Rumın şeirinin “qanunu”

Bölmə: Art 25.10.2018

 

Poeziya ağlar gözdür,

ağlar çiyindir,

ağlar çiyinin gözüdür.

Poeziya ağlar əldir,

ağlar fırçanın gözüdür.

Poeziya ağlar nərdivandır,

ağlar dabanın gözüdür.

Poeziya göz yaşı deyil,

gözəl görünmək istəyən

gözün yaşıdır.

Bu misralar "poetik dilinin mürəkkəbliyinə" baxmaya­raq, rumınların ən sevimli şairlərindən olan Nikita Steneskunun şeirindəndir. Yazı­mızı bu şeirlə başlamağımız həm də "müasir rumın şairi üçün poeziya nədir?" sualı­na cavab tapmaq istəyimizlə bağlıdır. Əlbəttə, bu şeirdə poeziya haqda düşüncələr yalnız hissi yanaşmadır, an­caq bu misralarda rumınların poeziya tarixinin ən ümumi cizgilərini də görmək müm­kündür: bu cizgilər rumın şeirinin bütün mərhələlərinin içindən qırmızı xətt kimi ke­çən ekzistensial nisgili, milli kədəri, bəşəri ağrını ümumi­ləşdirir.

Bəlkə də, dünyada elə bir şair tapılmaz ki, onun şeirlə­rində yaşadığı dövrün ictimai-siyasi reallıqları, təmsil etdiyi xalqın sarsıntıları hansısa sə­viyyədə öz əksini tapmasın. Bu sanki ədəbi prosesin əbədi qanunauyğunluğudur. Rumın poeziyası ilə tanışlıqdan yara­nan ilk təəssürat bu olur ki, burada müxtəlif dövrlər üzrə poetik kod dəyişiklikləri siyasi re­jimlərin, sosial-ictimai reallıq­ların dəyişməsilə həmahəng­dir. Rumıniyada yeni tarixin başlanğıcı sayılan 1848-ci il inqilabından bu günə qədər bu "qanun" rumın ədəbi pro­sesində qüvvədədir. Məsələn, əvvəllər romantik şeir dominant idisə, rumın knyazlıqlarının krallığa çevrilməsindən sonra simvolist axın üstün olmağa başladı. Birinci Dün­ya müharibəsindən sonra avanqardçılar öz manifestləri ilə ədəbiyyata gəldilər... Şər­qi Avropa Kommunist blo­kunun dağılmasının ardınca Rumıniyada tamamilə fərqli bir ədəbi nəsil üzə çıxdı. "Səksənincilər" adlandırılan bu nəslin təmsilçiləri özlərinəqədərki poetik təcrübənin və nəzəriyyələrin üstündən xətt çəkərək yeni poetika təklif edirdilər: onlara görə, modernizmin uzun qış yuxusundan sonra, rumın şeirinin forması da, məzmunu da dəyişməli­dir. Bu dalğanın şairləri metaforalara "nifrət edirdilər". Əvvəl-əvvəl ideoloji senzura­nın basqılarından yayınmaq üçün kollektiv şəkildə, qrup halında tirajlanmağa məcbur olan həmin səksənincilər son­radan öz müəllif kitablarını çıxarmağa başladılar. Məsə­lən, Trayan T.Koşovey sevgi etiraflarının kolleksiyasından ibarət "Bir, iki, üç və ya..." ki­tabını nəşr etdirdi. Kitabın adı atletika yarışlarının startına parodiya idi və lirizm id­man azarkeşliyinin yerinə qo­yulurdu. Yaradıcılıq kredosu şəxsiyyətin daxili azadlığının qorunması olan Marta Petreu "Feilləri gətirin" kitabında öz poetikası ilə cəsarətlə "çey­nənmiş dilə" qarşı çıxırdı. Marina Marin özünü yunan şairi Silviya Platın ağrıları ilə ifa­də edirdi, Adrian George öz poemalarında yeni danışıq di­linin simvolikasını yaradırdı, K.Komaitin intellektual sentimentalizm nü­munələri təqdim edirdi.

XX əsrin sonlarında ədəbiy­yata gələn şairlər əvvəlki poetik şablonlardan çox da uzaqlaş­mayaraq şeirin texnikasında müəyyən dəyişikliklər etdilər. "Doxsanıncılar" adlandırılan bu nəslin nümayəndələri Kristian Popesku, İoan Pop, Mixail Helesanu, Daniel Belinesku, Luçian Vasilesku, Yustin Pansa poetik mətndə parodiyalara üstünlük verməyə başladılar. Ədəbiyyatdakı və cəmiyyətdəki ənənələrə kəskin ironiya və oturuşmuş dəyərlərin dekonstruksiyasına söykənən bu tendensiyanı XXI əsrin əvvəllərində meydana atı­lan gənclər daha da gücləndirdilər. İkiminincilər nəsli isə real­lığın ekzistensial dərki xəttini aparıcı istiqamətə çevirdilər. Bu dövrdə şeirlərin təkcə poetik ov­qatında deyil, sintaksisində də radikal dəyişikliklər baş verdi.

Ancaq, əlbəttə ki, müasir ru­mın poeziyasının nəsillər üzrə təhlilindəki bu ümimiləşdirmələr onların təmsilçilərinin bir-birini texnika, düşüncə tərzi baxımından təkrarlaması an­lamına gəlmir. Adları eyni es­tetik axın kontekstində çəkilən şairlərin hər birinin özünəməx­sus dəst-xətti var. Məsələn, doxsanıncılar nəslinin ən məşhuru olan Kristian Popeskunun şeir­lərində metafizik ovqat məişət detallarının maksimum istis­marı vasitəsilə təqdim olunur.

 

Siçanın varlığndan

şübhələndiyimiz

mətbəxdə

şübhələri kənara qoyaraq

onunla xeyli vaxt

bir yerdə yaşadıq

və bilmədik kim kimin

arxasınca düşüb,

kim kimin axtarışındadır.

 

Popeskunun poeziyasında Za­man fəlsəfidir, Məkan fiziki, in­san balacadır, amma onun əha­təsində olan ən xırda predmet də nəhəngdir. Bu şairin şeirlərində nitq və baxış yoxa çıxıb, varlıq­lar bir-biriylə yalnız hərəkətlərin səsiylə ünsiyyətdədirlər: adamlar bir-birinə göz qapaqlarının səsiy­lə baxır, bir-birilə addım səsləriylə danışırlar.

 

Bu nəslin başqa bir təmsilçi­si İoan Popun poeziyası, demək olar ki, əşyalara can verməklə məşğuldur. Mətndə fikir axınları arasında süni uçurumlar, oxucu üçün krossvord effekti yaratmaq bu şairin özünəməxsusluğudur. Onun hər şeirində eyni zaman­da bir neçə informasiya təqdim olunur ki, ilk baxışdan bu infor­masiyalar arasında əlaqə yox­dur, yalnız oxucu bu rabitəsizliyi aradan qaldıra, bu boşluqları, bu "xanaları" doldura bilər:

 

Paltarımızdakı biz deyilik:

köynəklərimiz canlılar kimi

əllərini yelləyirlər ki,

qaç bizim anbarlarımıza

və onları bizdən azad elə...

Bu otağın İspaniyasında

bütün ömrünü tək yaşadın,

təkcə sən bacararsan...

 

Avtoironik oyunlara meyilli olan fantast şair Dana Kofman özündən əvvəlki rumın şeirini vizuallaşdırmaqla məşğuldur. Ekspressionizmlə realizmin bir araya gətirildiyi bu şeirlər­də müəllif, əsasən, öz portreti­ni yaradır və bu zaman fantastik elementlərdən yararlanmaqla oxucunu ətraf mühitdən uzaq­laşdırmağa, bütün diqqəti yal­nız insana, insan cizgilərinə yönəltməyə çalışır. Onun şeir­lərində səbəbi bilinməyən metafizik qorxular var, insanı əhatə edən hər şey insanın za­hiri quruluşuna köçürü­lür.

 

Nahardan sonrakı saatlarda tüstü halqalarını başım üstündə süzməyə məcbur edirəm. Hətta bədənimin yarısını qaldırıram başım üstünə. Kresloda oturub özümə baxıram: ax, mənim gözəl əllərim.

 

Nahardan sonrakı saatlarda

tüstü halqalarını

başım üstündə

süzməyə məcbur edirəm.

Hətt a bədənimin yarısını

qaldırıram başım üstünə.

Kresloda oturub

özümə baxıram:

ax, mənim gözəl əllərim.

 

Onun başqa bir şeirindən misal:

 

Çox gözələm, çox qəribəyəm:

hiss edirəm ki, özümü

yeməyə hazıram.

Xüsusən indi – bu qoçun

öz buynuzlarını mənə

sancdığı zaman.

Paltarıma nəfəs verərkən

minlərlə işıqsaçan nöqtə

səpilir parçanın üstünə

və qadınlar heyran

olur mənə.

 

Dünyanın hər yerində olduğu kimi, rumın poeziyasının da çağdaş mərhələsinin nüvəsini beş-altı şair təşkil edir. Çevrə bu beş-altı şairlə qapanıb, qalanları bu çevrə boyu hərəkətdədirlər. İkiminincilər nəslindən sonra ədəbiyyata gələn gənclərin yaradıcılığında, hələ ki, ədəbi nəsil özünəməxsusluğu yoxdur. Bu gənclərin çoxunun dünyagörüşü rənglərin tündlüyü ilə seçilsə də, yaradıcılıqlarında bir estetik vurnuxma müşahidə edilir: onlar özlərinəqədərki ənənələrdən qaçmağa çalışırlar, amma bu cəhdlər, hələ ki, yerində qaçışdır. Və demək olar ki, şeirlərində indiyədək gəlib-keçmiş bütün poetik meyillərin izləri olan yeni nəsil, hələ ki, axtarış mərhələsindədir.

 

(Şeirlərin tərcüməsi müəllifə məxsusdur.)

Salam SARVAN