Mirbəhram Əzimbəyli - Özüm kimi

Özüm kimi

 

Mən özüm kimi olmaq istədim, qoymadılar.

Yerişimə, baxışıma, gözümə,

sözümə söz dedilər tanımadığım qohumlarım, dostlarım.

Keçmədiyim yollarda yaşlandırmaq istədilər məni.

Az qala Allah olub məni təzədən yaratmaq istədilər,

Anam olub doğmaq istədilər məni.

Bəyənmədilər, dəyişmək istədilər səsimi...

Milçək kimi vızıldadılar, ilan kimi fısıldadılar

Köhnəlmiş ruhları geyindirmək istədilər bədənimə.

Bildilər ki, sevirəm dənizi,

Dalğa olub boğmaq istədilər məni.

Gördülər əllərimin arasında əllərini,

Gördülər o dünya boyda gəlinliyini,

Gördülər bu dünya boyda kəfənimi,

Yandırdılar bizi məhəbbətimizin atəşində.

Külümüzdən alovlandıq, günəş olduq, ay olduq,

Ruhumuza, bədənimizə tay olduq,

Bax bu misralarda üzən çay olduq.

 

Lənət

 

Eminönündə idim

Suların arxasında

Minarədə yenə həmin ağrı

Səni arzuladım

İstanbulu içdim

Boğazımda qaldın

Bütün yazıq ilanların şərəfinə idi

Kız kulesinde ürəyimə sancılanlar

İndi hansı körpü birləşdirər bizi

Metronu da gözləmə

Soruşdum, bu il açılmaz.

Bitdi, bitdi, bitdi...

Elə Laləlidə, həmin otel otağında

Rusça danışırdılar qonşu qadınlar

Üşüdüm, çox üşüdüm yayın ortasında

Ümidim?

O, bir göyərçin

"Uçduğun" təyyarənin motorunda

Paramparça!

Ağlamadım, bağışla

Hə, erkəklər ağlamaz (!)

Yox, söyüş də söymürəm daha

Bilirsən, lənətdir oxuduqlarım,

Məsələn, elə bu: "Səni sevmirəm"

 

Anama şeir

 

Kəndirdən sallanan qadın cəsədi,

Anamın ipdən asdığı paltarlara düşən qar dənəcikləri!

Bu mart günündə dişlərini qıcayan ac qurd kimi ölüm gəzir aramızda...

Ana, əllərini ver, gözlərinə basdır gözlərimi! 

Saçların dünyanın ən gözəl çiçəkləridir qəbrimə qoyulan!

İndi bu dəqiqə heç kimi, heç nəyi istəmirəm!

Bir nağıl danış, üşüyürəm!

Deyirlər, adamlar öləndə üşüyür,

Qorxuram...

Başımı sıx sinənə, torpaq kimi ört məni

Ana, ver əllərini...

Gördüm, qorxdum ilk dəfə ölümdən!

Ölmək - bir səs kimi, söz kimi gözəldir

Amma ən pis ölüm ana kimi ölməkdir!

Bilirəm, analar yaşatmaq üçün yaranıb

Ölən uşaqlığımın xatirəsini yaşat

Ən sevdiyin ölünün xatirinə!

Günah

Dua etmək istərəm, əl açmağa gücüm yox.

Yalvarmağa sözüm, göyə baxmağa üzüm yox.

Qopardım qaranlıqda salxımı, işıqda baxdım üstündə üzüm yox.

Neyləyim ki, mən günaha girməyim, günah mənim cibimdədir

Mən cibimdə yaşayıram, günahımın qucağında

Dəyişibdir artıq dövran

Sevməyə mələk qalmadı, söyməyə şeytan

Mələyi də, şeytanı da udubdu insan.

Günah edirəm, bəlkə, savab bacarmıram

Bəlkə, yüküm ağır olmasın deyə o dünyaya savab aparmıram.