Cəlil Məmmədquluzadə

 

Poçt qutusu

 

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:

“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt[1] təmizlənsin və isinsin, bəlkə naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!

Sənin xeyirxahın Vəli-xan. Fi 12 noyabr”.

Xan kağızı bükdü qoydu paketə, üstünü yazıb və markasını yapış­dırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta; amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi “İtqapan” kəndinin əhli Noruzəlidi. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfər də Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qa­pını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi:

- A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?

Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi:

- Bu nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam...

Bu sözü deyə-deyə Noruzəli başladı üstünün tozunu silməyə. çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin Noruzəli aparıb salsın poçta.

Xan üzünü tutdu qonağa:

- Noruzəli, poçtxananı tanıyırsan?

Noruzəli cavab verdi:

- Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?

- Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?

- Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanma şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim.

- Hələ bu sözlərini sonra deyərsən. Qulaq as, gör ne deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağ­zında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!

Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı kağıza, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:

- Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl!

- Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.

- Yox, yox... Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.

- Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər.

- Yox, yox… heç eybi yoxdu, qaç tez, kağızı sal gəl!

Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:

- Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qo­yaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətir­mişəm.

Noruzəli əlini saldı cibindən dən çıxarsın. Xan ucadan səsləndi:

- Yox, yox!.. Qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta!

Noruzəli əl ağacını götürüb, başladı uşaq kimi qaçmağı. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana.

- Xan, qadanı alım, dəsmalın içində yumurta var, gözdə-qulaqda olun, yoxsa ulağ ağnar, yumurtaları sındırar.

Xan daha ucadan səsləndi:

- Daha uzun danışma. Qaç kağızı sal; vaxtı keçir.

Noruzəli istədi uzaqlaşsın, xan onun dalıyca çığırdı:

- Noruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha!.. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl!

Noruzəli dəxi də ucadan cavab verdi:

- Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz.

Noruzəli bu sözləri deyəndən sonra gözdən itdi... Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:

- Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.

Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən son­ra nökəri gəldi və xana dedi:

- Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib? – Xan cavab verdi:

- Ədə, o şeyləri yerbəyer elə! Oları bizə itqapanlı Noruzəli sovqat gətirib.

Nökər cücələri və yumurtaları apardı aşbazxanaya və ulağı sürüb qatdı töyləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb, gətirdi tutdu xanın qabağına və dedi:

- Xan, yaxşı ağ undu.

Xan una baxandan sonra buyurdu nökərə küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin.

Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Noruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Noruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə Noruzəli kağızı poçta salıb özünü verdi bazara çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Noruzəli gəlmədi.

Xan, nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harda qaldı Noruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keç­məmiş nökər qayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Noruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikirdə idi – polis yasovulu dayandı qapıya və xanı görcək dedi:

- Xan, pristav buyurur gələsiniz polsaya[2] və kəntdinizə zamın olasınız. Yoxsa zamını olmasan, pristav göndərəcək navaxta[3].

Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü yasovulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi:

- Balam, o kətdi bir fağır adamdı, o nə qayırıb ki, pristav onu tutub saxlayıb?

Yasovul cavab verdi:

- Daha mən heç zad bilmirəm. Ancaq özün polsaya buyursan, yax­şı olar; yoxsa yazıqdı o kişi.

Xan bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dustaqların damma baxıb gördü ki, yazıq Noruzəli bir neçə dustaqlar ilə oturub damın bucağında və uşaq kimi ağlayır, gözünün yaşını çuxasının ətəyi ilə silir...

Xan, Noruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldı yanına və gətirdi evə. Noruzəli həyətə girən kimi baş­ladı ağlamağa və saman torbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və bir papiros yandırıb çıxdı balkona, Noruzəlini yanına çağırıb dedi:

- Di indi əhvalatı nağıl elə, Noruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən; yəni hamısını birbə­bir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi...

Noruzəli durdu ayağa, xana yavıqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı:

- Başına dolanım xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdu, həyə ölmənəm, sağ qala­ram, qulluq elərəm, əvəzi çıxar, bir qələtdi eləmişəm, ta neyləmək? İşdi belə oldu. Bular hamısı Allahdandı. Gərək belə olaymış. Bağışla məni, xan. Mən ölənə kimi nökərəm sənə.

Bu sözləri deyib, Noruzəli bir az da yavıqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan bir az dala çəkilib dedi:

- Noruzəli! Heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım?

- Qurban olum sənə, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim o kafir oğlu kafirə qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi.

- Kim kağızı qoydu cibinə, qoydu getdi?

- O kafir oğlu urus, dana!

- Hara qoydu getdi?

- Getdi girdi orada bir yekə dam-daş vardr ki, qapısına qutu vurulubdu, getdi girdi ora.

Xan bir qədər duruxdu.

- Bəs sən kağızı qutuya salmadın?

- Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi, kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı.

- Qutuda sən saldığın kağızdan başqa ta özgə kağız yox idi?

- Necə ki, yoxdu? Çox kağızlar vardı. Elə oların hamısını yığışdırıb apardı.

Xan qah-qah çəkib güldü.

- Yox, Noruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın.

Noruzəli başladı:

- Xan, başına dönüm, mən kağızı buradan apardım, getdim çıxdım nəçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin dam-daşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya; bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım; çünki yadımdan çıxdı səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim, hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.

- Yox, Noruzəli, sənin işin yoxdu... De, de sonra necə oldu?

- Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayrdıb gəlib səndən soruşum; sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz çömbəldim divarın dibində ki, bir az yomuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə ver­diyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım soruşum ki, desin görək bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi; heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaq­laşmışdı bir urus arvadı tez-tez gəlib qutuya yavıqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib, cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm gəlim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm xeyr, lotunun fikri özgədi, qutunun yanın­dan sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın... Xan çox baş ağrısı verirəm, məni bağışla, oğlana buyur gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.

- A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm sonra necə oldu?

- Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-ye­sirim! Sənsiz mənim bir günüm olmasın!.. Bəli, gördüm ki, hərif utan­maz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmayıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını apara­san. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı? Xan, məni çövür balaları­nın başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.

- Hələ tələsmə, gedərsən. Sonra necə oldu?

- Qoy görüm harda qaldım. Ədə, qoyma-qoyma, ulağ tənəkləri sındıracaq.

Noruzəli istədi qaçsın ulağın yanına, xan qoymadı.

- Noruzəli, getmə, hələ getmə. De görüm sonra necə oldu?

- Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim barı mənim xanımın kağızını ver; illah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpə­mə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın məni indi çoxdan göndərmişdilər Sibirə; çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedi­lər ki, o rus qulluq adamıdı. Ta... mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?

Xan çox güldü, çox qah-qah çəkib güldü.

Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.

Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, “kağızın yetişib və otaqlar hazırdır”. Xan yığışıb getdi İrəvana.

Ay yarımdan sonra Noruzəlini divana gətirdib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Noruzəli güna­hını boynuna almadı. Hələ üç ay da keçdi ancaq bu xəbər İrəvanda Vəlixana çatdı. Xan bir qədər fikir elədi.

12 noyabr 1903

 

 

[1] Qabaqcadan

[2] “Polis” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür

 [3] Qazamata, həbsə