilə hərfi tərcümədə gülüş doğurur. Adamları ağladan sözü gülüş hədəfinəmi çevirəcəksən?
  22. Məgər çevirdiyin şairin yaradıcılığı bir mülk kimi ömürlük sənə bağışlanıb? İndiyə qədər Şekspir dəfələrlə tərcümə olunub, bundan sonra da olunacaq. Tərcümənin uğuruna hökmü zaman verir, amma bu uğur heç vaxt orijinal qədər uzunömürlü olmur.

 

1956

Tərcümə edən: N.Əliyeva