İsgəndər Palanın essesi

İsgəndər PALA

(Türkiyə)

 

 

Şirin dil, acı dil

 

Ərəblərdə "selametül-insan fil-hıfzıl-lisan (insanın sala­matlığı dilini saxlamaqdadır)" kimi bir məsəl var. Türk­cədə "Dilini saxlayan, başını saxlayar" deyirlər. Qanuninin (Mühibbi) – "İstər isən kim pərişan olmayasın aqibət” (Böh­tan demə kimsənin haqqında sən süsən kimi) – buyuraraq, sünbül təki ətrafındakılara böhtan atanların axırda pərişan olacağını deməsi də bu səbəbdəndir.

Bir də, bunun əksini qeyd edək. Sözlük­lərimizdə "şirin dil ilanı yuvasından çıxarar" kimi atalar sözü var. Deməli, dilimiz həm şirin, həm də acıdır. Qədimdə qələmlərin ucu ikiyə haçalandığına görə onların "qoşadilli" adlandırılması da bu səbəbdəndir. Çünki eyni qələmlə həm yaxşını, həm də pisi, həm yararlını, həm də zərərlini yazmaq mümkündür.

Dil dostluqların da, düşmənliklərin də başlanğıcıdır. Yəni dil yaxşı da, pis də ola bilər. Bu söhbəti uşaqlıq çağlarımda atamdan (Allah rəhmət elə­sin) eşitmişdim:

Deməli, varlı, elmli və nəzakətli əfəndilərdən bi­ri dostlarını evinə qonaq çağırır. Niyyəti zəngin süfrə qurub, zəngin söh­bətlər eləmək olur. Xidmətçisinə tapşırır:

– Bazara get, dünyanın ən şirin nemətlə­rindən qonaqlarıma gözəl bir süfrə hazırlat.

Xidmətçi qapıdan çıxır, amma bazar əvəzinə, qəssabın yanına gedir. Bütün qonaq­lar üçün bəs eləyəcək qədər dil alıb aşpazlara əmr­lər yağdırır. Axşam qonaqlar iştahla süfrənin ətrafında otururlar. Əvvəlcə dil şorbası gəlir. Gözəl!.. Arxasınca dil xaşlaması. Əla!.. Son­ra dil bozartması. Olmadı!.. Arada isti yemək məqsədilə dil qızartması verilir... Bu vaxt qo­naqların arasında mızıltı başlanır. Gözlə­yirlər ki, yağlı yemək, plov, paxlava və şirniyyatlar gələcək. Olmur!.. Ardınca qarşılarına dil külləməsi qo­yulur. Ev sahibi artıq dözmür, xidmətçisini çağırtdırıb qəzəbini şillə kimi üzünə çırpır:

– Mən sənə demədimmi, bazardan ən ləz­zətli təamlar al?

– Bəli, ağam, mən sizin əmrinizi yerinə yetirdim. Dünyada dildən daha yaxşı və şirin nə ola bilər? Mərifət və elmin açarı, xoşbəxtlik və səadətin başlan­ğıcı o deyilmi? Könüllər onunla şən, biliklər onunla rövşən olmurmu? Anlaşılmazlıqları çözən də odur, ədaləti bərqərar edən də!.. O qədər müqəddəsdir ki, ibadətlər onunla edilir...

Ağa cavab verə bilmir, am­ma yenə də qonaqlarının yanında özünü sındırmayıb qışqırır:

– Çox yaxşı, bir halda ki, dediyin kimidir, onda sabah bazara gedib bu dəfə bizə ən pis yeməklərdən süfrə hazırlat.

Xidmətçi ertəsi gün yenə qəssabın ya­nına gedir, yenə eyni yeməkləri hazırla­dır. Süfrə ətrafında oturanlar eyni sırayla yeməyə başlayırlar: dil şorbası, dil xaşlaması, dil bozartması... Əlbəttə, yenə eyni sorğu-sual olur. Xidmətçi bu dəfə də ibrətamiz ca­vab verir:

– Ağa, əmin olun, əmrinizi olduğu kimi yerinə yetirmək üçün bu yeməkləri hazır­latdım. Ən pis yeməklərdən istəmişdiniz. Siz Allah, dünyada dildən daha pis nə ola bilər?!. Məgər bütün pisliklərin, bütün bəlaların, bütün dava-dalaşların səbəbi dil deyil­mi? Kim yalanın və iftiranın gözəl olduğunu deyə bilər? Kim, riya və yaltaqlığın fayda­sından bəhs eləyə bilər?!. Bü­tün bu pislikləri dil eləyirsə, hansı yemək ondan da­ha pis ola bilər?!.

Müsafirlər hamısı həmin gün süf­rədən razı halda qalxdılar. Çünki xidmətçinin sözlərindən feyziyab olmuşdular.

Bu əhvalatı universitet illərində Ahmet Midhət Əfəndinin "Qissədən hissə" adlı kitabında da oxudum. "Qissədən hissə"də Ezop rəvayətlərinin tərcüməsi verilmişdi və bu əhvalat Ezopla ağası Xantos arasında olmuşdu. Miladdan 500 il əvvəl Kütahya ətrafında yaşayan Ezop, əslində, köləymiş. İşıqlı zəka gözəlliyinə malik olan başı, təəssüf ki, iri və yöndəmsiz, dili pəltək imiş. Xantos onu zəkasına görə almışdı, amma sifətinə baxanlar diksindiklərindən onu təsərrüfatında işlədir, arada qonaqları gələndə fikirlərini eşitmək üçün evinə çağırtdırırmış. Rəhmətlik atam Ezopun adını belə bilmirdi, ancaq yaşadığı torpaqlarda sözə həmişə böyük dəyər verilib. İnsanlar, nəsillər dəyişsə də, sözə olan bu münasibət dəyişməyib.

 

Uyğunlaşdırdı: Nəriman Əbdülrəhmanlı