Payız xatirələri

 

(ESSE)

 

Uzun, isti, bürkülü və bezdirici avqustdan sonra payız havası özünü göstərdi, usanmış duyğular elə bil sərin külək və yağışla cana gəldi...

Yəqin ki, bu ilin yayını çox xatırlayacağıq: şəxsən yaşadığım illər uzunu payız havasından ötrü bu qədər darıxdığım yadıma gəlmir...

Ümumiyyətlə, payız xatirələr fəslidi: bu dünyada az-çox yaşayanlar yaylaqdan, yaxud istirahətdən qayıtdıqlarını, ilk dəfə məktəbə getdiklərini, ali məktəbə qədəm qoyduqlarını, əmək fəaliyyətinə başladıqlarını, ailə qurduqlarını... payız duyğularının havasında xatırlayırlar. Yaxın keçmişəcən ağsaqqallarımız, ağbirçəklərimiz əksər vaxtlarda xeyir işləri payıza saxlayardılar. Payız arzuların gerçəkləşdiyi, çəkilən zəhmətin bəhrə verdiyi, yeni və sanballı işlərə xeyir-dua verildiyi fəsildir.

Payız təkcə çöllərin, bağların, bostanların... barı-bərəkətiylə yadda qalmır. Dönüb tarixin səhifələrinə göz gəzdirsən görərsən ki, elə ən əlamətdar hadisələrin xeyli hissəsi payızın payına düşür. 100 il əvvəl müstəqillik əldə eləmiş Azərbaycanın  parlamenti payızın ilk günlərində – sentyabrın 7-də açılıb; Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu məmləkətimizin paytaxtı Bakını bir həftə sonra – sentyabrın 15-də azad edərək öz sahibinə qaytarıb; Azərbaycan mədəniyyətinin iki nəhəng siması – Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev sentyabrın 18-də dünyaya göz açıblar; oktyabrın 18-də Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşub, dünya dövlətləri birliyinin bərabərhüquqlu üzvünə çevrilib. Bu sadalamanı xeyli uzatmaq olar...

Fəsillərdən daha çox yaza və payıza şeirlər və mahnılar həsr edildiyinin də məncə, bir mənası var: yaz – doğum, dünyaya gəlmək, pöhrələyib boy atmaq, payız – yetkinlik, bar vermək, zəhmətin nəticəsini görmək fəslidir. Elə bil payızda tökülən yarpaqlar insana ömrün axarını və mənasını xatırladır: doğulan bir gün dünyadan köçəcək, amma torpağın üstü boş qalmayacaq, yeni pöhrələr cücərəcək, ağaclar yarpaqlayacaq, bar gətirəcək – beləcə həyat davam eləyəcək.

Payız məndən ötrü həm də yazı-pozuyla məşğul olmaq ayıdır: xatırladığım qədər araya-ərsəyə gətirdiyim kitablarımın hamısını payız aylarında, yağış mövsümü başlayanda qələmə almışam. Elə bil payız məndən ötrü beynimdəkiləri kağıza köçürmək, o biri fəsillərin sıxıntısından qurtarmaq, beləcə, boşalıb yüngülləşmək üçün İlahi nəfəslikdi. Bədii yazılarımdakı payız havasının, yağışlı epizodları, xəzan səhnələrinin çoxluğu da, güman ki, bununla bağlıdı.

Bir də payız meşəsinin vurğunuyam. Yarpaqların o ağlagəlməz rənglərini görmək, xəzəlləri ayaqlaya-ayaqlaya meşə cığırında gəzmək, rastına çıxan giləmeyvələrdən dadmaq, hələ yayın hərarətini az-çox saxlayan torpağın üstünə uzanıb səmaya tamaşa eləmək – bütün bunlar məndən ötrü idilliya deyil, daha çox həyatın mahiyyətinə varmaqdır.

 

Nəriman Əbdülrəhmanlı