Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu. Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdənmazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı.

Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

Onlar ağır addımlarla damı gəzib hər tərəfini diqqətlə nəzərdən keçirdikdən sonra oğlan soruşdu:

- Başlayaq?

Qoca başını tərpətdi: “Başlayaq”.                                                           

Oğlan cəld qayıdıb nərdivanla aşağı düşdü. Qoca tənbəki kisəsini çıxarıb tələsmədən qəlyanını doldurdu. Elə bu zaman onun gözləri qırın üstündə bitmiş balaca, qırmızı çiçəyə sataşdı. Günəşin təzə işığı altında bu çiçək qırın üstünə düşmüş yaqut kimi alışıb-yanırdı. Yenicə açılmış kiçik, incə yarpaqlar onu qayğı ilə dövrəyə almışdı.

Qoca, gözləri çiçəkdə olduğu halda, eyni yavaş hərəkətlə qəlyanını ağzına qoyub odladı. O, yaz və payız aylarında asfaltı deşib çıxan bu xırda çiçəkləri çox görmüşdü və hər dəfə də qocaya elə gəlmişdi ki, bu kiçik çiçək sevinclə ona baxıb nə isə deyir...

Lakin nə deyir? Qoca bu barədə fikirləşməmişdi, sadəcə olaraq, çiçəyin zühuru ilə onun dərin qırışları olan çöhrəsindəki sərt ifadə bir qədər yumşalmış, bu qədər balaca, bu qədər zərif bir varlığın qüdrəti onda riqqətli, mehriban duyğular oyatmışdı.

Günəş gömgöy samanın nəhayətsizliyi içində yüksəlirdi. Qırı deşib çıxmış qırmızı çiçək yaqut kimi alışıb-yanırdı.

Qoca qəlyanını ağır-ağır tüstülədir və baxırdı. Sonra gözlərini çiçəkdən çəkib günəşin qalxdığı uzaq üfüqə zillədi. Elə bil ki, o, dünya bina olunan­dan indiyədək bu geniş göylərin fonunda bu heykəl sükunəti ilə dayanıb o uzaq və naməlum üfüqlərə baxırdı. Elə bil ki, bundan sonra da dünya dur­duqca beləcə dayanıb o uzaq və naməlum üfüqlərə baxacaq.

Onun günəşdən, ayazdan yanıb qaralmış geniş alnındakı qırışlar kotan şumu kimi dərin idi.

Nərdivanla qalxan oğlanın qarasaçlı başı göründükdə, qoca irəliləyib onun qaldırdığı alətləri aldı, oğlan sıçrayıb damın üstünə çıxdı.

Sonra onlar damın qırını söküb yerə tökdülər. Damı tamam təmizləyib aşağı düşəndən sonra qoca döş cibindən bir təklik çıxarıb oğlana uzatdı. Oğlan:

- Məndə var, - dedi.

- Götür!

Oğlan pulu alıb iti addımlarla getdi.

Qoca divarın kölgəsindəki balaca dikdirdə oturub qəlyanını tüstü- lədirdi.

Qoca gəlib-keçən adamlara, maşınlara deyil, küçə boyu uzanıb gedən boşluğa baxırdı. Ətrafındakı bu qələbəlik ona çoxdan məlum idi. Elə bil ki, baxdığı uzaqlarda, nə isə, təzə bir şey görmək istəyirdi. Lakin o, bu barədə düşünmürdü.

O, sadəcə olaraq baxırdı!

Nəhayət, oğlan tindən çıxaraq iti addımlarla yaxınlaşıb, gətirdiyi kağız torbanı yerə qoydu. Sonra o biri əlindəki qəzeti açdı.

Qoca soruşdu:

- Təzədir?

- Təzədir... Ancaq elə bir şey yoxdur. Baxmaq istəyirsən?

Qoca qəlyanını ağzının yanında tutmuş olduğu halda, qəzeti alıb nəzər­dən keçirməyə başladı.

Oğlan isə, torbadan bir dəstə qırmızı turpla bir dəstə vəzəri çıxardı:

- Bunları yuyum, gətirim, - deyib yandakı qapıdan həyətə girdi.

Qoca qəzetə baxandan sonra onu süfrə kimi yerə sərib, torbadakı çö­rəyi, pendiri, kolbasanı və iki şüşə pivə ilə karton stəkanları çıxarıb üstünə qoydu.

Oğlan göyərtini gətirib əyləşdi, şüşələrin ağzını açdı. Qoca tələsmədən cibindən sümük saplı çox qədim bir bıçaq çıxarıb açdı, pendirlə kolbasanı səliqə ilə doğradı.

Oğlan soruşdu:

- Axşam saat yeddiyə qədər damın qırını salıb qurtararıq?

- Qurtararıq, - qoca oğlana ani bir nəzər salıb çörəyi götürdü, ehtiram­la kəsdi.

Saat yeddiyə qədər... Cavanlar üçün belə dürüst vaxtların əhəmiyyəti

var.

O özü də vaxtilə usta Qaradan soruşardı: “Görəsən, axşam saat yeddi­yəcən qurtararıq?”

O vaxtdan az qala altmış ilə yaxın bir zaman keçir. Vaxtilə ona uzaq görünən gələcək, əslində, nə qədər yaxın imiş...

... Onlar qəlyanaltı eləyib qurtarandan sonra oğlan qırıntıları qəzetə büküb zibil qutusuna atdı. Sonra dünən gətirib asdıqları qır qazanının altını yandırdılar. Altmış ilə yaxın idi ki, cəhənnəm kürəsi kimi, zəbanə çəkib yanan bu ocaq qocaya tanış idi. Əlli-əlli beş il bundan qabaq o da bu oğlan kimi kürəyin qulpundan yapışaraq sallanır, əriməkdə olan qarı bu cür nəşə ilə qarışdırırdı. O zaman usta Qara da beləcə divarın kölgəsində oturub qəlyanını tüstülədə-tüstülədə ona, öz cavan şagirdinə baxırdı.

Qoca qırçı, yenə də vaxtın aldadıcılığı barədə düşünürdü. Aşağılarda, şəhərin gur yerində akademiyanın yerləşdiyi böyük binanın qədim zərləri qızıl kimi parıldayırdı. Bu bina öz incə, şairanə arxitekturası ilə qocanın gözəl vətəninin hər yerində məşhur idi.

Düz əlli beş il bundan əvvəl çərşənbə günündə usta Qara ilə o, həmin binanın damına qır salmağa başlamışdılar. Çərşənbə günü. Novruzun axırıncı çərşənbəsi. Onlar gün qalxana qədər işlədilər. Sonra o gedib xaşxaşlı təzə çörək, motal pendiri, vəzəri, göy soğan, bir çaynik də yaxşı dəmlənmiş çay alıb gətirdi.

Axşam isə usta Qara onu qonaq apardı. Qapılarda tonqallar yanırdı. Uşaqlar sevinclə qışqıraraq bu tonqalların üstündən tullanır, göyə rəngli fişənglər buraxırdılar. Usta Qaranın arvadı Gülsüm bacı (Allah ona rəhmət eləsin, ustaya layiq adam idi) gətirib turşuqovurmalı plovu çəkdi. Üçü də qırmızı-ağ zolaqları olan döşəkçələrin üstündə oturub ləyaqət və hörmətlə plovu yedilər. Sonra Gülsüm bacı balaca armudu stəkanlarda çay və xüşgəbar gətirdi... Elə bil ki, bütün bunlar dünən olmuşdu. Halbuki artıq bu dünyada nə usta Qara var idi, nə də Gülsüm bacı.

Oğlan kürəkdən sallanaraq, pıqhapıq qaynayan qır qazanını qarışdırır, qoca isə divarın kölgəsində oturub baxırdı. Oğlanın günəşdən yanıb mis kimi qızarmış canlı qollarının tez-tez yumrulanıb qalxan əzələləri, tər damlaları yuvarlanan enli kürəyi qocanı fərəhləndirirdi: “Qırçılar nəsli möhkəm nəsildir”.

Qoca qəlyanının külünü yerə çırpdı, təzədən doldurub odladı. Sonra oğlana dedi:

- Yaxşıdır. Qoy qaynasın. Gəl otur, dincini al.

Oğlan bir-iki dəfə qırı qarışdırandan sonra kürəyi buraxdı, qazandan geri çəkilib cibindən yaylıq çıxardı.

Qoca birinci dəfəydi ki, oğlanda bu cür səliqə ilə yuyulub ütülənmiş yaylıq görürdü (oğlanın yaşı səksəndən ötmüş nənəsindən başqa heç bir kəsi yox idi). Oğlan yaylıqla boyun-boğazının tərini silib:

- Mən, - dedi, - gedim bir stəkan limonad içim...

- Get! - deyə qoca həvəslə cavab verdi.

- Sənə də gətirimmi?

- Mən susamamışam.

Oğlan çevrilib sürətlə getdikcə qoca arxadan səsləndi:

- Buzlu içmə. Boğazın təzə yaxşı olub.

Oğlan aşağıda vedrələri, əriyib maye halına gəlmiş qırla doldurur, qoca isə onları çəkib damın üstünə tökürdü.

... Artıq günəş qürubda idi, dam isə hələ qırlanıb qurtarmamışdı. Qoca boşalmış vedrəni aşağı buraxaraq, şalvarının qabaq cibindən qədim iri saatını çıxarıb baxdı. Yeddi tamama on beş dəqiqə qalmışdı. Bir saat da işləsələr, qurtararlar.

Lakin qoca damın kənarına yaxınlaşıb, aşağıda vedrəni götürən oğlana xitabən:

- Doldurma, - dedi. - Bəsdir, qalanını sabah eləyərik. Qolum ağrıyır.

Qoca ürəyindəki incə hissləri dilinə gətirməyi sevmirdi. Qoca oğlanın

sifətindəki qayğını dərhal necə bir sevincin əvəz elədiyini və onun vedrəni yerə qoyub, brezent pencəyini necə cəld götürdüyünü gördü.

Qocaya başqa şey də lazım deyildi.

- Daha mənimlə ayrı işin yoxdur ki, - deyə oğlan altdan-yuxan qışqırdı.

Qoca sakit səslə cavab verdi:

- Yoxdur.

- Onda mən getdim. Səhər tezdən buradayam.

Oğlanın axırıncı sözləri deməsi ilə tini burulub gözdən itməsi bir oldu.

...Lakin qoca damı bu gün mütləq qırlayıb qurtaracaqları barədə ev yiyəsinə söz vermişdi (o, heç vaxt yalan danışmamışdı). O, tələsmədən, nərdivanla enib qır qazanının yanıma gəldi. Vedrələrin ikisini də doldurdu, təkrar dama qalxdı. Sonra vedrələri yuxarı çəkdi. O, bu minvalla işləyərək, çıraqlar yananda damı tamam qırlayıb qurtardı.

...Qoca qəlyanı damağında, ağır addımlarla sahilə çatıb oleandr kolları arasındakı skamyaların birində oturdu. Sahil adamla dolu idi. Lakin qoca dənizə baxırdı. İri, çıraqban gəmilər limanda lövbər salıb dayanmışdı. Bir dəstə gənc oğlan, qız təkadamlıq qayıqlarda avar çəkərək ötüşürdü. Uzaqda mayaklar yanıb-sönürdü. Dəniz isə asta-asta yırğalanırdı. Dənizin bu tərpənişində hər şeyə qarşı bir biganəlik var idi və qoca həmişə bu məğrur biganəliyi hiss edirdi.

Qoca iki dəfə daha qəlyanını doldurub çəkəndən sonra qalxdı. Onun yolu bayaq damına qır basdıqları evin yanından idi. O, bu evin küçəyə baxan pəncərəsi qarşısından keçəndə tül pərdə arxasından içərini gördü. İri elektrik çırağı altındakı ağ örtüklü stolun ətrafında ortayaşlı bir kişi ilə gənc qadın və iki oğlan uşağı oturub şam edirdilər. Radioda şən bir hava oxunurdu...

...Qoca, şəhər kənarındakı balaca otağına gəldi. Abajursuz lampanın tutqun işığında yeganə pəncərənin qabağına qoyulmuş dəmir çarpayı, ortada üzərinə köhnə müşəmbə çəkilmiş stol, onun ətrafındakı dörd stul və əhənglə ağardılmış divarlar göründü. Hər şey, çarpayının üzərindəki nimdaş yorğan- döşək kimi köhnə, lakin təmiz idi. Qoca tələsmədən pencəyini çıxarıb qapının yanındakı taxta asılqana keçirdi. Balaca mətbəxə gedib əl-üzünü yuyaraq, ağ məhrəba ilə qurulandı. Sonra taxçaya qoyulmuş bir banka qatığı götürdü (bu qatığı hər gün qonşudakı satıcı arvad gətirib binaya qoyardı), oturub dünəndən qalmış boyat çörəklə yedi.

...Qoca otağa qayıdıb balaca radioqəbuledicini qurdu və qəlyanını doldurub alışdırdı, oturub son xəbərlərə qulaq asdı.

Sonra diktor Xanın “Segah” oxuyacağını elan etdi. Vaxtilə o, Xana qulaq asmağı heç bir şeyə dəyişməzdi. Ancaq indi radionu bağladı. Oğlu Cahangir müharibədə həlak olandan sonra qoca “Segah”a qulaq asa bilmirdi. Ona görə yox ki, əsəbləri zəif idi... Ona görə ki, qocanın qəlbində əlavə kədərə yer yox idi.

...O, radionu söndürdü. Daha nə qalırdı? Heç bir şey... Əvvəllər oğlan tez-tez gecələr onunla söhbətə gələrdi. İndi on gündür... Düz on gündür ki, daha gəlmir. Qoca da səbəbini soruşmur. Cavan adamdan belə şeyləri soruşmaq olarmı?

...O soyunub işığı söndürdü, arxası üstə çarpayısına uzandı. Gözləri xeyli müddət otağın zülmətinə zillənib qaldı. Elə bil ki, bu zülmət bir əbədiyyət idi və o, bu əbədiyyətə qovuşmuşdu. Lakin onun şüuru işləyirdi. Bu şüur isə işıq və ümidlər silsiləsindən ibarət idi. Qoca düşünürdü: “Oğlan səhər damın tamam qırlanıb qurtardığını görəndə, yəqin ki, təəccüb edəcək.”

Sonra onlar qonşudakı evlərin damlarını qırlayacaqlar. Üç gün bundan qabaq ev sahibləri ilə danışıq aparıblar. Hələ indiyə qədər heç kəs onun işindən narazı qalmamışdır. Buna görə də ona hörmət edirlər. Onun üçün növbəyə dururlar. Usta Qara da beleydi. İndi isə... O, cavan şagirdi haqqında düşündü və qır qazanını qüvvətlə, neşe ile qarışdıran oğlanın qədd-qaməti gözləri qarşısında olduğu halda yuxuya getdi.

...Səhərisi onlar ikinci evin damını qırlayırdılar. Yenə də qoca yuxarıda, oğlan aşağıda işləyirdi. Günün axırında oğlanın yanında ortaboylu, lap cavan bir qız peyda oldu. Əynində əhəngə bulaşmış kombinezon var idi. Bədəni dolu olduğundan, kombinezonun şalvarı ona dar gəlirdi.

Son dəbdə kəsilmiş saçlarının üstündən (yəqin ki, işdə mane olmasın deyə) qırmızı lent bağlamışdı. Üzünü təzəcə yumuş olduğundan saçlarının qabaqdakı qıvrımları hələ yaş idi. O, əlləri arxasında dayanıb, vedrəyə qır dolduran oğlana baxırdı.

Qoca əvvəl elə güman etdi ki, bu qız elə-belə yoldan keçəndir. Lakin sonra gördü ki, oğlan çevrilib ona nə isə dedi və qız gözəl, ağ dişlərini göstərib gülümsədi.

Qoca daha baxmadı... Damı qırlayıb qurtarandan sonra tələsmədən düşüb onların yanına gəldi. Oğlan qızı göstərərək:

- Usta, tanış ol, - dedi.

Qız qocaya yaxınlaşdı, altdan-yuxarı ona baxıb əlini uzatdı. Qoca onun balaca, təmiz əlini əzəcəyindən qorxurmuş kimi astaca sıxdı. Qız gülüm­səyərək adını dedi.

Qoca qəlyanını çıxardıb odluğunu təmizləyə-təmizləyə qızdan soruşdu:

- Harada işləyirsən?

- Təzə tikilən kinostudiya binasında, - deyə oğlan qızın əvəzində cavab verdi, - elə işdən birbaşa bura gəlib.

Qız isə yenə əlləri arxasında qocaya baxaraq biaram gülümsəyir və sanki onun daha nə deyəcəyəni gözləyirdi.

Lakin qoca daha heç nə soruşmadı. Oğlan pencəyini götürərək:

- Yaxşı, usta, - dedi, - tay bir işin yoxdursa, biz gedək.

Oğlan tərəddüd içində ona daha nə isə demək istədi, lakin heç nə deməyərək, geri dönüb qızla birlikdə getdi.

- Rəşid! - deyə qoca arxadan səsləndi və oğlan geri çevrildikdə, əli ilə yaxınlaşmasını işarə elədi.

Qoca cibindən bir üçlük çıxarıb xəlvətcə oğlana verdi.

Oğlan qara gözləri ilə gülümsəyərək soruşdu:

- Bəyəm almısan?

- Yox, hələ almamışam.

- Sağ ol.

Oğlan çevrilib yüyürərək qıza çatdı.

Bundan sonra hər gün işin axırında, saçlarına qırmızı lent bağlamış o qız gəlir və oğlanla gedirdi... Qoca, oğlandan heç nə soruşmurdu. “Lazım olanda özü danışacaq.”

... Lakin bu qız peyda olandan bəri qoca tamam bir xəyal aləminə dalmışdı. O, demək olar ki, hər gün şagirdinə necə toy edəcəyi, sonra əgər oğlanları olarsa, ona usta Qaranın adım qoyacağı barədə düşünürdü. Hər gün, bu gələcək gənc ailə bütün aydınlığı ilə qocanın gözləri qarşısında canlanırdı. O, bu məhəllədəki evlərin qırını təzələyəndən sonra nə qədər pulları olacağını dəfələrlə haqq-hesab edir, toy üçün alacağı şeyləri bir-bir gözünün qabağına gətirirdi.

Oğlanın xəbəri olmadan qoca təmir idarəsindən əlavə sifarişlər qəbul edirdi... Lakin bir istirahət günü onun heç gözləmədiyi bir əhvalat oldu.

Qoca hamamdan yenicə gəlib özünə çay dəmləyirdi. Elə bu zaman qapı yavaşca vuruldu. Qoca səsindən bildi ki, oğlandır.

Lakin oğlan bu dəfə tək deyildi. O, qızla gəlmişdi. Saçlarına qırmızı lent bağlayan həmin qızla! Uzun illərdən bəri birinci dəfə olaraq qoca yaman sevindi.

- Əyləşin. Xoş gəlmisiniz. - O, qıza müraciət elədi və təmiz hava gəl­sin deyə, tələsik otağın yeganə pəncərəsini taybatay açdı.

Oğlan da, qız da təzə paltar geymişdilər. Oğlan ağ köynəyin üstündən mavi qalstuk bağlamışdı. Qızın qolunda balaca qızıl saat var idi.

Birdən qoca hiss elədi ki, oğlan əvvəlki kimi qayğısız və sərbəst deyil. Günahkar adamlara oxşayır.

Qocanın sevincinə anlaşılmaz bir qorxu qarışdı.

- Bu gün yaxşı havadır, - deyə o gülümsədi.

Oğlan diqqətlə qocaya baxdı. O heç vaxt ustadan bu cür mənasız sözlər eşitməmişdi. Heç vaxt onun belə gülümsədiyini görməmişdi.

Sonra qoca tələsik mətbəxə keçib qədim, güllü podnosun içində üç stəkan çay gətirdi.

Oğlan:

- Niyə zəhmət çəkirsən, ay usta, - dedi. - Qız gətirərdi,

- Zəhmət... nə zəhməti var, - qoca eyni təbəssümlə cavab verdi. Sonra nəzərlərini oğlanın diqqətli baxışlarından yayındıraraq əlavə

etdi:

- Siz oturun, mən bu saat gəlirəm.

Oğlan onun qolundan yapışaraq:

- Usta, - dedi, - biz çörək yemişik. Heç bir şey lazım deyil. Sən ac deyilsən ki?

Qoca eyni mülayim və çəkingən ifadə ilə “yox” mənasında başını tər­pətdi.

- Onda əyləş.

Birlikdə işlədikləri bu üç ildə oğlan birinci dəfəydi ki, onun bu cür ürkək, bu cür narahat oturduğunu görürdü.

- İçin, - deyə qoca stəkanlara baxdı. - Çay isti yaxşıdır.

- Birinci dəfəydi ki, oğlan onun səsində bu qədər mehribanlıq, nəvaziş hiss edirdi və bu hiss onun ürəyini ağrıdırdı.

Oğlan kəskin hərəkətlə balaca armudu stəkanı götürüb üç-dörd qur­tuma boşaldaraq, təkrar nəlbəkiyə qoydu. Qoca əlini cəld stəkana uzatdı. Oğlan onun əlindən tutaraq:

- Tay içmirəm, - dedi.

Qoca oğlana ani bir nəzər saldı:

- Bu səhər, - dedi, - İçərişəhərdən yenə iki nəfər gəlmişdi. Dedim işimiz çoxdur. Ayın on beşindən sonra...

Qız oğlana baxdı. Oğlan qaşqabaqlı halda nəzərlərini endirdi. Araya gərgin bir sükut çökdü. İndi qocanın təbəssümü daha narahat görünürdü.

Birdən oğlan başını qaldırıb düz onun gözlərinə baxaraq qəti və sərt ifadə ilə:

- Usta, - dedi, - mən tay sabahdan gəlməyəcəyəm.

Usta batqın səslə soruşdu:

- Hara gəlməyəcəksən?

- Qır salmağa.

- Niyə?

- Oxumağa gedirəm.

- Hara gedirsən?

- Oxumağa. Yol texnikumuna.

- Çətin olmaz?

Oğlan onun nəyə işarə elədiyini anladı:

- Birtəhər dolanarıq, - dedi.

- Mən işləyəcəyəm, o oxuyacaq, - deyə saçlarına qırmızı lent bağlayan həmin qız amansızcasına əlavə etdi. - Bilirsinizmi, usta, tay qırçılığın dövrü keçib. Görürsünüz ki, indi təzə tikilən evlərin üstünə qır basmırlar.

Qoca düşündü: “Bəli... doğrudur... Təzə evlərin damına qır basmırlar.”

Qız eyni amansızlıqla davam edirdi:

- Sizə baxmayın. Rəşid çox cavandır. O, gələcək haqqında düşün­məlidir.

Qoca düşünürdü: “Elədir... Əlbəttə...”

- Doğrusu, Rəşid heç sizdən ayrılmaq istəmirdi. Ancaq...

Qız cümləsini bitirmədi. Buna ehtiyac da yox idi.

O, saçlarına qırmızı lent bağlamış həmin qıza baxaraq mehribanlıqla gülümsədi. Qız ona həddindən artıq balaca və həddindən artıq güclü görünürdü. Oğlan eyni sərt ifadə ilə gözlərini bir nöqtəyə zilləmişdi.

Qız çayını arxayınlıqla içib qurtarandan sonra özünün və oğlanın stəkanını götürüb (qoca çayını içməmişdi) mətbəxə apardı, tərtəmiz yuyub taxçaya qoydu və o geri qayıdanda oğlan dərindən nəfəs alaraq qalxdı, qoca da durdu.

Oğlan ona baxıb dedi:

- Tay biz gedək.

- Sağ ol.

- Siz də sağ olun.

Onlar qapıdan çıxarkən, birdən qız geri dönüb qocaya yaxınlaşdı və onun qollarından tutaraq, ayaqlarının ucunda qalxıb cod saqqallı üzündən öpdü. Sonra bahar küləyitək otaqdan çıxdı.

... Qoca bir neçə saniyə durduğu yerdə dayandı. Otağın yarıqaranlığı içində o, çox sakit və qədd-qamətli görünürdü. Qoca birdən sanki nəyi isə xatırlayaraq, başını qaldırıb pəncərədən bayıra baxdı. Onlar çoxdan getmiş­dilər.

Qoca tələsmədən qəlyanını çıxarıb doldurdu, odladı. Onun üzündə bayaqkı mehribanlıqdan əsər-əlamət yox idi. Kepkasını götürüb başına qoydu, otaqdan çıxdı.

O, ağır addımlarla gedirdi.

O, həmişə istirahət günləri qırçıların yığıldığı bağa tərəf gedirdi.

Yaz günəşi gömgöy səmanın sonsuzluğu içində yüksəlir, aşağılarda isə akademiya binasının zər naxışlan qızıl kimi parıldayırdı. O, sabah qırlayacağı damlar haqqında düşünərək gedirdi.

O, həyatın - böyük və qüdrətli həyatın qanununu hiss edərək ağır addımlarla gedirdi.