Coan Roulinq: “Sualınıza cavab versəm, hamının kefi pozulacaq”

Dünyada ən çox oxunan romanın – «Harri Potter»in müəllifi Coan Roulinqlə müsahibə

 

– Siz Harri Potteri kiminləsə müzakirə edirsizmi?

– Kitab üzərində iş zamanı? Heç kimlə. Bu mənim üçün vacib şərtdi. Yəqin elə bu səbəbdən də məni qapalı insan hesab edirlər. Amerikanı deyə bilmərəm, amma burada – Britaniyada barəmdə olan hər məqalədə mənə ünvanlanan «tərki-dünya» sözünə rast gəlmək olar. Mən heç də tərki-dünya deyiləm. Sadəcə, işimi kiminləsə müzakirə etməyi xoşlamıram. Mənə elə gəlir, müzakirə zamanı görəcəyim işin bütün enerjisi havaya sovrulur. Yazdıqları əsərləri klub və barlarda müzakirə edən müəlliflər kifayət qədərdi. Məncə bu, səfehlikdi. Əsl yazıçı evində oturub yazmaqla məşğul olmalıdı, yazdıqlarını aləmə car çəkməklə yox.

– Qəribə sual da olsa, cavab almaq istərdik: siz öz kitablarınızı neçə dəfə oxuyursuz?

– Heç də qəribə sual deyil. Kitabım nəşr olundusa, mən daha onu oxumuram; yalnız hansısa faktı yoxlamalı olduğum vaxtları çıxmaq şərtilə. Onda kitabı açıb bir neçə səhifə oxuya bilərəm. Amma belə vaxtlarda hərdən başım köhnə əsəri oxumağa bərk qarışır və onda özümü saxlayıb yeni kitabıma qayıdıram. Əgər gecə kitab oxumaq istəyirəmsə, bu heç vaxt öz kitablarım olmur. Odur ki, bəzi pərəstişkarlarım kitablarıma mənim özümdən daha yaxşı bələddilər. Amma əvəzində, onlardan fərqli olaraq mən hadisələrin ardınca nələrin baş verəcəyini bilirəm.

– Baş verəcəklər çoxdumu?

– Əlbəttə. Əksəriyyəti, əsasən, qeyd kitabçalarındadı. Mən elə məsuliyyətsizəm ki... Kağız itə də bilər. Özünüz də bilirsiz ki, baş verəcəklər çox vacib məsələlərdi.

– Yeddinci kitabı yazandan sonra sizə ünvanlanan suallara cavablarınızı yerləşdirdiyiniz saytı bağlayacaqsızmı?

– Heç də kitabı yazıb qurtaran kimi gecənin bir aləmi saytı bağlamaq niyyətində deyiləm. Mən davam edəcəyəm. Amma düzünü desəm, bu cavab məsələsi bəzən çətin olur. Müəllif kitabı yazanda cavabdeh deyil ki, orada qəhrəmanlarının sevdiyi rənglərin siyahısını da versin. Amma təsəvvür edirsizmi, belə suallar da olur. Odur ki, mən heç də bütün sualları cavablandırmıram. Həmçinin hesab eləmirəm ki, yeddinci kitab çıxandan dərhal sonra insanların Harri Potterə marağı azalacaq.

– Əgər Harri Potter silsiləsindən yeni nəsə yazacaqsınızsa, bu nə olacaq?

– Mən artıq dəfələrlə demişəm ki, magik aləmin ensiklopediyasını yazmaq arzusundayam. Və bu zaman kitabın ikinci dərəcəli personajlarına daha çox diqqət ayrılacaq.

– Yaxşı, indi isə altıncı kitabın məzmunu barədə bir sual: Sneyp günahkardımı?

– Siz ki, altıncı kitabı oxumusuz. Nə fikirdəsiz?

– Belə də, müxtəlif mülahizələr ola bilər...

– Bəs konkret? (gülür) Yaxşı. Bilirsiz, artıq «Sneyp-Harri» məsələsi, heç də «Harri-Voldemart»dan az əhəmiyyət daşımır. Əgər sizin sualınıza cavab versəm, hamının kefi pozulacaq. Axı bu, hadisələrin inkişafına güclü təsir edəcək ən vacib məqamdı.

 

Tərcümə edən: Yaşar