CAN DUASI

 

Dünyada başqa heç nə yox, hər şey elə qabdı, qab...

Haçan dolar bu çuxurlar, bu çalalar, ey cavab?

Ey hamının hamisi,

Kimin ömrü uzun oldu, kimin ömrü lap gödək –

nə vaxt  boy-boya duracaq axırların hamısı?

 

İtilənə-itilənə yeyilib çıxsam yoxa...

Bir gözəlin qırağında ağac əkib böyütsəm...

Bir də görsəm ürəyimdə çürümüş bir meyitsən,

bir qızılgül göndər çəkim qoxusunu içimə.

 

Kəsən çoxdu – balta, bıçaq, qayçı, qılınc... day nədi?

Tikən təkdi bu dünyada – tikən təkcə iynədi.

Amma Qızım, elə bilmə çox genişdi Göy və Yer:

əlini ver, qoy qaldırım, qoy dikəldim mən səni –

sənin deyil yıxılanda tutduğun əlavə yer.

 

Yolun səmti bəllidisə – həqiqət yolu deyil.

Boğulanda əl-qol atmaq lalların dili deyil.

Bu mənim vətənim deyil, bu mənim elim deyil –

mənə bir yer göstər gedim gecə qar işığında...

 

Qara külək qaldıranda pəncərənin ətəyin

görəcəksən qamışlıqda o bakirə tütəyi.

Bir gün axır tapacaqsan öz qoxunu bitkidə.

Tanrı səni ayırmasın itirdiyin itkidən...

 

Bu əyilmiş qəddimizdə yay dartılır tarıma:

sancılırıq bir ox kimi hörümçəklər toruna...

Bir zamanlar adan idim, indi sənin qurunam.

Bir zamanlar adam idim, indi sənin qulunam.

Mənə bir yer göstər gəzim adamlar işığında.

 

Daş dəyən bir yerin çatı sanma gün şüasıdı.

Hələ çox su aparacaq halal ət kötükləri.

Gör ki sənə necə açır ucalığın sirrini

kötüklərin dibindəki siqaret kötükləri.

 

Açıq darvaza üstündə əl dəyməyən qapılar,

gün gələr ki, Günəş gələr – qara gözlər tapılar...

İndi sən də Günəş kimi... küləş kimi sarısan,

bir də görsəm elə gündən qaralıbsan – qarısan,

mənə bir can göstər alım ilk bahar işığında...

 

Sənsə qayıt qabağına qara pişik çıxanda...
Sənsə qayıt həmin pişik dalınca da baxanda...
Sənsə qayıt başın üstdə ildırımlar çaxanda...
Sənsə qayıt kürəyinə boz yağışlar yağanda...
Sənsə qayıt o yağışın sularıyla axanda...

Tanrı səni ayırmasın itirdiyin itkidən.

 

BAŞIMDA O QARADƏRİLİ QIZIN SEVDASI

 

Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə,

öz şəhərimizdə gördüyümüz qızları sevdik.

Bəlkə də mənim əsl sevgim

Məsələn, uzaq Afrikadakı qaradərili qız idi.

 

Mən o qızı düşündükcə indi ahıl yaşımda,

utanıram evimdə öz həyat yoldaşımdan.

 

Bəlkə o qaradərili qız da ovucunu yağışlara,

üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:

“İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –

nədən uzaq saldın iki sevgilini?”

 

Tanrı bir-biriyçün yaranmışların hamısını

bir-birindən uzaqda yaradıb əslində:

əlimiz çatan qadın  yarımız deyil,

ayağımız çatan torpaq  yerimiz deyil!

 

Mən bu tənhalığı daha yaxşı anlayıram

fikrimdə o qaradərili qızın

uzun, qara barmaqlarını hördükcə.

Öz zəncirimə hürdükcə.

 

Mən bu tənhalığı daha yaxşı anlayıram

Biləndə ki orda qaradərili qızı isladan yağışlar

Burda sahilində gəzdiyim dənizin

buxarından yaranıb.

 

Darıxıram-içirəm, içirəm-darıxıram.

Başımda o qaradərili qızın sevdası,

içimdə mühacirət arzusu –

neçə vaxtdı ki, başımı aşağı salb

Yerin fırlanmağına baxıram.

 

 

İNDİ MƏN BİR QADININ TALEYİNƏ VURULLAM

 

Pəncərədən baxıram payızın son ayında

vərəqləri saralmış səmavi kitablara.

Göydən yağışlar yağır, göydən yağışlar yağır,

dolur yer altındakı qədim saxsı qablara.

 

Mənaların hamısı cəfəng imiş, rəng imiş,

nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.

İndi mən bir qadının qaşına-gözünə yox,

indi mən bir qadının taleyinə vurullam.

 

Hələ də vurnuxuram zaman şəcərəsində:

bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.

İllərlə məşq edərsən finişə tez çatmağa,

finişdən o yandasa elə əvvəlki həyat.

 

Ürəyimdən nə keçir, deyim sən də biləsən:

hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.

Cəmisi bircə dəfə, cəmisi bircə dəfə

Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.

 

QIZARMIŞ YANAĞINI SÖYKƏSƏN KÜRƏYİMƏ...

 

Qızarmış yanağını söykəsən kürəyimə...

Yavaş-yavaş düşürəm burda təbdən-təhərdən.

Daha yaşamaq olmur, daha yaşamaq olmur

binası ağacından hündür olan şəhərdə.

 

Qızarmış yanağını söykəsən kürəyimə,

ayaqyalın, başaçıq girsən bu yağışlara:

sənə kağızdan qayıq, sənə kağızdan çiçək,

sənə kağızdan şeir düzəldib bağışlaram.

 

Adamlar çox soyuyub, belə soyuq havada

sevmək cana ziyandı, heç bilmirəm neynəyim.

Qızarmış yanağını söykəsən kürəyimə –

yenə ütüyə gəlsə bu qırışmış köynəyim...